Məlumdur ki, müstəqil Azərbaycan dövləti hazırkı gücə, qüdrətə, beynəlxalq aləmdə yüksək nüfuza asan yolla çatmayıb. Azərbaycan öz müstəqilliyini əldə etdiyi bir zamanda o dövrkü hakimiyyətin bacarıqsızlığı, səriştəsizliyi, xəyanəti nəticəsində müharibədəki uğursuzluqlarımız, torpaqlarımızın bir-bir işğal edilməsi, daxildə kürsü davası, vətəndaş müharibəsi təhlükəsi, ölkəmizi sanki siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Şükürlər olsun ki, ölkədəki bu durum 1993-cü ilə qədər davam etdi. Müdrük, uzaqgörən Azərbaycan xalqının arzu, istək və təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ölkədəki anarxiyanın, hərc-mərcliyin qarşısını aldı - ictimai-siyasi sabitlik təmin edildi, sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Təbii ki, Azərbaycanın düşmən təcavüzündən müdafiəsini təmin etmək, işğal edilmiş torpaqların qaytarılması üçün nizami ordunun formalaşması şərt idi. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğu, gənclərin hərbi peşələrə yiyələnməsi istiqamətində mühüm , əvəzsiz xidmətlər göstərmişdir. Hələ 1971-ci ildə Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması da Ulu öndərin ordu quruculuğu istiqamətindəki ən önəmli xidmətlərindəndir. Hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sənətinə marağın daha da artmasına təkan vermişdir. Ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə, böyük uğurlara nail olundu. Ümummilli lider yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı.Ulu öndərin əsasını qoyduğu ordu quruculuğu siyasətini də Prezident, Ali Baş Komandan İlham Əliyev zamanın tələblərinə uyğun olaraq uğurla davam və inkişaf etdirir. Danılmaz faktdır ki, ölkəmizdə ordu quruculuğu prosesi cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoyub.Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olmuşdur. Bu gün Azərbaycanın güclü ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur”.
Bəli, məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrildi. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr 2020- ci ildə başlanmış Vətən müharibəsində Azərbaycan Ordusu tarixi Zəfər qazanmışdı. 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun gücünün, qüdrətini düşmənə eləcə də onların havadarlarına nümayiş etdirdi.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri