Azərbaycanın bütün ərazisində olduğu kimi, Qarabağ bölgəsində də öz suveren hüquqlarını davamlı olaraq bərpa etməkdədir. 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlıları müvəqqəti olaraq yerləşdirilib. Ötən 2 il yarım müddətində bu ərazilərdə yaşayan ermənilərin hələ də inteqrasiya prosesinə qoşulmadıqlarını nəzərə alsaq burada Azərbaycan qanunlarının keçərli olmadığını söyləyə bilərik. Amma bu o demək deyil ki, vəziyyət bundan sonra da indiki şəkildə qalmaqda davam edəcək. Əsla, sadəcə Azərbaycan humanistlik və erməni şıltaqlığına dözüm nümayiş etdirir. Bu yanaşma, bu münasibət isə müddətsiz deyil. Azərbaycan dünya birliyi tərəfindən tanınmış ərazilərində konstitusion haqlarının bərpasını gələcəyə saxlamaq niyyətində deyil.
Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə gəlincə, onların yalnız bir seçimi var, o da Azərbaycan vətəndaşlığını qəbul etmək və yaşamaq. Azərbaycan vətəndaşlığını almağın, həm də Azərbaycanda yaşamağın başqa yolu yoxdur. Separatçılar isə 1988-ci ildən bəri dünyanın bir çox ölkəsindən müəyyən şirnikləndirici təkliflər sayəsində Qarabağda məskunlaşdırdıqları erməniləri burada girov olaraq saxlamaqdadırlar. Bu günlərdə separatçılar tərəfindən yayılan “fərman”da da bu barədə deyilir ki, onların yazılı icazəsi olmadan Qarabağı tərk etmək olmaz. Bunun bir adı var, o da insanları Qarabağda zorla, həm də girov kimi saxlamaq. Əslində separatçılar öz mövcudluqlarını davam etdirmək üçün bu yola əl atırlar. Hədə-qorxu, təhdid olmasa Qarabağ iki gün ərzində boşalar.
Qondarma rejimin “dövlət naziri” deyib ki, Qarabağdan Ermənistana getmək istəyənlərə bu heç də asan başa gəlməyəcək. Yəni, Rusiya sülhməramlı kontingentinə müraciət etməzdən əvvəl mərkəzin icazəsi alınmalı və bundan sonra Ermənistana getmək mümkün olacaq. Searatçılar Azərbaycanla əlaqə qurmağa çalışan hər kəsə qarşı repressiv alətlərdən istifadə edir. Hətta Qarabağdakı Rusiya Sülhməramlıları ilə Əməkdaşlıq Mərkəzinin rəhbəri, Azərbaycan hakimiyyəti ilə aparılan danışıqların daimi iştirakçısı Sergey Martirosyan istefaya göndərilib. Faktı Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yayıb. Onun istefasına səbəb qondarma rejimin “dövlət naziri” Qurgen Nersisyanla münasibətlərinin gərgin olması kimi göstərilsə də, əslində əsas səbəb Martirosyanın inteqrasiyaya meylli olmasıdır. Martirosyan separatçıların Bakı ilə danışıqlar qrupuna daxil olan 3 şəxsdən biridir. O, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Bakı ilə aparılan demək olar ki, bütün danışıqlarda iştirak edib. Bununla belə Martirosyanın qondarma rejimin “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Vitali Balasanyanla da sıx əlaqəsi olub. Məhz bu əlaqə sayəsində Balasanyan onun Bakı ilə aparılan bütün danışıqlarda iştirakına şərait yaradıb. Sülhməramlıların ilk komandanı Rüstəm Muradovla yaxın əlaqələri olan Martirosyanın oğlunun II Qarabağ müharibəsində itkin düşən hərbçilər siyahısında olduğu deyilir.
Ermənistanda isə Qarabağ, Laçın yolu, inteqrasiya, yaxınlaşma, uzlaşma, ərazi bütövlüyü, sülh danışıqları, sərhədlərin delimitasiya və demarkasiyası məsələlərinə yanaşma birmənalı deyil. Başqaları bir kənara, bu ölkənin birinci şəxsinin, baş nazirin menyüsündə yazılanlar aydın deyil. Gah sülhdən danışır, gah müharibədən, gah Qarabağın Azərbaycan ərazisi olduğunu deyir, gah da Qarabağda baş verənlərə müdaxilə edir, bir gün KTMT-yə, o biri gün Avropa İttifaqının müşahidəçilərinə “biət” edir. Qeyri-müəyyənlik, əslində, sülh prosesini ləngitməyə hesablanmış gedişdir. Təbii ki, burada uduzan tərəf də region ölkələri, xüsusən də məğlub Ermənistandır.
Nikol Paşinyan bildirib ki, Laçın yolundakı “blokada” ilə əlaqədar Qarabağda humanitar vəziyyət gərgin olmaqda davam edir. El məsəli var, deyir yalançını mənzilinə qədər qovarlar. Əgər gün ərzində 105 yük maşını bu yoldan sağa-sola şütüyürsə, on tonlarla yük daşınırsa, sərnişinlər Xankəndidən Laçın, Laçından isə Xankəndi istiqamətinə sərbəst olaraq hərəkət edə bilirsə, bunun harası “blokada” oldu? Paşinyanın çıxışına diqqət edək: “Qaz və elektrik enerjisi kəsilib. Bir gün əvvəl Gorusdan Xankəndinə gedən Qarabağın bir qrup erməni vətəndaşı evlərinə buraxılmadı. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) 22 fevral 2023-cü il tarixli qərarına əsasən Laçın yolu ilə hərəkəti tam bərpa etmək üçün bütün tədbirləri görməlidir”. Əvvəlcə Paşinyanın birinci cümləsinə aydınlıq gətirək. Azərbaycanın Qarabağ iqtisadi rayonu dünya birliyi tərəfində onun suveren ərazisi hesab edilir. Paşinyan bundan xəbərsizdirsə, həmin sənədlərə bir daha baxması, onlarla dərindən tanış olması gərəkdir. Belə olan halda Azərbaycanın ermənilər yaşayan ərazisinə kommunikasiya xəttləri niyə Ermənistandan çəkilməlidir? Hansı əsasla Paşinyan qaz və işıq xətlərinin kəsilməsini blokada adlandırır?
Baş nazirin ikinci cümləsində “Qarabağın erməni vətəndaşı” ifadəsi Paşinyanın separatçılardan fərqlənmədiyini sübut edən yüzlərlə faktdan biridir. Belə ki, Qarabağın vətəndaşı yox, sakini ola bilər. Ermənistan öz ərazisinə daxil olan birini müəyyən prosedurlara dəvət edirsə və bunu normal hal sayırsa, Azərbaycan da ərazisinə daxil olan hər kəsin kimliyini bilməli və buna uyğun da davranmalıdır. Amma Azərbaycan tərəfi hələ də bəzi məqamları nəzərə alıb Qarabağda yaşayan ermənilərə gömrük-keçid prosedurlarını tətbiq etmir. Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarını xatırlatmağa gəlincə, Azərbaycan ərazisində öncə öz qanunları işləyir, sonra isə beynəlxalq təşkilatların tövsiyyələri nəzərə alınır. BƏM-in qətnaməsi nə qədər ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmayıb, qüvvəyə minməyəcək. Azərbaycan ərazisi nəzarətsiz bölgə statusunu daşımır, bura Suriya deyil ki, hər ölkənin hərbi karvanı buranı ayaqaltı etsin.
Baş nazir bir az da irəli gedərək vurğulayıb ki, “bir gün əvvəl baş verən “insident” Beynəlxalq Məhkəmənin qərarının icra olunmadığını bir daha təsdiqləyir və Ermənistan bundan irəli gələn beynəlxalq diplomatik səyləri davam etdirməlidir”. Paşinyana xatırlatma, 1993-cü ildə Ermənistan Ordusu tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal olunanda BMT Təhlükəsizlik Şurası təxminən iki aylıq intervalla 4 qətnamə qəbul etdi. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərini tərk etməsi tələb edilirdi. İndiki baş nazirin sələfləri, Ermənistanın rəhbərləri niyə beynəlxalq təşkilatın qətnaməsini düz 27 il görməzdən gəldilər, qulaqardına vurdular? İndi Paşinyan hansı üzlə bizə BƏM-in qərarını xatırladır?
Paşinyanın şər-böhtan kampaniyasını Qarabağ separatçılarının “dövlət nazirinin müşaviri” Artak Beqlaryan da sözbəsöz təkrarlayıb. “Kor yabı” təxəllüslü Beqlaryan baş nazirin yalanlarının üstünə bir az da qoyub və hadisəyə bədii rəng verməyi də unutmayıb. Bildirib ki, guya “Azərbaycan hökumətinin agentləri 27 mülki vətəndaşın Ermənistandan Qarabağa hərəkətinin qarşısını alıblar. Əsasən qadınlar, qocalar və uşaqlardan ibarət mülki qrup ailələrinə qovuşmaq üçün Rusiya sülhməramlılarının iki maşını ilə Gorus şəhərindən yola düşüblər. Şuşa şəhəri yaxınlığındakı onların qarşısı alınıb. 5 saatdan çox Azərbaycan tərəfi ilə yolun açılması barədə danışıqlar aparılıb, amma nəticəsi olmayıb. Azərbaycanlılar avtomobillərdən birinə girərək insanları açıq şəkildə hədələyiblər, qorxudublar. Onlara deyiblər ki, ya Azərbaycan vətəndaşlığının qəbulu ya da geriyə qayıdın. 27 nəfərdən 23-ü gecə vaxtı Gorusa qayıdıb. Nəticədə 4 qadının səhhəti kəskin şəkildə pisləşib, onlardan 3-ü huşunu itirib. Sülhməramlılar təcili yardım çağıraraq (haradan çağırdıqlarını yazmır) qadınları rus və Azərbaycan avtomobilləri ilə Xankəndidəki tibb məntəqəsinə aparıblar”.
Hadisənin sonrakı gedişatı ilə də hər birimiz tanışıq. Amma “kor yabı” dediyimiz Beqlaryanın dedikləri ağ yalandır. Bu şəxs nə hadisə yerində olub, nə də olsa belə görmək imkanı olmayan birisidir, yəni kordur. Hələ, erməninin koru belə “maraqlı” əfsanə uydurursa, görəsən, görmə imkanı olanı hansı dastanlar yazardı?
Bu arada Laçın yolundakı aksiyanın tələbi də dəyişir: ermənilər yalnız Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra aksiyanın başa çatması məsələsi müzakirə olunacaq.
V.VƏLİYEV