05 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tacikistan Respublikasına səfər edib. Prezident Düşənbənin “Dusti” meydanında yerləşən “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət etmiş və əklil qoymuşdur.
Səfər çərçivəsində Tacikistan prezidenti Emoməli Rohman Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi Düşənbədə yerləşən Millətlər sarayında qəbul edib. Bu səfər ölkəmizin başçısı İlham Əliyevin artıq beşinci səfəridir. Daha sonra ölkəmizin başçısı cənab İlham Əliyev Tacikistan prezidenti Emoməli Rohman ilə təkbətək görüş baş tutmuşdur. Sonra isə geniş tərkibdə görüş olmuşdur. Hər iki ölkəni qədim tarixi köklərə malik dostluq münasibətləri bağlayır. Qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və başqa sahələri əhatə edir.
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətinin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi.
Bu gün Azərbaycan və Tacikistan iki sabit dövlətdir. Öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı ola bilər.
29 may 1992-ci il tarixində Azərbaycan ilə Tacikistan Respublikaları arasında diplomatik əlaqələr qurulmuşdur. 2 oktyabr 1996-cı ildə Azərbaycan Respublikasının Tacikistan Respublikasında Səfirliyi təsis edilmişdir. Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. 11 iyul 2012-ci il tarixində Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə prezident Emoməli Rohman “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.
Keçən il Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb. Elm və təhsil sahəsində münasibətlər mühüm yer tutur. Hərbi sahədə də əməkdaşlıq xüsusi yer tutur. 2010-2022-ci illərdə Tacikistan Respublikasının Silahlı Qüvvələrinin 39 kursantı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, hal-hazırda 22 tacik kursant Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alır. Dövlət Sərhəd Xidməti Akademiyasında 24 nəfər tacik kursant təhsil alır, bu il artıq 6 tacik akademiyanın məzunu olur. Azərbaycan ilə Tacikistan arasında beynəlxalq avtomobil daşımalarının həyata keçirilməsi üçün kvota çərçivəsində “Giriş, çıxış və tranzit keçid üçün – 150 ədad” və “3-cü ölkəyə/ölkədən – 100 ədəd” icazə blankı mübadilə edilir. 1 may 2023-cü il tarixindən “Azərbaycan Hava Yolları” QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə üç dəfə beynəlxalq uçuşların həyata keçirilməsi planlaşdırılır. Bütün bu əməkdaşlıq göstərir ki, hər iki ölkə arasında münasibətlərin inkişafı yaxşı perspektiv və edir və bunun üçün böyük potensial mövcuddur. Azərbaycan və Tacikistan əlaqələrinin illərlə davam edəcəyindən əminik.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini