PDF Oxu

Siyasət

  • 2 443

İlham Əliyev – dünyada sözünü deyən Lider ŞƏRH

İlham Əliyev – dünyada sözünü deyən Lider ŞƏRH

Dövlətin xarici siyasət proseslərinin həyata keçirilməsinin ən mühüm xüsusiyyəti - digər dövlətlərlə münasibətlərdə, dövlətin fəaliyyət istiqamətlərini müəyyən edən rəhbər qərarların işlənib hazırlanması və qəbulu zamanı istifadə olunan prinsiplərə riayət edilməsindən ibarətdir. Bu prinsiplər nəzərə alınmadan müasir dövlətlərin xarici siyasəti kifayət qədər səmərəli ola bilməz. Beynəlxalq münasibətlərin tarixi inkişafının bütün təcrübəsi əsasında işlənmiş bu prinsiplərin ən universalı və əlamətdarı - hər bir dövlətin suveren olması və öz xalqının həyatı ilə bağlı bütün idarəetmə məsələlərini müstəqil həll etməsi ilə bağlıdır.

Müstəqillik əldə etdikdən sonra çox əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan Respublikasının əsas vəzifələrindən biri də, öz milli maraqlarını təmin etmək, eyni zamanda dövlətçilik prinsiplərə uyğun olaraq, yeni xarici siyasət strategiyasının yaradılması və uğurla həyata keçirilməsi olmuşdur.

Yeni müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin əsaslarının formalaşmasına 1990-cı ilin əvvəllərində, Azərbaycan Respublikasında gedən kəskin daxili siyasi mübarizə böyük təsir göstərdi və bu mübarizə yalnız 1993-cü ildə, yəni Ümummilli Lider Heydər Əliyevin Prezident olması ilə başa çatdı. 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyada ölkənin ümumi xarici siyasət prinsiplərini müəyyən edildi, bununla da Azərbaycan Respublikasının siyasi strukturunun formalaşmasının başa çatdığı tarix hesab edilir. Hazırda Azərbaycanın 158 dövlətlə diplomatik əlaqələri var və 38 beynəlxalq təşkilatın üzvüdür, o cümlədən 2006-cı ilin mayında Azərbaycan BMT Baş Assambleyasının sessiyasında yeni yaradılmış İnsan Hüquqları Şurasının üzvü, 2011-ci ilin oktyabrında isə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri seçilib.

Azərbaycan Respublikasının xarici siyasətinin mahiyyəti beynəlxalq hüququn norma və prinsipləri ilə tənzimlənən sivil dövlətlərarası münasibətlərə hörmətdən, beynəlxalq, regional və dövlətlərarası münaqişələrin sülh və danışıqlar yolu ilə həllindən, suveren hüquqlara, bütün dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinə hörmətdən ibarətdir. İqtisadi sahədə xarici siyasətin əsas mahiyyətini qarşılıqlı faydalı əməkdaşlıq, iqtisadi maraqların əlaqələndirilməsi, qarşılıqlı təminat mexanizminin yaradılması və qorunması təşkil edir. Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasətinin mahiyyəti dövlətlərarası münasibətlərə və ünsiyyətə mane olan bütün məhdudiyyətlərin aradan qaldırılmasından, mənəvi dəyərlərin maneəsiz, azad və demokratik mübadiləsindən, digər xalqların mədəni-mənəvi irsinə hörmətdən ibarətdir. və s.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın xarici siyasətinin formalaşmasında ən mühüm istiqamət - əməkdaşlıqdır. Nəticədə beynəlxalq (dövlətlərarası) dostluq siyasəti kimi bir fenomen inkişaf edir. Cənab Prezident BMT Təhlükəsizlik Şurasının iclasında (2012-ci ilin may ayı) nitqində vurğuladığı kimi: “Azərbaycan ədalət ideallarını, beynəlxalq hüququ və bütün ölkələr arasında sülh şəraitində əməkdaşlığı müdafiə edəcəkdir. Biz bölgəmizdə region ölkələrini bir araya gətirmək üçün çox çalışırıq. Təşəbbüslərimiz regional əməkdaşlığın dostluq, tərəfdaşlıq və yaxşı qonşuluq ruhunda genişləndirilməsinə yönəlib. Mən BMT-dəki bütün dostlarımızı və üzv dövlətləri əmin edə bilərəm ki, Azərbaycan bütün ölkələr qarşısında etibarlı və dost tərəfdaş olacaqdır. Biz əməkdaşlıq və tərəfdaşlığımızı genişləndirmək istəyirik” dövlətimizin Başçısının mövqeyi dövlətlərin dostluğa, beynəlxalq münasibətlərin inkişafına yönəlib.

Azərbaycan beynəlxalq münasibətlər sisteminin iştirakçıları arasında münasibətlərin inkişaf tendensiyalarına və dinamikasına uyğun olaraq praqmatik və balanslaşdırılmış xarici siyasət aparır, qonşu dövlətlərlə hərtərəfli əlaqələrin qurulmasına və inkişafına böyük önəm verir. Region ölkələri ilə yanaşı, beynəlxalq münasibətlər sisteminin hazırkı vəziyyətinə mühüm təsir göstərən qüdrətli dövlətlərlə də, onların regiondakı maraqlarını nəzərə alaraq qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və bu maraqların Azərbaycanın milli maraqları ilə uzlaşdırılmasına diqqət yetirir.

Azərbaycan Respublikası müasir beynəlxalq təhlükəsizlik sisteminin əsasını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət kursuna sadiqdir. Xarici siyasətinə uyğun olaraq, dünya dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət, onların daxili işlərinə qarışmamaq Azərbaycanın beynəlxalq ictimaiyyətlə münasibətlərində və qarşılıqlı fəaliyyətində əsas prinsiplərdir.

Azərbaycan dövlətinin xarici siyasətinin yuxarıda qeyd etdiyimiz prinsipləri Ümummilli Lider Heydər Əliyev tərəfindən dəqiq ifadə edilmişdir: “Bizim xarici siyasətimiz sülhsevər siyasətdir, biz heç bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə toxunmaq fikrində deyilik. Amma eyni zamanda, biz nəyin bahasına olursa-olsun, xarici siyasət yolu ilə respublikamızın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü təmin etməyə çalışacağıq”.

Mühüm prinsiplərdən biri də ondan ibarətdir ki, Azərbaycan Respublikası regional əməkdaşlığı regionda sülhün və sabitliyin qorunmasında mühüm amil hesab edir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də, bu prinsiplərə sadiqlik nümayiş etdirərək, hesab edir ki, regional səviyyədə münasibətlərin daha da inkişafı problemləri aradan qaldıracaq və inteqrasiyanın daha yüksək səviyyəyə yüksəlməsi üçün etibarlı zəmin yaradacaqdır.

Bu uğurlu diplomatiya, müstəqil siyasətin təntənəsi Ulu Öndərin 2003-cü ildə xalqa müraciətində bəyan etdiyi ideyaların bir daha parlaq təcəssümüdür: “İnanıram ki, sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev tamamlaya bilmədiyim bu missiyanı, taleyüklü məsələləri, planlar və işləri başa çatdıra biləcək. Mən ona özümə inandığım qədər inanıram, gələcəyinə də böyük ümidlər bəsləyirəm” deməsi dahi şəxsiyyətin uzaq görənliyini, həm də cənab İlham Əliyevin bu ideologiyaya sadiqliyini və nəhayət, atasının vəsiyyətini yerinə yetirmək vədinə sadiqliyini sübut edir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada tanınır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konstitusiyamızı rəhbər tutaraq 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar prezident seçkiləri elan etdi. 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişdir. Davos Forumunun "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdir.

Keçən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilmişdir.

Azərbaycan enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirir və şaxələndirilmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini özünə cəlb edir. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Respublikamız transmilli enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Ötən illər ərzində qazanılmış nailiyyətlər sırasında milli mədəniyyətin inkişafını xüsusi qeyd etmək lazımdır. Milli-mənəvi dəyərlərimizin təbliğinə, mədəni həyatımızın zənginləşməsinə göstərilən diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanıdılmasında böyük nailiyyətlər qazanmağa imkan vermişdir.

Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Respublikamız müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə sivilizasiyalararası dialoqun təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda müxtəlif mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin əsas xüsusiyyətlərindən biridir.

Gənclər millətin varlığının və gələcək inkişafının təməl daşıdır. Bu mövqedən çıxış edərək ötən illər ərzində ölkəmizdə gənclərlə bağlı məqsədyönlü dövlət siyasəti həyata keçirilmişdir. Onun əsas qayəsini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq və yüksək intellektual potensiala malik Azərbaycan gəncliyinin formalaşdırılması təşkil etmişdir. Bu sahədə atılan addımlar gənclərin cəmiyyətimizdə özlərini təsdiq etməsində mühüm rol oynamış, onların vətənimizə layiq vətəndaşlar kimi yetişməsinə böyük təsir göstərmişdir.

Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü qoruyan, dünyanın ən güclü orduları ilə eyni sırada yer alan və yüksək döyüş hazırlığı olan Silahlı Qüvvələrə malikdir. 2016-cı ilin aprel ayında Milli Ordumuz ermənilərin təxribatına layiqli cavab verməklə, düşmənə sarsıdıcı zərbələr endirdi və zəbt olunmuş ərazilərimizin bir hissəsini işğalçılardan təmizlədi. Bununla da Azərbaycan Böyük qayıdış üçün ciddi addımını atdı. Hər birimiz indi erməni qəsbkarlarının vaxtilə işğal etdiyi Cocuq Mərcanlı kəndində Azərbaycan bayrağının dalğalanmasından böyük qürur hissi keçiririk. Bu şanlı qələbə erməni işğalçılarına xalqımızın və dövlətimizin gücünü nümayiş etdirdi, Milli Ordumuzun işğal olunmuş torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərdi.

Göründüyü kimi, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlar Azərbaycan vətəndaşlarını prezident seçkilərində fəal şəkildə iştirak etməyə və xalqımızı inamla firavan gələcəyə aparan liderini növbəti dəfə dəstəkləməyə ruhlandırmışdır.

Ermənistan tərəfindən 30 ildir pozulmuş ərazi bütövlüyümüz məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa olundu. Bu gün Cənubi Qafqazda və bütövlükdə regionda nəzərdə tutulan bütün meqa layihələr Azərbaycanın iştirakı olmadan və milli maraqları nəzərə alınmadan həyata keçirilirə bilməz. Coğrafi şəraitdən və siyasi sistemin xarakterindən asılı olmayaraq, burada liderlik fenomeni mühüm rol oynayır. İlham Əliyevin liderlik keyfiyyətləri sayəsində ölkəmizdə siyasi sabitlik təmin edilmiş, gələcək inkişafın əsası qoyulmuşdur.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı cənab İlham Əliyev rəhbərlik edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, dünya azərbaycanlılarının Lideridir.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər