PDF Oxu

Siyasət

  • 3 130

Azərbaycan-Qazaxıstan münasibətləri: yeni hədəflərə doğru TƏHLİL

Azərbaycan-Qazaxıstan münasibətləri: yeni hədəflərə doğru TƏHLİL

Azərbaycan dövlət müstəqilliyini elan etdikdən sonra region və dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələri daha da genişləndirdi, bir sıra qurumlarla yeni əlaqələr yaratdı. O cümlədən, Azərbaycanın türkdilli ölkələrlə, xalqlarla yaxınlaşması, eyni genetik, tarixi köklərə malik olduğumuz dövlətlərlə daha da yaxından təmas qurması üçün müxtəlif siyasi-iqtisadi, mədəni-humanitar platformalar meydana gəldi, iş birliyi rəsmiləşdirən müqavilələr imzalandı. Türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Naxçıvanda qəbul edilən qərarlarla türk dünyasının birliyi daha da möhkəmlənib və yeni inkişaf mərhələsinə yüksəlib. Ölkələr arasında əməkdaşlıq daha da genişlənib. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi dövrdə türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa öz töhfəsini verib.
2020-ci il türk dünyası məhsuldar, Zəfər ili olaraq yadda qaldı. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir. Azərbaycan tərəfi məsələnin sülh yolu, danışıqlar masasında həll edilməsi istiqamətində addımlar atmış olsa da, Ermənistan faktiki olaraq danışıqlardan imtina etmiş və ölkəmiz döyüş meydanında öz sözünü deyərək Zəfər qazandı.
Müzəffər Azərbaycan ordusu və onun Sərkərdəsi Cənab İlham Əliyev tariximizə yeni bir gün yazdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Məlumdur ki, 44 günlük Vətən müharibəsi dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə edərək Türkiyənin Azərbaycanın yanında olmasını ifadə etdi. Türk Şurası sentyabrın 28-də Azərbaycana dəstək xarakterli açıqlama verdi. Qeyd edək ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü dünyada türk birliyinin daha da güclənməsinə şərait yaradır. Məlumdur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü bir sıra əlamətdar hadisələr, qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış – 2040" sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır.

ORTAQ TARİXƏ VƏ KÖKƏ MALİK TÜRK DÜNYASI

Azərbaycan və Qazaxıstanı çoxəsirlik qardaşlıq münasibətləri birləşdirir. Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Qazaxıstanla olan əlaqələrini misal göstərmək olar. Azərbaycan-Qazaxıstan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.
Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir.

AZƏRBAYCAN İLƏ QAZAXISTAN ARASINDA MÜNASİBƏTLƏR ÖLKƏMİZİN XARİCİ SİYASƏTİNDƏ PRİORİTET İSTİQAMƏTLƏRDƏNDİR

Prezident Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşü 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə baş tutub. Həmin görüşdə prezidentlər iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirmək barədə qərar qəbul edilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar.
2006-cı ildə "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" müqavilə imzalanıb.
İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" və 2005-ci il mayın 24-də Bakıda imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə" ilə daha da möhkəmləndirilib.
Ötən il Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və bu səfər çərçivəsində müxtəlif sahələr üzrə 20-dən çox sənədin imzalanması Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin yüksək səviyyəyə çatmasına xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının "Altın kıran" – "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqidir. Eyni zamanda, ölkə rəhbərinin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Təqdim olunan ali mükafatı Azərbaycan xalqına hörmət əlaməti kimi dəyərləndirən Prezident İlham Əliyev əminliklə qeyd etmişdi ki, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.

Vurğulamaq yerinə düşər ki, Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakı iki ölkə arasında dostluğun təzahürüdür. Qazaxıstan tərəfindən Füzuli rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatı, Şuşa ilə Türküstanın qardaşlaşması xalqlarımız arasında dostluğu və qardaşlığı daha da möhkəmləndirəcək. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Qazaxıstan xalqları arasında dostluq və qardaşlıq münasibətləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf edir.
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, Astanada dövlət başçılarının geniş tərkibdə görüşü və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması bu əlaqələrin davamlığına və möhkəm təməl üzərində qurulmasına söykənir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər