PDF Oxu

Siyasət

  • 3 107

2023-cü il Heydər Əliyev ili - davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan TƏHLİL

2023-cü il Heydər Əliyev ili - davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə, məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur”

Artıq Azərbaycan hər ili tarixi hadisəyə çevrilən və yaddaşlarda həkk olunan 2023-cü ilə də uğurla qədəm qoymaqla tariximizə xüsusi bir əlamətdarlıq ili kimi yazılacaq. Belə ki, mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Və 2023-cü ilin də əvvəlki illər kimi, uğurlu, qələbə zəfərli il olacağına xalqımız böyük ümüdlə inanır. Çünki bu ili fərqli ovqatla, qalib ölkənin qalib xalqı qalib kimi böyük qürur və fəxarətlə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü qeyd edəcəyik. Çünki bugünkü günün memarı olan Ümummilli Liderin arzuları artıq həyata keçirilib. Bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edən ulu öndərin yarımçıq qalmış ideyalarını dahi şəxsiyyətin siyasi məktəbinin ən layiqli davamçısı Qalib Liderimiz Prezident İlham Əliyev reallaşdırdı. Ali Baş Komandan, Prezident İlham Əliyev «Dəmir yumruq» siyasəti ilə Müzəffər Azərbaycan Ordusu rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 44 gün ərzində xalqımızın 30 illik yurd həsrətinə birdəfəlik son qoydu, Ermənistanı diz çökdürdü. Və 2020-ci ilin noyabrın 10-da Ermənistan dövləti kapitulyasiya oldu. Azərbaycan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi strategiyası sayəsində öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Bununla da ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Biz doğma Qarabağımıza qovuşduq!

DAVAMLI YÜKSƏLİŞ YOLUNDA İNAMLA İRƏLİLƏYƏN MÜASİR AZƏRBAYCAN HEYDƏR ƏLİYEVİN HƏYAT AMALININ TƏNTƏNƏSİDİR

Sərəncamda 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu qeyd edilir. Vurğulanır ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Belə Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Sərəncamda, həmçinin o da deyilir ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə, məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

1969-CU İL - AZƏRBAYCANIN YÜKSƏLİŞİNİN, XALQIN DA XOŞBƏXTLİYİNİN BAŞLANĞICI OLDU

Belə bir fikir var: Tarix ən ədalətli hakimdir. Və bu gün Zəfərə gedən yolun əsasında tarixi şəxsiyət, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Bu, 1969-cu il iyulun 14-ü ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə – Azərrbaycan Kommunist Partiyasının Birinci Katibi seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün sözün əsl mənasında dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu və xalqın etimadını Ondan başqa heç kim doğrulda bilməzdi. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. 1969-cu ildən başlanan böyük quruculuq və yüksəliş mərhələsi qısa müddətdə Azərbaycanı bütün sahələrdə geniş tərəqqi yoluna çıxardı. Bakıda o dövr üçün nadir müəssisələr - məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar - “Gülüstan” sarayı, Heydər Əliyev Sarayı tikildi. Həmçinin, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Belə ki, 1970-1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa olunmuşdur. Nəticədə, göstərilən müddətdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdır. 1970-1982-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə çoxalmış, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. Əsaslı dövlət vəsaiti qoyuluşunun 1 manat artımı hesabına əlavə olaraq 3,5 manatlıq məhsul alınmışdır. Göstərilən dövrdə milli gəlir 2,6 dəfə çoxalmışdır. Azərbaycan büsbütün yenidən tikilib qurulmuş, kənd və qəsəbələr salınmış, fabrik və zavodlar tikilmiş, yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Yetmişinci illərədək Azərbaycan kəndi əsasən çiy kərpicdən və palçıqdan tikilmiş komalardan ibarət idi. Kəndlinin gəliri az olduğundan güzəranı ağır keçirdi. Kənd təsərrüfatının yüksəlişi bu sahədə inqilabi dəyişiklik yaratdı. Yeni texnika və aqrotexniki qaydaların genişmiqyaslı tətbiqi hesabına əmək məhsuldarlığı və məhsul istehsalı bir neçə dəfə artdı, təsərrüfatların və əməkçilərin gəliri qat-qat çoxaldı. Ölkə paytaxtı Bakı şəhəri də yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. "Gülüstan" və "Respublika" sarayları, Prezident sarayı və Milli Məclisin binası, "Moskva", "Azərbaycan", "Abşeron" mehmanxanaları, Əl oyunları sarayı və Olimpiya İdman Kompleksi, metro stansiyaları və digərləri həmin dövrdə tikilmiş, N.Nərimanova, C.Cabbarlıya, Nəsimiyə, H.Cavidə və digər görkəmli həmvətənlərimizə abidələr qoyulmuş, onlarla ədəbiyyat və incəsənət xadiminə, sənətkara fəxri adlar, dövlət mükafatları verilmişdir. Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblərlə maraqlanan ümummilli lider orada nəinki təhsil alanların, hətta dərs deyənlərin sırasında belə azərbaycanlıların tək-tük olduğunu bilmişdi. Çox keçmədən Ulu öndərin təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr həvəslə burada oxumağa gəlir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində uğurla davam etdirirdilər. Qarabağ uğrunda döyüşlərdə məktəbin müdavimləri böyük şücaət göstərdi, bir çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtilə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirirlər.

MİLLİ QURTULUŞ GÜNÜNDƏN BAŞLANAN YÜKSƏLİŞİN ZİRVƏSİ: TARİXİ ZƏFƏRİMİZ

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” müdrik kəlamı bugünkü reallıqlarımızda bir daha özünü təsdiqləyir. Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü il 15 iyundan bizi 30 illik zaman ayırır. Xalqımız bu il Milli Qurtuluş Gününü tamamilə fərqli ovqatda, fərqli hədəflərlə, arzu və istəklərlə qeyd edir. Çünki möhtəşəm Zəfərimizlə bu tarixi günü əsl toy-bayram ovqatı ilə qarşılayır, o həlledici gündən ötən 30 ilin Azərbaycan dövlətinin və xalqının həyatında hansı mühüm hadisələrlə yadda qaldığını təhlil edir və ümumiləşdirilmiş şəkildə “Gözün aydın, Azərbaycan! Gözün aydın, Azərbaycan xalqı! Zəfəriniz mübarək!” deyirik. 30 ilə yaxın müddətdə yurd həsrəti, torpaq sevdası ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, nisgilinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik etdi. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. 30 ilə yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz bu gün tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. 30 ilə yaxın torpaq həsrəti ilə yaşayan soydaşlarımız Böyük Qayıdışı gözləyir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir. Torpaqlarımız şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edildi. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Azərbaycan igid oğulları “Ömürdən pay olar, Vətəndən pay olmaz,” deyib “Dəmir yumruq” əməliyyatını uğurla başa çatdıraraq tarixi torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasını, Qarabağın döyünən ürəyi Şuşamızın özümüzə qayıtmasını, Cıdır düzündə 30 ildən sonra Novruz tonqallarının alovlanmasını, “Xarıbülbül” musiqi festivalının keçirilməsini, bu məkandan muğamlarımızın səslənməsini, Şuşa və digər məscidlərimizdə azan səsinin eşidilməsini, bir sözlə, illərdir səbirsizliklə gözlədiyimiz, sıralandıqca bitib tükənməyən arzularımızı gerçəkliyə çevirdilər. Azərbaycanı daim irəliyə aparan milli ruh, vətənpərvərlik hissi, torpaq, Vətən sevgisi 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən başlıca amil oldu.

HEYDƏR ƏLİYEV İDEYALARININ İŞIĞINDA DİNAMİK İNKİŞAF EDƏN, ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA OLUNAN AZƏRBAYCAN

Bu gün ulu öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev son 19 ildə ümummilli liderin ideyalarının işığında böyük inkişaf yolu keçib.«İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur. Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl, uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanın yürütdüyü 30 illik işğalçılıq, talançılıq, varvarlıq, terrorçuluq siyasətini əməli şəkildə cəzalandırdı.

Xüsusilə, Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən Cənab İlham Əliyev həm də ATA vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi Cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü! Uzaqgörən və əbədi liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan!". Bəli, bu dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının – Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi! Və bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Və bu gün müqəddəs qələbə günündə hamımız Ulu Öndərin məzarını ziyarət edəcək, onun ruhuna dualar oxuyacağıq. Çünki çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq, çünki Qarabağ Azərbaycandır! Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir, ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir! Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasıdır. Bu, Heydər Əliyev işığının nurlandırdığı yolun davamçısı Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur. Bəli, Ruhun şad olsun, Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəsində “Qarabağ” problemi yoxdur! Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: “Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.

Bir sözlə, bu gün fəxr edirik ki, 2023-cü ildə "Heydər Əliyev İli" çərçivəsində isə Qarabağa qayıdışın toy-bayram büsatlı günlərinin, biri digərindən maraqlı olan silsilə tədbirlərin şahidi olacağıq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər