Azərbaycanda ordu quruculuğu faktiki olaraq 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra başladı. Ümummilli lider Heydər Əliyevin dövlət, cəmiyyət, eləcə də dövlət idarəçiliyi sahəsində böyük təcrübəsi, digər tərəfdən bu böyük şəxsiyyətin dahi praktik və güclü nəzəriyyəçi olması ordu quruculuğu məsələsində də müsbət nəticələr ortaya qoydu. Tarixi varislik ənənəsinə uyğun olaraq ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var.
Heydər Əliyevin mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ümummilli lider haqlı olaraq "Dünyanın ən böyük azərbaycanlısı" adlandırılır. Xalqın əsrlər boyu ən ülvi arzusu olan müstəqillik və azadlıq məramını gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət bəxş edən, ölkəsinin beynəlxalq məkanda böyük nüfuzunu təmin edən insan həqiqətən də, ən ali həmvətənimiz, bütün zamanların əsl Azərbaycanlısıdır.
Bəli ulu öndərimizin müdrik siyasəti,Heydər Əliyev məktəbinin layiqli yetirməsi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün imkanları-siyasi və hərbi qüdrətini dünya ölkələrinə 44 günlük Vətən müharibəsində əyani sübut etdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlub edilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
İllər bir-birini əvəzlədikcə Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür. Əgər 1993-cü ildə Azərbaycan Ordusunun ilkin formalaşmasından söhbət gedirdisə, artıq bu gün regionun ən güclü silahlı qüvvəsi məhz Azərbaycan Ordusudur ki, Dünyanın ən güclü orduları sırasında olması ilə Ali Baş Komandanın döyüş əmrini yerinə yetirib alnımızdakı qara ləkəni sildi. Bu, ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı dahiyanə, düşünülmüş siyasi xəttinin və bu siyasətin hazırda Cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsinin nəticəsidir. Şübhəsiz ki, Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.Tarixi şəxsiyyət ulu öndər Heydər Əliyevə və vətən yolunda canını qurban edən şəhid igidlərimizə Allahdan rəhmət, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan xalqının qüdrətli ordusunun mərd zabit və əsgərlərinə uğurlar, əzmkarlıq diləyirik.
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri