PDF Oxu

Siyasət

  • 1 513

İstiqlalımızın qarantı – şanlı ordumuzdur ŞƏRH

İstiqlalımızın qarantı – şanlı ordumuzdur ŞƏRH

“Tarix, gələcəyə ötürülən keçmiş deməkdir” deyirlər. Ona görə də Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini araşdıranlar, onu təhlil edənlər, şübhəsiz ki, ilk növbədə, keçmişə müraciət edir və müasir tariximizin “Heydər Əliyev erası” adlandırdığımız bu mərhələsində – Sovet dövrü adlandırdığımız mərhələsində gələcəyin müstəqil dövlətçiliyi naminə qoyduğu izlərin nədən ibarət olduğunu müəyyən etməyə çalışır.

Bu izlər saysızdır, bu izlər rəngarəngdir. Hansını deyəsən ki, digəri “incik” düşməsin, unudulmasın? Ancaq bu izlərin içində birisi var ki, onun əks-sədası, rezonansı hələ neçə onilliklərə damğasını vuracaq.

Biz, müstəqil dövlətimizin atributlarından - bayrağından, gerbindən, himnindən, dilindən, konstitusiyasından daima danışırıq. Amma unuduruq ki, bir atribut olmasa bunların heç birinin dəyəri olmaz, əhəmiyyəti olmaz. O da onun ordusudur.

“Ordu ölkənin, millətin, dövlətin müstəqilliyinin qarantıdır!” deyirdi Heydər Əliyev. Bir çox ölkələrin hətta bu gün də normal ordusu yoxdur. Amma bu şüarın müəllifi Heydər Əliyev hələ 70-ci illərdən, hakimiyyətə gələndən cəmi 2 il sonra bizim istiqlalımızın əsas atributunun – gələcək ordumuzun əsasını hazırlamağa nail olmuş bir şəxsiyyətdir. Məhz Heydər Əliyevin titanik səyləri sayəsində cəmisi iki hərbi məktəbə malik olan Sovet İttifaqında üçüncü hərbi məktəb Azərbaycanda yaradılmışdı və bu məktəb bu gün Azərbaycan Ordusu üçün milli zabitlər hazırlayan əsas tədris müəssisəsidir. Bu gün qələbələri ilə iftixar etdiyimiz və dünyanın ən güclü orduları sırasında yer alan ordumuz da, bu ordunun zabit korpusu da, Heydər Əliyevin hələ Sovet dövründə təməlini qoyduğu və həyata keçirdiyi siyasətin bəhrəsidir.

Ölkənin müstəqilliyinin, azadlığının qorunması üçün düzgün siyasi strategiyanın müəyyənləşdirilməsi və onun səmərəli şəkildə həyata keçirilməsi, milli mənafeyə xidmət edən iqtisadi inkişafın təmin edilməsi, xalqda özünəinam yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyinin bərqərar edilməsi, xarici siyasətin həyata keçirilməsi, milli maraqların qorunmasını və inkişafını nəzərdə tutan kompleks tədbirlər və bütün bunların həyata keçirilməsi üçün ardıcıllıq nümayiş etdirilməsi şübhəsiz ki, önəmlidir, vacibdir. Məhz bu missiyanı daşıdığı və uğurla həyata keçirdiyi üçün Ümummilli Liderimiz Heydər Əliyev öz xalqının tarixində müstəsna rola malik və xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimi kimi xatırlanır.

Doğrudur, o sovet illərində ölkəsinin müstəqilliyini elan edə bilməzdi, dövlət qura bilməzdi. Bunun üçün tarixi şərait yetişməli idi. Ancaq bu dövlətin təməlini hazırlaya bilərdi, bu dövləti yaşadacaq və irəli apara biləcək bir çox komponentlərin bazasını, təməlini yarada bilərdi və yaratdı da. Təkcə bir hərbi litseyin yaradılması üçün hansı maneələrlə, hansı müqavimətlə qarşılaşmadı? Ancaq geri çəkilmədi. Çünki bir xalqa hərbi vərdişləri təlqin etməyin nə olduğunu bilirdi. 20-ci əsrin əvvəlində istiqlalımızı niyə qoruyub saxlaya bilmədiyimizin səbəblərini bilirdi. Belə bir şansın bir daha ələ düşməməsi üçün heç bir səbəb olmadığını, tarixdə tez-tez təkrarlar olduğunu bilirdi.

Dövlətimizin təhlükəsizliyinin təmin edilməsi, hərbi qüdrətinin artırılması naminə gördüyü əzəmətli işlər, Heydər Əliyevin təkcə Azərbaycanın yox, dünya siyasət və hərb tarixinə də yeni bir səhifə yazması ilə nəticələndi. Onun müəllifi, banisi olduğu və layiqli varisi tərəfindən davam etdirilən hərbi-siyasi konsepsiyası bizi əsrlərdir görmədiyimiz, duymadığımız, həsrətini çəkdiyimiz bir zəfərə çatdırdı. Məhz onun yaratdığı ictimai-siyasi sabitlik, milli-birlik və həmrəyliyin nəticəsi olaraq hərbi təhlükəsizliyimizin təmin edilməsinə hesablanmış hərbi siyasət səmərəli şəkildə həyata keçirildi. Çünki, daxili sabitliyin olmadığı bir mühitdə xarici intervensiyanın, təcavüzün qarşısını ala biləcək bir ordu yaratmağın mümkünsüzlüyünü bilirdi, ölkənin etibarlı müdafiəsinin mümkün olmayacağını dərk edirdi. İstər 1993-cü ilin Gəncə və Lənkəran hadisələrinin, istərsə də 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin leytmotivinin nədən və haradan qaynaqlandığını bilirdi. Bu təhlükələrə sinə gərmək də, cəmiyyəti vahid məqsəd ətrafında səfərbər edə bilmək də, ancaq onun kimi nəhəng siyasi xadimin müyəssər ola biləcəyi vəzifələr idi.

Heydər Əliyevin əldə etdiyi nailiyyətlərin, nəticələrin tarixi qiymətləndirilməsini aparanlar haqlı olaraq belə bir suala da cavab tapmağa çalışırlar: Heydər Əliyevin uğurlarının səbəbi nə idi? Bu uğurlar tarixi zərurətdən irəli gəlirdi, yoxsa Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, dühasından?

Onu başqalarından fərqləndirən əsas xüsusiyyət - ən mürəkkəb vəziyyətdə belə ən doğru qərarı qəbul edə bilmək, məsuliyyətdən qorxmamaq, stereotiplərdən, şablonlardan uzaq olmaq, ən əsası isə ağıl və təmkinlə cəsarətin vəhdətini qura bilmək, ən kritik məqamda ən gözlənilməz, lakin ən doğru addımlar ata bilmək qabiliyyətinə, bacarığına, məharətinə malik olmaq xüsusiyyəti idi. Bu keyfiyyətlər, sözsüz ki, həm nəzəri biliklərin, həm zəngin siyasi təcrübənin, həm də xarizmanın təzahürü idi. Təhlillər onun həm güclü duyuma, həm də incə siyasi intuisiyaya malik şəxsiyyət olduğunu göstərir. Dərin analitik təfəkkür bu siyasi duyum, intuisiya, cəsarət və xarizma ilə birləşərək onun nadir dövlət xadimi kimi tanınmasını şərtləndirirdi.

Başıpozuq, yarımhərbi, kimə, hansı kriminal avtoritetə və ya siyasi qüvvəyə xidmət etdiyi bilinməyən bir kütlədən, dünyanın ən güclü orduları sırasında yer alan, 4-cü nəsil müharibə strategiyasını mənimsəmiş bir orduya aparan yolun hər mərhələsini, hər metrini, santimetrini təhlil etmək, əlbəttə ki, bizim bacaracağımız iş deyil. Bizlər ancaq nəticəyə baxıb, bizə bu nəticəni bəxş etmiş insanın şəxsi keyfiyyətlərini qiymətləndirə bilərik. Onun bu keyfiyyətləri isə bizə təkcə ordu qazandırmadı, istiqlalımızı qorumadı, bizi tarixdən silinməkdən xilas etdi.

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Digər xəbərlər