Ermənistandakı ictimai-siyasi vəziyyətin kritik həddə çatması ölkədə bir neçə istiqamətdə müzakirə obyektinə çevrilməkdədir. Bir tərəfdən ölkə hakimiyyətinin Qərbə tərəf meyillənməsini həzm etməyən rusiyapərəstlər, o biri tərəfdən anti-Rusiya tərəfdarlarının rusiyapərətstlərlə qarşıdurmalara getmələri, digər tərəfdən İranla oynanılan oyunbazlıqlar və paralel olaraq bununla uzlaşmayan Avropa missiyasının fəaliyyəti, Rusiyanın regionda qalması maraqlarını təmin etmək üçün təzyiqləri və s. qeyd edilən qarmaqarışıqları gözlər önünə sərməkdədir.
Ancaq diqqətlərdən yayınan daha bir tərəf də var – hakimiyyətin əsas konkurenti olan kilsə faktoru. Bəri başdan xatırladaq ki, Paşinyan əvvəldən kilsə ilə isti münasibətdə olmayıb və onun hakimiyyətə yiyələnməsindən sonrakı müddətdə ölkədə kilsənin maraqlarını əks etdirməyən bir sıra siyasətlərini həyata keçirməsi də buna sübutdur. Düzdür, müxalifətdə olarkən o dini ibadətgahları ziyarət edirdi, amma bu da siyasi maraqlardan yaranırdı. Ancaq indi elə deyil.
Paşinyan-Qaregin qarşıdurması dərinləşir
Misal üçün, cinsi azlıqlara verilən azadlıqlar, erməni parlamentində cinsi azlıqların çıxışları və s. Bütün bunlar öz yerində. Lakin erməni KİV-ləri də yazmağa başlayıblar ki, Paşinyan artıq neçənci ildir ki, kilsə ziyarətinə getmir. Xüsusilə, dini bayramlarda kilsəyə getməyən Paşinyanın katolikos Qareginlə yola getmədiyi bildirilir. Və eyni zamanda, yazılır ki, Paşinyan ümumiyyətlə, özü ilə birlikdə ailəsinin də kilsə ziyarəti etməsinə qadağa qoyub, hansı ki, hakimiyyətə gələnə qədər kilsələri tez-tez ziyarət edirdi.

Məsələ ilə bağlı Paşinyanın tərəfdarları iddia edirlər ki, o əlində dövlətin dindən ayrı olduğunu əsas gətirir və buna görə də kilsə ziyarətlərinə getmir və s. Ancaq müzakirələrə qoşulanlar və bu iddiada olanlar unudurlar ki, erməni kilsəsi yalnız külli miqdarda maliyyə imkanlarına malik deyil, həm də əhaliyə ayrıca və güclü təsiri də mövcuddur. Üstəlik, erməni kilsəsi rusiyapərəstlik mövqeyi ilə də seçilməkdədir. Məhz bu baxımdan da Paşinyanın katolikosla baxışları bir-birindən tamamilə fərqlənir.
Ermənistan əhalisinin böyük kəsimi kilsələrə axın edirlər, bu zaman ictimai rəyə də hansı tərəfin diktə etməsini asanlıqla müəyyən etmək olar
Digər müzakirələrə qoşulanlar isə bildirirlər ki, Paşinyan iqtidara yiyələnənə qədər, yəni müxalifətdə olduğu dövrlərdə az qala hər gün kilsə qapılarında yatırdı, özü də ailəsi ilə birlikdə. Həmin vaxtlarda isə ona elektorat lazım idi. Özü də təsir qüvvəsi olan, habelə sözəbaxan. İndi isə hər şey fərqli məcrada inkişaf edir. Bir vaxtlarda kilsələrdə şam yandırmaq üçün şam dalınca qaçan Paşinyan hazırda kilsənin təsir qüvvəsini azaltmaqdan ötrü əlində olan bütün imkanlarını işə salmağa başlayıb. Nəzərə alsaq ki, Ermənistan əhalisinin böyük kəsimi kilsələrə axın edirlər, bu zaman ictimai rəyə də hansı tərəfin diktə etməsini asanlıqla müəyyən etmək olar. Bu amil isə Nikol Paşinyanı ciddi narahat edir və hökumət-kilsə münaqişəsi get-gedə daha da qızışır.
Rövşən RƏSULOV