PDF Oxu

Siyasət

  • 3 016

“BÖYÜK QAYIDIŞ” XALQIMIZIN QARŞISINDA DURAN AKTUAL ÇAĞIRIŞIDIR TƏHLİL

“BÖYÜK QAYIDIŞ” XALQIMIZIN QARŞISINDA DURAN AKTUAL ÇAĞIRIŞIDIR TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb və əminəm ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma torpağına qayıdacaq”

İki il əvvəl, sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Müharibədən sonrakı dövrün yaratdığı reallıqlar ölkəmizin qarşısında yeni çağırışlar müəyyən etdi. Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş kəndlərimiz, şəhərlərimiz yenidən, qurulur, dirçəlir. Bütün işlər ardıcıl və sistemli şəkildə həyata keçirilir. Məhz Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” mütərəqqi beynəlxalq təcrübə əsasında, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmaqla hazırlanmışdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan əraziləri əhatə edən Dövlət Proqramı strateji hədəf və məqsədlərdən ibarətdir. Həmçinin Dövlət Proqramı çərçivəsində Böyük Qayıdışla bağlı mühüm prioritet vəzifələr müəyyən olunmuşdur. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində əsas prioritetlərdən biri ərazilərin minalardan və digər hərbi sursatdan təmizlənməsidir. Təbii ki, təhlükəsizlik tədbirləri görülmədən bərpa-quruculuq işlərini həyata keçirmək mümkün deyil. Təhlükəsizlik məsələsinə, eyni zamanda, dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunmasıdır. Bunun üçün isə zaman lazımdır.

VERİLƏN VƏDİN GÖSTƏRİCİSİ: GÖRÜLƏN İŞLƏR, HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR

Dövlət başçımızın hər dəfə işğaldan azad olunmuş torpaqlara səfəri bir daha göstərir ki, işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır: “Zamanla bütün Qarabağ abadlaşacaq, buna isə heç kəs maneə ola bilməz”.Və Prezident İlham Əliyevin zəfərdən ötən bu ikiillik qısa zaman kəsiyində mütəmadi olaraq işğaldan azad edilən ərazilərə səfərlər etməsi, erməni vəhşilərinin yerləyeksan etdiyi qədim şəhərlərimizin yeni bünövrələrini qoyması, yeni yolların, tunellərin, beynəlxalq hava limanlarının təməllərini atması, bütün infrastrukturu başdan yaratması Böyük qayıdışın tezliklə reallaşdırılmasına mühüm təkan verdi. Azərbaycan ağır müharibədən çıxsa da, işğaldan azad etdiyi bölgələri öz iqtisadiyyatının gücü sayəsində yenidən qurur, bu ərazilərdə irimiqyaslı müasir infrastruktur layihələri icra edir.Və Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş bu proqram Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir və müstəqil Azərbaycan tarixinə Qarabağın yenidən qurulmasını tənzimləyir. Elmi cəhətdən də əsaslandırılmış mükəmməl sənəd olan Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət proqramı 2022-2026-cı illəri əhatə edir. Proqramda deyilir ki, Azərbaycan hökuməti 2027-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 280 min ha ərazinin minalardan təmizlənməsini planlaşdırır. Dövlət Proqramında qeyd olunur ki, 2020-2022-ci illərdə 57,6 min ha ərazi minalardan təmizlənib. Sənəddə qeyd olunan planlara əsasən, 2024-cü ildə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. 2026-c ildə qədər Ağdam-Xankəndi qaz kəməri tikiləcək, sərhəddə keçid məntəqələri fəaliyyətə başlayacaq. 2026-cı ildək Qarabağ və Şərqi Zəngəzura 10 min 270 ailə, 2027-ci ilə qədər – 34 min 500 ailə köçürüləcək. 2027-ci ilədək burada 34,5 min mənzil və fərdi yaşayış evi inşa ediləcək. Bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur möhkəmləndiriləcək, burada həmçinin enerji, nəqliyyat, idman, sosial və digər infrastruktur inşa olunacaq. 2026-cı ilə qədər burada 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi tikiləcək və bərpa ediləcək, 2027-ci ilədək isə regionda ali məktəbin bir filialı fəaliyyətə başlayacaq, DOST mərkəzlərinin 7 filialı açılacaq. Bir sözlə, sənədə əsasən, 2027-ci ilə qədər regionda ipoteka sistemi istifadəyə verilməlidir və ilkin turizm infrastrukturu formalaşdırılmalıdır.

ZƏNGİLANDAN BAŞLANILAN “BÖYÜK QAYIDIŞ”

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən il mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfər zamanı dövlət başçısı Qarabağımıza «Böyük Qayıdış»ın rəmzi olan, Zəngilanın Ağalı kəndinin “Ağıllı kənd” layihəsi ilə yenidən qurulmasının başa çatması ilə əlaqədər Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə demişdir: «İstəyirəm ki, tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək”. Xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən şanlı Qələbəmiz bax, bunun təməlindədir, bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu gün “Böyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır”, - deyən Azərbaycan Prezidenti bildirib ki, bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil: «Bunu yaxın tarix göstərir. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir. Bu haqda Azərbaycan xalqı müntəzəm olaraq məlumatlandırılır”.

3 İL ƏRZİNDƏ (2021-2023-CÜ İLLƏR) QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN BƏRPA BƏ YENİDƏNQURMASINA YALNIZ DÖVLƏT BÜDCƏSİNDƏN 7 MİLYARD 870 MİLYON MANAT VƏSAİT AYRILIB

Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub. Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir. O da məlumdur ki, işğaldan azad olunmuş ərazilərin böyük iqtisadi potensialı var. Bu potensialın reallaşdırılması üçün işğaldan azad olunmuş ərazilərdə yeni müəssisələr tikilməli, sahibkarlıq fəaliyyətləri qurulmalıdır. Bu fəaliyyətlərin uğurla qurulması üçün investorları stimullaşdıracaq uzunmüddətli vergi və gömrük güzəştləri tətbiq olunacaq. Proqramın icrası müddətində işğaldan azad olunmuş torpaqlarda yaradılacaq yeni istehsal sahələri bu ərazilərə qayıdacaq insanların işlə təmini məsələlərini də qabaqcadan həll etməyə kömək edəcək. Həmçinin, Dövlət Proqramının əsas hədəfləri həm infrastrukturun formalaşdırılması, yenidən qurulması, həm iqtisadiyyatın formalaşması və reinteqrasiyası, sosial inkişaf, həm də ətraf mühitdə tarazlığın qorunması, “yaşıl iqtisadiyyat”ın formalaşdırılmasından ibarətdir. Qeyd edək ki, işğal müddətində Qarabağ və Şərqi Zəngəzurda infrastruktur tamamilə dağıdılıb. Onların yenidən qurulmasına ehtiyac var və bu istiqamətdə də intensiv şəkildə işlər gedir. Həmçinin, Proqramda “yaşıl iqtisadiyyat”, “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyalarına uyğun olaraq yaşayış məntəqələrinin salınması, alternativ enerji mənbələrindən daha çox istifadə edilməsi nəzərdə tutulub. Buraya ətraf mühitin qorunmasına və işğal müddətində Ermənistanın törətdiyi ekoloji soyqırımdan sonra ekologiyanın yenidən formalaşması, yaşıllıqların artırılması kimi hədəflər daxildir. Bütövlükdə Proqramın əsas özəlliyi ondan ibarətdir ki, sənəddə konkret hədəflər və fəaliyyətlər müəyyən olunub. Hər fəaliyyətə məsul olan dövlət qurumu müəyyənləşdirilib. Bir sözlə, I Dövlət Proqramının imzalanması birmənalı şəkildə qayıdış prosesinin daha da sürətlənməsinə şərait yaradacaq. Dövlət başçımızın dediyi kimi: "Tezliklə bütün keçmiş köçkünlər qayıtsınlar dədə-baba torpaqlarına və biz əlimizdən gələni edəcəyik ki, bunu tezləşdirək". Bəli, Böyük Qayıdışın ilk addımı olaraq Ağalı kəndindən - Şərqi Zəngəzurun Zəngilan rayonuna köçürülüb. Sentyabrın 7-də isə Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılıb və Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürüb. On iki ailədən ibarət birinci köç karvanı Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb. Sentyabrın 9-da isə ikinci köç karvanı ilə digər 13 ailənin məcburi köçkünlük həyatı başa çatıb. Bu gün isə, Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın növbəti 3-cü mərhələsi başlayıb. Bu mərhələdə növbəti 20 ailə, 94 nəfər Zəngilanın Ağalı kəndinə köçürülür. Onlardan 50 nəfərdən ibarət 10 ailə bu gün yola düşüb, 44 nəfərdən ibarət 10 ailə isə mart ayının 3-də köçürülüb.Bəli, bu gün Zəngilan özünün yeni dövrünü yaşayır. Bütün bu uğurlar, məhz müharibədən sonra dövlətimizin dərhal düzgün istiqamət götürüb quruculuq-bərpa işlərinə start verməsi oldu. 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə Prezident İlham Əliyev bəyan edirdi ki, ənənəvi infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir, ona görə əsas diqqət işğaldan azad edilmiş torpaqlara yönəldilməlidir. Bütün bunlar gerçəkləşdi və Azərbaycanın prioriteti Qarabağa qayıdışdır və Qayıdışın tam olaraq icra edilməsidir. Təbii ki, təkcə Zəngilanın Ağalı kəndinə deyil, işğaldan azad olunmuş bütün şəhər və rayonlara Böyük Qayıdış həyata keçiriləcək. Əlbəttə, kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq, yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər və o yerlərdə həyatın rəngi, ahəngi dəyişəcək.

Göründüyü kimi, günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir və Azərbaycan düzgün yoldadır, uğurlu gələcəyə inamla addımlayır.

Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər