PDF Oxu

Siyasət

  • 1 704

“Tacikistan və Azərbaycan iki sabit dövlətdir” TƏHLİL

“Tacikistan və Azərbaycan iki sabit dövlətdir” TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Dövlətlərarası münasibətlərimiz dövründə çox möhkəm təməl yaratmağa nail olmuşuq»

2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu durmadan artır. Azərbaycan regionda söz sahibinə çevrilib və Cənubi Qafqazda vəziyyətə özü diktə edir. Təsadüfi deyil ki, bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən Tacikistanla əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, iki ölkə arasında diplomatik münasibətlər 29 may 1992-ci ildə yaradılıb, ölkəmizin Tacikistandakı səfirliyi 2007-ci ildə açılıb. Bir il sonra - 2008-ci ildə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Qeyd edək ki, ölkələr arasında ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Bir sözlə, bu gün iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Xüsusilə də, son iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə edilən qarşılıqlı səfərlər, türk dünyası üzvləri ilə əlaqələrin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Elə bu günlərdə, yəni aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun rəsmi dəvəti ilə Tacikistana dövlət səfəri iki ölkə arasından dost və qardaşlığın göstəricisidir.

AZƏRBAYCAN PREZİDENTİ: “Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik”

Son illər dünyada baş verən proseslər ölkələrdən qarşılıqlı əməkdaşlığı, səmərəli fəaliyyəti və birgə səylər göstərməyi tələb edir. Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü zamanı bildirib ki, 30 ildə təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirən müstəqil Azərbaycan dünyanın əksər dövləti, eləcə də mötəbər təşkilatlarla əlaqələrini daha da inkişaf etdirir: “Ölkələrimizin xalqları uzun müddət ərzində fəal qarşılıqlı əlaqə saxlayırlar. Çox sevindirici haldır ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlərimiz dövründə biz çox möhkəm təməl yaratmağa və bu təməl üzərində dostluğumuzun möhkəm binasını qurmağa nail olmuşuq”.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, mehriban dostlar kimi həmişə çox səmimi əməkdaşlıq edirik: “Biz həm çoxtərəfli formatda, həm də xüsusilə ikitərəfli formatda fəal qarşılıqlı əlaqə saxlayırıq. Həmişə mehriban dostlar kimi çox səmimi əməkdaşlıq edirik”.Azərbaycan və Tacikistan prezidentləri həm təkbətək, həm də geniş tərkibdə görüşləri zamanı qarşılıqlı əməkdaşlığın inkişafına dair faydalı müzakirələr aparıblar. Dövlət başçılarının mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev ölkələrimizin qardaşlıq münasibətlərini vurğulayıb: “Atam Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. O, Emoməli Şərifoviç Rəhmon ilə birlikdə ölkələrimiz arasında dövlətlərarası münasibətlərin formalaşmasının təşəbbüskarı olub və mahiyyət etibarilə onlar bu münasibətlərin əsasını qoyublar”.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV QARDAŞ QIRĞINININ QARŞISINI ALDI, GƏNCƏ QİYAMI TAMAMİLƏ YATIRILDI

O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Belə ki, hakimiyyətdə olan AXC-Müsavat cütlüyü anti-milli siyasət həyata keçirirdi, bu siyasət nəticəsində isə torpaqlarımızın işğalı prosesi sürətlənmişdi, ölkədə hərc-mərclik hökm sürürdü, cənubda qondarma "Talış-Muğan respublikası" elan edilmişdi, faktiki olaraq ölkənin cənubu nəzarətdən çıxmışdı. Şimalda isə "Sadval" deyilən separatçı hərəkat formalaşmışdı və ölkənin şimalını Azərbaycandan qoparmaq niyyətini ortaya qoymuşdu. Ermənistanın işğalçılıq siyasəti, cənubda və şimalda baş verənlər paralel şəkildə də Gəncədə faktiki olaraq qardaş qırğınına, vətəndaş müharibəsinə aparırdı. Vətənin bu ağır günündə xalqın tələbi ilə 1993-cü ilə 15 iyunda xalqı təkidli tələbi və təkidi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, Ümummilli liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan qardaş qırğınından, məhv olmaq təhlükəsindən xilas olundu.

AZƏRBAYCAN PREZİDENTİ: “Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir”

Aərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında bildirib ki, ölkələrimiz arasında uğurlu inkişaf müdrik rəhbərlik sayəsində əldə olunur: “Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”.

TACİKİSTAN PREZİDENTİ EMOMƏLİ RƏHMON: “Azərbaycan Prezidentinin səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır”

“Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli-bərabəri olmayan Nizami Gəncəvi qoyub. Buna görə də bizim danışıqlar, həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib. Danışıqların gedişində biz ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini ətraflı nəzərdən keçirdik, bizim üçün aktual olan bütün məsələlərə dair fikir mübadiləsi apardıq. Bu gün imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlib”. Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri, Prezident Emoməli Rəhmon ilə görüş, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər, hər iki ölkə liderlərinin mətbuata bəyanatlarla çıxışları iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv vəd edir və bunun üçün böyük potensial mövcuddur. Həmçinin, Səfər bir daha göstərdi ki, hər iki dövlət rəhbərinin arzuları, istəkləri üst - üstə düşür və bu bilavasitə əməkdaşlığın, dostluğun möhkəmləndirilməsinə və xalqların rifahının yaxşılaşdırılmasına, xoşbəxt gələcəyinə hesablanmışdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər