2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşdur. 2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Bu gün əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət ölkə başçısı tərəfindən uğurla davam etdirilir.
Cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişdir. Davos Forumunun “İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdir.Keçən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilmişdir.Azərbaycan enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirir və şaxələndirilmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini özünə cəlb edir. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Respublikamız transmilli enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri