Müasir Azərbaycan Respublikasının qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Azərbaycanda rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Azərbaycan dövləti öz müstəqilliyini bərpa edərkən, artıq Ermənistan ilə müharibə şəraitində idi. Tarix boyu ölkmizə qarşı ərazi iddiasında olan ermənilər onlara əl altından havadarlıq edən və Azərbaycanı parçalayaraq, onun müstəqilliyinə mane olmaq istəyən anti-Azərbaycan qüvvələrlə birlikdə torpaqlarımızın bir hissəsini işğal etmişdilər. O dövrlərdə ölkə rəhbərliyində olan səriştəsiz, qeyri-peşəkar şəxslər qətiyyətsizlik, idarəsizlik, naşılıq nümayiş etdirərək, öz sözünü deyə biləcək, peşəkar silahlı qüvvələri yarada bilmədilər.
Ümummilli lider Heydər Əliyev öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Ulu öndərin istər sovet dövründə Azərbaycana rəhbərliyi, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Tarixə nəzər salsaq hər iki rəhbərlik dövründə ümummilli lider Azərbaycanı inkişafının çox yüksək səviyyəsinə qaldıra bildi. Amma sovet dövründən fərqli olaraq, XX əsrin sonlarında ümummilli lider əvvəlcə müstəqil Azərbaycanı qurdu və sonra da onu inkişafının yüksək səviyyəsinə çatdırdı. Atəşkəsin elan edilməsindən sonra 1994-cü il mayın 12-də ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tez bir zamanda hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Dünya miqyasında çox az şəxsiyyət tapılar ki, Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun, xalqı və milləti tərəfindən belə uzun müddət etibara və etimada layiq görülsün, uzun müddət xalqının xoşbəxtliyi, firavanlığı, inkişafı və müstəqilliyi yolunda fədakarcasına fəaliyyət göstərsin, özündən sonra müstəqil dövlət kimi qiymətli bir miras qoyub getsin. Buna görədir ki, indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilmişdir, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanmışdır.
Ümummilli lider Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. Ulu öndər azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyirdi və çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına məhz ümummilli lider yardımçı olmuşdu və bunu özü də məmnunluqla xatırlayırdı. Ümummilli lider bildirirdi ki, o vaxt bir çox zabit və generalların irəli çəkilməsinə çalışmaqla Azərbaycanın bugünkü zabit kadrlarının əsasının qoyulmasını istəyirdi.
Ümummilli lider Heydər Əliyev hazırda hərbi lisey adlanan C.Naxçıvanski adına təhsil ocağının açılmasını belə xatırlayırdı: "Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşük və onlar indi öz nəticəsini verir. Xatirimdədir, 1970-ci ildə, 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm. Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri- adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovetlər İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur. Deməliyəm ki, o vaxt biz məktəbi yaradanda onun əleyhinə Moskvadan, Sovetlər İttifaqının mərkəzindən çox etirazlar edirdilər. Buraya bir neçə dəfə komissiyalar göndərdilər, yoxladılar, bunun qeyri-qanuni olması barədə qərarlar çıxardılar. Təkliflər verdilər ki, mənim bu qərarım Sovetlər İttifaqında mövcud olan qərarlara ziddir, uyğun deyil, onu ləğv etmək lazımdır. O vaxt mənə deyirdilər ki, Suvorov adına, Naximov adına məktəblər var, əgər siz gənclərinizi, uşaqlarınızı, hərbi təhsilə cəlb etmək istəyirsinizsə, bu məktəblərdən istifadə etmək olar, belə bir ixtisaslaşdırılmış hərbi məktəbin yaranması isə lazım deyil. Ancaq mən öz fikrimdən dönmədim. Heç bir təzyiq mənə güc gələ bilmədi. Mən tutduğum işi davam etdirdim. İxtisaslaşdırılmış bu hərbi məktəb - Azərbaycanın böyük sərkərdəsi, generalı Cəmşid Naxçıvanskinin adını daşıyan məktəb yaşadı, inkişaf etdi, kadrlar hazırladı".
Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini