Azərbaycanın son yarım əsrlik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Yüksək erudisiyaya, dərin zəkaya, müdrik uzaqgörənliyə və zəngin təcrübəyə malik olan Heydər Əliyev dühası bütövlükdə Azərbaycan iqtisadiyyatının, o cümlədən Azərbaycan sənayesinin inkişafında olduqca-böyük rol oynamışdır. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçiləndə respublikamız keçmiş SSRİ-də axırıncı yeri tuturdu. Heydər Əliyev ilk növbədə, iqtisadiyyatda yaranmış ağır vəziyyətin, onu doğuran səbəblərin sistemli təhlilini apardı, risklər edərək bir sıra təşkilati tədbirlər həyata keçirdi. İttifaq hökuməti qarşısında respublikanın gələcək iqtisadi həyatı ilə bağlı məsələlər qaldırdı və qısa vaxtda Sovet hökumətinin Azərbaycan Respublikasının inkişafına dair xüsusi qərarın qəbul edilməsinə nail oldu. Milli gəlir, sənaye, kənd təsərrüfatı məhsulları istehsalındakı gerilik aradan qaldırıldı, yeni keyfiyyətli inkişafın fundamental əsaslarının möhkəmləndirilməsi üçün xeyli iş görüldü. Ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən neft-qaz, neft-kimya, energetika, maşınqayırma, metallurgiya, yüngül və yeyinti sənayesinin və digər sahələrin inkişafına xüsusi diqqət ayırmışdır. Məhz həmin illərdən başlayaraq Azərbaycan sənayesinin yüksəlişi başladı. Yeni kimya müəssisələrinin yaradılması, mövcud istehsalatların müasirləşdirilməsi sahəsində işlər xeyli sürətlənmişdi. Həmin dövrdə sintetik kauçuk zavodunda yüksək təzyiqli polietilen, butil-kauçuk, butil-stirol lateksi qurğuları işə salınmışdı. Məhz yüksək markalı kauçuk istehsal edən sexin yenidən qurulması Bakı Şin Zavodunun yerli xammal ilə təchiz olunmasına imkan vermişdi. Əhalinin məişət tələblərini ödəmək üçün tikilən Sumqayıt yuyucu vasitələr zavodu (sonralar Məişət kimyası zavodu)istifadəyə verilmişdir. Sumqayıt superfosfat zavodunda aparılan yeniləşmələr, xaricdən gətirilən avadanlıqlar hesabına 1975-ci ildə yeni sexin istismara verilməsi sulfat turşusunun istehsal gücünü ildə 450.000 tona çatdırmağa imkan vermişdi. 1980-83-cü illərdə ölkənin kənd təsərrüfatının tələbatı nəzərə alınaraq burada dənəvər superfosfat gübrəsi istehsal edən yeni qurğu da işə salındı.
Neft sənayesinin innovasiyalar üçün münbit zəmin olduğunu yaxşı bilən Heydər Əliyev özünəməxsus böyük uzaqgörənlik nümayiş etdirərək, Ümumittifaq neft sənayesinin konseptual inkişaf perspektivlərini təmin edən bir çox təsisatları elmi-tədqiqat institutlarını, istehsalat birliklərini, mühüm strateji müəssisələri Bakıda cəmləşdirdi. Məlum olduğu kimi, 1970-ci ilə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr dənizin cəmi 40 metrədək dərinliyində işləməyə imkan verirdi. Xəzərin Azərbaycan sektorunda bu dərinliklərdə olan perspektiv strukturlar isə, demək olar ki, bütünlüklə kəşf olunmuşdu. Buna görə əvvəlcə dənizin 70 metr dərinliyində kəşfiyyat-axtarış işləri aparmağa imkan verən “Xəzər” tipli üzən qazma qurğuları alındı. Görülən tədbirlər tezliklə “Bahar” və “Bulla-dəniz” yataqlarının açılması ilə nəticələndi. Xalqımızın Ümummilli lideri az sonra qarşıya dənizin 200 metr və daha çox dərinliyində işləmək vəzifəsi qoydu və böyük siyasi qətiyyət, iradə bahasına bu məqsədinə də nail oldu. 1970-1980-ci illərdə “Şelf” tipli o dövr üçün ən müasir yarımdalma üzən qazma qurğularının respublikaya gətirilməsi dərinsulu sahələrdə zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaratdı. 80-ci illərdə bu qurğuların sayı artıq 11-ə çatmışdı. “Şelf” tipli qurğular Azərbaycana uzun müddət xidmət etdi və müstəqillik dövründə “Dədə Qorqud”, “İstiqlal” kimi daha modern qurğuların yaranması üçün təməl rolunu oynadı. Ulu öndər Heydər Əliyevin Azərbaycan neft sənayesinin müasirləşdirilməsi istiqamətində göstərdiyi xidmətlərdən danışarkən Dərin Dəniz Özülləri Zavodunun inşası xüsusi qeyd olunmalıdır. Bir-birinin ardınca kəşf olunan dəniz yataqlarında platformaların tikilməsi üçün nəzərdə tutulan və o dövrdə dünyada analoqu olmayan zavodun Bakıda yaradılmasına icazə alınması (əvvəlcə Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu), bu məqsədlə Sovet İttifaqının büdcəsindən böyük məbləğdə vəsaitin ayrılması, 1978-ci ildə əsası qoyulan sənaye nəhənginin 1984-cü ildə istismara verilməsi Heydər Əliyevin siyasi müdrikliyinin, onun təşəbbüskarlıq və prinsipiallığının nəticəsində mümkün olmuşdu. Təsadüfi deyil ki, Ulu öndərin adını ləyaqətlə daşıyan bu zavod indi də müstəqil dövlətimizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanda həyata keçirilən qlobal siqlətli enerji layihələrinin gerçəkləşməsində Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun rolu danılmazdır. Bu gün müstəqil Azərbaycanın neft emalı və neft kimyası kompleksində aparıcı yer tutan bütün dominant qurğular məhz həmin dövrdə inşa edilmişdir. 1976-cı ildə “ELOU-AVT-6”, 1980-ci ildə yüksək oktanlı benzin istehsal edən “Katalitik Riforminq”, 1986-cı ildə “Neftin kokslaşdırılması”, 1993-cü ildə “Katalitik krekinq” qurğuları tikilib istismara buraxıldı, 1981-ci ildə EP-300, 1982-ci ildə isə “Polimer-120” qurğusunun təməli qoyuldu. Beləliklə, ötən əsrin 70-80-ci illərində xalqımızın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə neft sənayesinin müasirləşdirilməsi istiqamətində atılan addımlar ümumilikdə respublika iqtisadiyyatının güclənməsi üçün möhkəm zəmin yaratmışdı.O dövrdə respublikamızın neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə ümumi neft və qaz hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı.Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış, sonradan isə beynəlxalq aləmdə yüksək qiymətləndirilmiş və haqlı olaraq “Əsrin Müqaviləsi” adını qazanmış bu saziş respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olunub və Heydər Əliyevin neft strategiyasının şanlı səhifəsinə çevrilib. Məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirib. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. “Əsrin Müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı.
Neft strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birlikdə hasil olunan neftin və qazın nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Neft strategiyasının həyata keçirilməsinin ilk illərində əvvəlcə Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri tikilərək, istismara verildi.“Əsrin Müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin Müqaviləsi” təşkil edir. Ulu Öndər Azərbaycanda Maşınqayırma sənayesinə də xüsusi diqqət yetirib.Əvvəllər neft maşınqayırması kimi təşəkkül tapmış maşınqayırma sahəsi 1970-1980-ci illərdə əsaslı inkişaf etdirilib və nəticədə bir sıra vacib istiqamətləri əhatə edən maşınqayırma sənayesi kompleksinə çevrilib. Yüksək əmək və elm tutumuna malik olan bu sənaye sahəsi vaxtilə özündə 160-a yaxın müəssisə və təşkilatı, 110 min nəfərdən çox fəhlə və mütəxəssisi birləşdirib, minlərlə çeşiddə məhsul istehsal etmək imkanına malik olub. Respublikanın ümumi sənaye istehsalının 1/5 hissəsi məhz bu sahənin payına düşüb. Bu sahənin inkişafı üçün Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda köhnə zavodlar müasirləşdi, və bir çox yeni zavodlar tikildi.Bunlardan “Bakı Kondinsionerləri” zavodu, ”AZELEKTROTERM” zavodu, ”Dərin Özüllər”zavodu, “ Gəncə Aliminium” zavodu, ”B.Sərdarov adına Polad Tökmə”zavodu, ”Gəncə Avtomobil”zavodu, ”Keşlə Maşınqayırma”zavodu, ”Sumqayıt Maşınqayırma” və sairləri. Maşınqayırma ağır sənaye kompleksi olaraq xalq təsərrüfatı üçün əmək alətləri, istehlak predmetləri və müdafiə xarakterli məhsullar istehsal edən bir sahədir. Maşınqayırma ümumilikdə xalq təsərrüfatının texniki təminat bazası olaraq, istehsalatda əmək məhsuldarlığını yüksəltməklə, insanların maddi rifahının yaxşılaşmasına və dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycan iqtisadiyyətinin ən vacib sahəsi olan elektroenergetika sənayesinin inkişafında da Heydər Əliyevin misilsiz xidmətləri var. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə başlanmışdır. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində İran-Azərbaycan "Araz" SES adı altında gücü 22 MVt olan stansiyanın inşası, 1972-ci ildə "2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi"nin gücünün 220 MVt-ya çatdırılması, 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyasının istifadəyə verilməsi məhz ümummilli liderin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Bu illərdə həmçinin gücü 380 MVt olan Şəmkir Su Elektrik Stansiyası istismara buraxılmışdır. Ötən əsrin 80-ci illərində və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət, kritik parametrdən də yüksək parametrlərdə işləmək imkanına malik "Azərbaycan" İES istismara buraxılmışdır. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. O illərdə 330 kV-luq Əli Bayramlı İES - Ağdam - Gəncə - Ağstafa, Əli Bayramlı - Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500 kV-luq 1-ci və 2-ci Abşeron, Muxranis - Vəli və digər elektrik verilişi xətləri, 330/110/20 kV-luq Yaşma, Gəncə, Ağstafa, 330/110/10 kV-luq İmişli, 500/330/220 kV-luq Abşeron, 220/110/10 kV-luq Hövsan, Nizami, Müşfiq, Səngəçal, Masallı, Ağsu, Babək və başqa qovşaq yarımstansiyaları istismara verildi. Bununla da elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu.
Ümummilli lider Heydər Əliyevin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir. Ölkə iqtisadiyyatının inkişaf sürətini nəzərə alan dövlət başçısı "Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı"nı təsdiq etmişdir. Ötən dövr ərzində dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın elektrik enerjisi sistemində generasiya gücünün artımı 2000 MVt-dan çox olmuşdur. Elektrik enerjisinin ötürülməsi sistemində isə ümumi gücü 2000 meqavoltamperə yaxın 500-dən artıq yeni transformator quraşdırılmış və ümumi uzunluğu 30 min kilometrdən artıq elektrik verilişi xətləri istifadəyə verilmişdir. Ümummilli Liderimizin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfındən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda sənayeləşmə templəri yüksəlmiş, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Cənab Prezidentin dediyi kimi: “Azərbaycan öz sənaye potensialını inkişaf etdirir və sənayeləşmə siyasətimiz uğurla davam etdirilir”.
Qeyd edək ki, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliliyi də sürətlə artır. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində ərzaq məhsulları, müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Azərbaycan sənayesinin elə bir sahəsi yoxdur ki,orda Heydər Əliyev imzası olmasın. Biz bu gün əldə etdiyimiz bu yüksək nailiyyətlərə görə Ona,o dahi şəxsiyyətə borcluyuq. Biz hər zaman Heydər Əliyev irsindən bəhrələnərək, müasir Azərbaycanın inkişafında, quruculuğunda öz zəhmətimizi əsirgəməyəcəyik.
Zahir Qəhrəmanov
YAP Şirvan təşkilatının sədri