Times of Israel: “Bu, İran rejiminin gözündə “böyük şeytan” Amerikaya qarşı “vahid cəbhə” mənzərəsini yaradır, eyni zamanda, İranın Amerika hədəflərinə birbaşa hücum etmək, eləcə də Livanda və Suriyada İsrailə qarşı müqavimət qərarını möhkəmləndirir”
Son günlər Yaxın Şərqdə cərəyan edən və bir-birini sürətlə əvəzləyən proseslər İsrailin İranla irimiqyaslı müharibə astanasında dayanması ehtimallarını artırmaqdadır. Dünyanın aparıcı konfliktorloqlarının fikrincə, ehtimalların nə qədər mümkün olması aşağıdakı məqamlara söykənir:
-İlk olaraq KİV-lərdə bildirilir ki, Pentaqonun yüksək vəzifəli təmsilçiləri İsraildən yaxın günlərdə Yaxın Şərqdə mümkün eskalasiyaların baş verəcəyi barədə konfidensial informasiya əldə ediblər. Bu, o deməkdir ki, İsrail İrandan və Tehrana bağlı proksi qruplar tərəfindən hücum ediləcəyini gözləyir.

-İkincisi, ABŞ-ın USS Florida atom sualtı qayığı Yaxın Şərq sahillərinə yaxınlaşıb və bu qərarın “regionda sabitliyə dəstək” üçün verildiyi bildirilib.
-Üçüncü diqqətçəkən ehtimal “The Wall Street Journal” nəşrində vurğulanıb. Jurnal yüksək vəzifəli amerikalı məmurların fikirlərinə istinad edərək sitat gətirir ki, onlarda İranın çox yaxın günlərdə regiona hücumlar edəcəyi ilə bağlı kəşfiyyat məlumatları var.
SAXAL məzuniyyətləri ləğv edib - ehtiyatda olan əsgər-zabit heyətləri hərbiyə çağırılırlar
Beləliklə, onsuz da müharibə şəraitində olan Yaxın Şərqdəki vəziyyət get-gedə daha da gərginləşir və bu gərginləşmə, eləcə də yayılan məlumatar fonunda SAXAL (İsrailin müdafiə nazirliyinə bağlı hərbi qurum) ehtiyatda olan rezervistlərin qismən çağırışına başlayıb. Burada əsasən havadan müdafiə gücləri daha çox cəlb edilməkdədirlər.

O cümlədən, İsrailin Baş qərargah rəisinin əmrinə görə, həqiqi hərbi xidmətdə olan əsgər və zabit heyətinə məzuniyyətə çıxmaq qadağası qoyulub. Bu fakt da belə qənaətə gəlməyə zəmin yaradır ki, İsrail mümkün hərbi münaqişəyə hazırlıq tədbirlərinə başlayıb.
Artıq son günlər Livan, Suriya və Qəzza sektoru tərəfindən atılan raketlər də qeyd edilənləri təsdiq edir. Üstəlik, bunlarla yanaşı şəkildə Yəhud və Samariya istiqamətlərində, İsrail ərazilərində terror aktları da həyata keçirilib. Söz yox ki, bu kimi aktların həyata keçirilməsi bilavasitə Tehran tərəfindən idarə olunur və İsrailə hücum ərəfəsində ilkin güc nümayişi göstərilir.
İsrail KİV-i: “Tehranın məqsədi yalnız İsrailə qarşı deyil, həm də anti-Amerika quruluşu istiqamətində vahid “İslam birliyi” yaratmasından ibarətdir”

“Times of Israel” nəşri isə yazır ki, bu məqsədlə şiə ölkəsi olan İran son vaxtlar sünni məzhəbinə bağlı olan ərəb ölkələri ilə münasibətlərindəki gərginliyi azaltması yönündə siyasət yürütməyə başlayıb. Daha doğrusu, Tehranın məqsədi yalnız İsrailə qarşı deyil, həm də anti-Amerika quruluşu istiqamətində vahid “İslam birliyi” yaratmasından ibarətdir. Bu mənada, nəşr yazır ki, Çinin İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılması yönündəki vasitəçilik missiyası da buna hesablanıb. “Bu siyasət birbaşa İranın Rusiya ilə münasibətlərini dərinləşdirməsi və Türkənistanla, Qazağıstanla, eləcə də Ermənistanla münasibətlərinin daha da istiləşməsi ilə bağlıdır. Bu, İran rejiminin gözündə “böyük şeytan” Amerikaya qarşı “vahid cəbhə” mənzərəsini yaradır, eyni zamanda, İranın Amerika hədəflərinə birbaşa hücum etmək, eləcə də Livanda və Suriyada İsrailə qarşı müqavimət qərarını möhkəmləndirir”, deyə “Times of Israel” nəşri yazır.
Rövşən RƏSULOV