Müasir dünyada hər bir dövlətin qüdrətini bir neçə amil müəyyənləşdirir. Onlar arasında iqtisadi yüksəliş və güclü ordu daha çox diqqəti cəlb edir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə etmişdir. Ona görə də artıq bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna sahib olması həqiqətini qəbul edir.Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib.Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. 1993- cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycana qayıdışı qardaş qırğınının qarşısını aldı. Həmçinin mərkəzi komandanlığa bir başa tabe olan ordu quruculuğuna start verildi. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışına qədər isə Qarabağda gedən döyüşlər zamanı çoxlu sayda gənc həyatını itirməklə yanaşı, rayonlarımız da işğal olunmuşdu. 1994- cü ildə mayın 12-də atəşkəs müqaviləsinin imzalanması ilə Azərbaycanın ordu quruculuğunda böyük islahatlar başladı. Ulu Öndər əsgərlərimizə ruh yüksəkliyi vermək məqsədilə şəxsən cəbhə bölgəsinə səfərlər etdi, onların şəraiti ilə yerindəcə maraqlandı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həllini tapdı. Dövlətçiliyi və hərbi andı hər şeydən üstün tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi. Ulu Öndərin 1998-ci il may ayının 22-də imzaladığı fərmanla “26 iyun Silahlı Qüvvələr Günü” təsis edildi və hər il iyun ayının 26-sı Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev ordu quruculuğuna böyük diqqət və qayğı göstərir. Azərbaycan ordusu artıq bu gün dünyanın ən güclü ordularından biri sayılır. Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandan kimi qazandığı zəfər ölkəmizin çoxəsrlik tarixinin ən möhtəşəm hadisəsidir. Qalib Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qəhrəman Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində aparılmış Qarabağ müharibəsi dünya hərb tarixinin fərqli hadisəsidir. Bu, XXI əsrdə Vətən torpaqlarının işğalçılardan azad olunması uğrunda aparılan ədalətli müharibə nümunəsidir. Qarabağ müharibəsində ən yeni hərbi texnologiyaların bacarıqla tətbiq edilməsi ilə vətənpərvərlik ruhunun üzvi surətdə birləşdirilməsi hərb tarixinin yeni mərhələsinin canlı təzahürüdür. Qarabağda qazanılmış böyük tarixi zəfər cənab Prezident İlham Əliyevin simasında qalib Ali Baş Komandan olmağın isbatıdır.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı