2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri keçirildi. Bu seçki Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca VIII rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir və cənab İlham Əliyev Azərbaycan xalqının mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Ölkəmiz cənab İlham Əliyevin prezidentliyi dövründə böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. Keçirilmiş Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib, belə ki, xalqımız görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha seçkilər xalqın iradəsini əks etdirir göstərir.
“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikri səsləndirən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Ölkə iqtisadiyyatında 15 il qazanılan misilsiz uğurlarla da xarakterikdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb. Bu dövrdə büdcə gəlirləri 13,5 dəfə artıb. Azərbaycanın strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.
Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2018-ci illər ərzində həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. AŞPA-dakı obyektiv və konstruktiv çıxışları ilə İlham Əliyev qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazanmışdır. Nəticədə, cənab İlham Əliyev AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir.
Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Eləcə də, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Müasir dövrümüzü internetsiz təsəvvür edə bilmərik və bunun nəticəsi olaraq, ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Ölkəmiz müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Ölkədə yüksək texnologiyalar sürətlə inkişaf etmiş və Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peyki, bu il isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb.
On beş il ərzində iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. 2003-2018-ci illərdə sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi, nəticədə ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.
2003-2018-ci illər ərzində kənd təsərrüfatının kişafı üçün böyük meliorasiya tədbirləri görülmüşdür. Dörd böyük su anbarı tikilmiş və hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirilir. Eləcə də, 2003-2018-ci illərdə böyük idman uğurları əldə olunmuşdur. İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir (2004-Afina, 2006-Turin, 2008-Pekin, 2010-Vankuver, 2012-London, 2014-Soçi, 2016-Rio de Janeyro). Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail oldu. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.
Görülən işləri, əldə olunan nailiyyətləri xalqımız hər zaman dəyərləndirir və odur ki, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa səs verib. Bu, həm də onu göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Dövlət başçısı cənab İlham Əliyev ölkədə şəffaflığın artırılması, vətəndaşlarla yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün aparılan islahatlar çərçivəsində innovativ addım ataraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə dövlət orqanlarında şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu. Qürur hissi ilə deyə bilərik ki, bu gün artıq Azərbaycanın “ASAN xidmət” təcrübəsi bir sıra ölkələr tərəfindən öyrənilir və tətbiq edilir. Dünyada böyük multikultural dəyərlərə malik ölkə kimi tanınan Azərbaycanda ötən 15 il ərzində milli-mənəvi dəyərlərin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması istiqamətində mühüm işlər görülüb. Həmin müddətdə ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub. Sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoqa və əməkdaşlığa mühüm töhfə verən “Bakı Prosesi”nin təşəbbüskarı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər və layihələr həyata keçirilib. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunu təsdiqləyir.Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaq.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini