PDF Oxu

Siyasət

  • 2 489

İRAN: nə üçün məhz Zəfərdən sonra?.. TƏHLİL

İRAN: nə üçün məhz Zəfərdən sonra?.. TƏHLİL

İran İslam Respublikasının hakim dairəsi olan molla rejimi tarixin bütün dövrlərində Azərbaycana qarşı heç də birmənalı fikirdə olmayıb. Bunun da elə tarixi səbəbləri var. İranda milyonlarla azərbaycanlının yaşaması, onların hər an azadlıq mübarizəsinə qalxması qorxusu, zamanında bir dövlətin iki hissəyə bölünməsi məsələsinə qayıtması, bununla bağlı tələbləri Azərbaycanın tarixi torpaqlarında köklənmiş molla rejiminin daim qorxusu, təşvişi, həyəcanı olub. Bu səbəblərdən də o tayda yaşayan azərbaycanlıların zaman-zaman öz dillərində danışmaq, təhsil almaq və digər sosial hüquqlarını məhdudlaşdırmaqla onları elə qorxulu bir rejimin vətəndaşına çevirməyə çalışıblar ki, səsləri çıxmasın, başlarını qaldırmasınlar. Lakin molla rejimi unudub ki, onlar azərbaycanlıdırlar, damarlarından azəri qanı axır və istənilən vaxt bu qan coşub o insanları azadlıqları, hüquqları uğrunda mücadiləyə səsləyə bilər.

İran İslam Respublikasının son dövrlər Azərbaycana qarşı münasibəti göz qarşısındadır. Bütün bu hadisələrin fonunda İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanat qəbul etməsi həddini aşmaq, siyasi riyakarlıq libasını geyinib əsl sifətini nümayiş etdirməkdir. Tarixin bu bəyanataqədərki səhifələrini çevirib yaşananları gözdən keçirməklə İran molla rejiminin əsl sifətini bir daha görmək yerinə düşər.

Birinci Qarabağ Müharibəsindən İkinci Qarabağ Müharibəsinədək...

Azərbaycanın qonşularına bir nəzər salaq. Tale yazımız olan Ermənistan və İran. Əgər Ermənistan ərazilərimizə bir neçə yüzillik boyu göz dikib torpaqlarımız hesabına “böyük Ermənistan” yaratmaq xülyasında olubsa, İran isə Azərbaycanın həmişə dərdləri ilə baş-başa qalıb problemləri içərisində çalxalanmasını, başının öz dərd-sərinə qarışmasını arzulayıb və bunun reallaşması üçün daim çirkli siyasət yürüdüb. Belə ki, bütün tarixi faktlar təsdiq edir ki, hələ 1990-cı illərdə Birinci Qarabağ Müharibəsində də İran Ermənistanı silah-sursatla, ərzaqla, müxtəlif tələbat malları ilə təmin edirdi. Və bizimlə də üzdə çox səmimi münasibətdə idi. İqtisadi, sosial, mədəni və digər sahələrdə əlaqələrimiz kənardan o qədər normal təsir bağışlayırdı ki... Burada belə bir sual meydana çıxır. İran nə üçün belə edirdi? Bu sualın cavabı isə tariximizi hələ dərslikdən öyrənən məktəbliyə də gün kimi aydındır: Azərbaycanı öz dərd-səri ilə başını qarışdırıb cənubu ona unutdurmaq. Bu səbəbdən də İran molla rejimi daim ölkəmizə qarşı təcavüzkar siyasət yürüdən Ermənistanın yanında olub, onun sözünü deyib, əlindən gələn köməkliyi göstərib.

Birinci Qarabağ Müharibəsindən sonra Ermənistan ərazilərimizə nə qədər silah-sursat toplamışdırsa, beton lövhələr yığmışdırsa, hamısı İranla birgə əməyin nəticələri idi.

Həmçinin də İkinci Qarabağ Müharibəsində-44 günlük müharibə dövründə İran tərəfdən dəfələrlə Ermənistana yardım aparan silah-sursatla, ərzaqla dolu maşın karvanı tutulmadımı? Sonradan ayılan dünyanın bir çox ölkələri müharibəyə öz münasibətlərini bildirəndə, şəhidlərimiz üçün başsağlığı verəndə İran onların arasında əvvəlcə yox idi, sonradan isə ən sonuncu oldu. Bu da, təbii ki, varlığını candərdi göstərmək üçün idi.

Qarabağda müsəlmanların evləri qarət olunanda İran harada idi ?..

1990-1993-cı illərdə ölkəmizdə hakimiyyətdə olan siyasi fiqurların səriştəsizlik və satqınlıqları nəticəsində torpaqlarımız Ermənistan tərəfindən işğal olundu. Bu işğal dövründə İran İslam Respublikası bir dəfə Ermənistanı etdiyi hərəkətlərə görə ittiham etdimi? Gecə ilə əzəli ata-baba yurdlarından silah gücü ilə çıxarılan müsəlman azərbaycanlıların başına açılan bu müdhiş hadisə üçün Ermənistana “dur” dedimi? Minlərlə soydaşımızın evləri qarət olunanda, daşınanda, qapı-pəncərəsi, dam örtüyü çıxarılıb İrana satılanda molla rejimi bu insanların onların din qardaşları olduğunu xatırladımı? Onların vəziyyətinə reaksiya verdimi? Əksinə, ürəklərində böyük bir təntənə yaşadılar, bayram etdilər. Bu münaqişənin uzanmasını arzuladılar. “Hə, artıq cənub tərəfi Azərbaycan illərlə yada sala bilməz”,- dedilər? Bəli, belə də etdilər. Çünki o fikirlərdə olmasaydılar, müsəlmançılıq xətrinə minlərlə insanın dərdinə şərik olardılar. Ermənistana silah verə bildikləri kimi, Azərbaycanın da yanında ola bilərdilər. Onlardan heç kim torpaq istəmirdi. Sadəcə o taydakı azərbaycanlıların xoşbəxt yaşamasını arzulayırdıq.

İranla dostluq əlaqələrimiz vardı. 30 ildə etdikləri bütün hərəkətləri, siyasi gedişləri bilə-bilə münasibətləri davam etdirirdik. Çünki biz qonşuluqda əsilzadəliyimizi təsdiq etmiş bir xalqıq. Hər dəfə etdikləri hərəkətlər İrana xatırladılırdı, bəlkə bir gün səhvlərini başa düşmələri üçün vaxt verilirdi. Lakin İran molla rejimi üzdə bir, arxada bir planı ilə davam edirdi. Düşünürdü ki, bilinməyəcək, lakin təxmin etmirdi ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının bilmədiyi məsələ yoxdur.

Beləliklə, bir-birindən doğan onlarla sual çıxır meydana.

Bəs məscidlərimiz təhqir olunanda İslam ölkəsi nə düşünürdü?

Yaxşı, Qarabağda qarət edildikdən sonra sökülən, yandırılan müsəlman evlərinə İranın reaksiya vermədiyini bir kənara qoyaq. Düşünəndə ki, molla rejimi öz ölkəsində yaşayan müsəlmanlara hansı əzabları verir, onların sosial hüquqlarını ayaqlar altına alır, dar ağaclarında günahsız insanların həyatını nöqtələyir, insanlar öz ana dillərində təhsil ala bilmirlər, İranın sadəcə bir qonşu kimi bizim soydaşlarımızın başına gətirilən oyunlara reaksiyasız qalması aydın məsələdir. Bəs məscidlər, Allahın evi sayılan, müsəlmanın yaradanına ibadət etdiyi müqəddəs məscidlərin təhqir olunmasına necə, İran reaksiyasız qala bilərdimi? Bu sükut İslam aləminə, müsəlman dininin qanunlarına qarşı sayğısızlıq deyildimi?

Ermənilər məscidlərimizi dağıdıb, müqəddəs ocaqlara İslamda haram buyurulmuş heyvanları bağlayanda İran bir İslam ölkəsi kimi susa bilməzdi. Bu, ən azından günah idi. Lakin İran susurdu. Sanki bu hadisələri nə qulaqları eşidirdi, nə də gözləri görürdü. Hansı ki, işğal dövründə bizdən fərli olaraq onlar gedib görə bilirdilər. Bəs buna nə ad vermək olar?

İndi fələstinliləri düşünən olublar. Lakin azərbaycanlılar əsla yada düşmürdü. Sual olunur, nə üçün sənə bu qədər yaxın olan müsəlman qardaşın yox, Fələstin? Məsələ yenə də gün kimi aydındır: Azərbaycan məsələsi. O tay-bu tay məsələsi. Bütöv Azərbaycan məsələsi... Ürəklərində ölçüb-biçdikləri min bir don...

İran unutmasın ki, fələstinlilərin öz dillərində təhsil almaq hüququndan ta azad ibadət etmək haqlarına qədər bütün hüquqları tanınır. Lakin İranda öz hüquqlarını tələb edən müsəlmanlar bir gecənin qurbanına çevrilirlər. Dar ağaclarında təhqir olunurlar. Azərbaycanlılar yaşayan bölgədə zəlzələ baş verir, insanlar min bir əziyyətlə üz-üzə qalırlar, molla rejimi onlarla maraqlanmır, hələ üstəlik yardım etmək istəyənlərə da mane olur.

30 ildə Ermənistan-Azərbaycan münasibətlərini qızışdıran, azərbaycanlıların əzab-əziyyətinə göz yuman, dini abidələrə edilən təhqirlərə bir müsəlman kimi göz yuman, bu hadisələrin fonunda Qafanda konsulluq açan İranın Azərbaycanın İsraildə səfirlik açmasını müzakirə etməyə haqqı yoxdur. Bu gün guya fələstinlilərin halına yanan İran bir bizim onlara qarşı münasibətimizə baxsın, bir də özünün. Onda özünü yaxşı görə və tanıya bilər bəlkə...

Qarabağ Zəfəri ilə uduzan Ermənistanı İran ağladı

44 günlük Vətən müharibəsi dövlətimizin başçısı, Ali Baş Komandanın rəhbərliyi və Milli Ordumuzun gücü ilə Böyük Zəfərlə nəticələndi. Azərbaycan 30 ilin sonunda tarixin 200 illik axarını dəyişdi, işğaldan torpaq azad etdi. Buna sevinənlər də oldu, kədərlənənlər isə daha çox oldu. Onlardan biri də İran molla rejimi idi ki, Ermənistanın halını ağlayanlardan oldu. Yenə də sual çıxır meydan: İran Ermənistanın halını ağlayırdı, yoxsa öz halını? Maraqlıdır, qonşuluqda əsrlərdir, birgə yaşamışıq. Heç bir vaxt Azərbaycan tərəfdən hörmətsizlik, sayğısızlıq görməyən, daim dost münasibətlərə dəvət olunan İran nə üçün Zəfərdən sonra bu qədər hiddətlənmişdi? Çünki Azərbaycanın üstünlüyünü həzm edə bilmirdi. Bunun arxasınca nələrin gələcəyi onu qorxudurdu. Elə məhz buna görə də yenə rəzil planlarını həyata keçirməyə başladı.

Bu planlardan birini 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında İrandan olan jurnalistin Vətən müharibəsində terrorçu qruplaşmalarının iştirakı iddiası ilə bağlı sualında gördük. Prezident İlham Əliyev bu suala sərt reaksiya verdi: “Siz bunu sual formasında verə biləsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakıyıla bağlı elə hesabatlar məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu sadəcə olaraq Azərbaycanı ittiham etməkdir. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız. Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.

Daha sonra Bakıda keçirilən təntənəli Zəfər paradında çıxış edən Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın “Arazı ayırdılar, qum ilə doyurdular, mən səndən ayrılmazdım, zülm ilə ayırdılar” misralarını söyləməsi ilə İran partladı və iç üzünü ortaya qoydu. Şeir parçasına Cavad Zərif özünün Twitter hesabında atmaca ilə cavab yazdı: “Ərdoğana deyilməyibmi ki, Bakıda səhv oxuduğu şeir Arazın şimal bölgələrinin öz doğma torpaqları olan İrandan zorla ayrılmasından bəhs edir! O Azərbaycan Respublikasının müstəqilliyinə qarşı danışdığını başa düşmədimi? Heç kim əziz Azərbaycanımız haqqında danışa bilməz”, - yazan İran Xarici işlər naziri əslində Güney Azərbaycana yönəlik misralardan qıcıqlandığını gizlədə bilmədi.

Ardınca İran molla rejiminin Zəngəzur dəhlizinin aşılması ilə bağlı narazılıqları ilə qarşıladıq. Ermənistanın sərsəm hakimiyyət nümayəndələrini qızışdırmalarını, onlara ağıl vermələrini, 10 noyabr Bəyannaməsinə əsasən ermənilərin vəzifələrini həyata keçirmələrinə maneçilik yaratdıqlarını müşahidə etdik. İran bu dəhliz üçün tərəfindən yol verilməyəcəyi fikrini də ürəyində saxlaya bilmədi. Bəli, bütün bunlar Böyük Zəfərdən sonra molla rejiminin kürkünə birə düşməsindən qaynaqlanmadımı?

Bunlar sadalaya biləcəklərimizin çox az bir qismidir. Bütün olanları gözdən keçirəndən sonra isə belə qənaətə gəlmək olur ki, Böyük Zəfərdən sonra İran əslində Ermənistanı yox, özünü ağlayırdı.

Lakin çox ümid edirik ki, İran Parlamentinin əsl dindar üzvləri çoxəsrlik dostluq əlaqələrimizin bir qrup molla tərəfindən yox edilməsinə göz yummayacaq, tezliklə onların riyakarlıqlarını üzlərinə çırpmaqla tarixi münasibətlərimizin və əlaqələrimizin məhv olmasına icazə verməyəcəklər.

Mətanət Məmmədova

Digər xəbərlər