“Türkiyədə 14 may tarixində prezident və parlament seçkiləri keçiriləcək. Bu seçkilər təkcə Türkiyə üçün deyil, bütün dünya üçün çox əhəmiyyətlidir. Hətta bu hadisəni geosiyasi seçki kimi səciyyələndirmək olar”. Bunu millət vəkili Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda Rusiya ilə Qərb arasında münasibətlər qırılma nöqtəsindədir: “Dünya yeni bir nizama doğru getməkdədir. Bu, çoxqütblü dünya sistemidir. Hesab edirəm ki, qardaş Türkiyənin hazırkı mövqeyi olduqca əhəmiyyətlidir. Bu baxımdan, Türkiyədəki seçkilər dünyanın diqqət mərkəzindədir. Qərb bu mübarizədə müxalifətin qələbə qazanmasında maraqlıdır. Rəcəb Tayyib Ərdoğanın mövqelərinə də təsir etmək üçün bütün resursları müvafiq olaraq işə salıb. Klıçdaroğlu bildirib ki, qalib gələcəyi təqdirdə Rusiyaya Türkiyənin NATO dövləti olduğunu xatırladacaq. Yəni, Türkiyənin mövqeyində kardinal dəyişikliyin olacağının anonsunu verib. Amma Rəcəb Tayyib Ərdoğanın mövqeyi ondan ibarətdir ki, dünya ölkələri ilə Türkiyənin maraqları çərçivəsində konstruktiv əməkdaşlığı davam etdirsin. Ərdoğan Türkiyənin Qərbin əlində alət olmasına imkan vermədi və ölkəni milli maraqlara uyğun tam müstəqil siyasət yeridən bir dövlətə çevirdi. Bu baxımdan, kənardan olunan bütün cəhdlərə baxmayaraq Ərdoğan seçkilərdə qələbə qazanacaq. Bu, Türkiyə tarixinin ən əhəmiyyətli qələbəsi olacaq. Çünki Türkiyəni bundan sonrakı taleyi məhz bu seçkilərdən asılıdır. Seçkilərdə müxalif tərəf qazanacağı halda Türkiyənin Qərbin yenidən geosiyasi ambisiyalarının bir alətinə çevriləcəyi gözləniləndir. Hesab edirəm ki, Türkiyə müstəqil siyasət yeritmək imkanlarını ortaya qoymayacaq”.
E.Mirbəşiroğlu onu da bildirib ki, müxalif cinahın tərkibinə diqqət yetirsək görərik ki, onların hamısı Qərbdən gələn təlimatlar əsasında davranmaqdadırlar: “Bu da Türkiyənin gələcəyi üçün çox ciddi təhdidlər yaradır. Bu baxımdan, qardaş Türkiyə xalqı ayıq olacaq və Ərdoğanın Türkiyə üçün və Türk dünyası üçün etdiklərindən çıxış edərək yenidən onu dəstəkləyəcəklər. Ərdoğanın qələbəsindən qardaş Türkiyə nə qədər qazanacaqsa, Türk dünyası və dünya da bir o qədər qazanacaq. Çünki Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin hazırda sərgilədiyi mövqe dünyaya sülh, təhlükəsizlik və barışın təmin olunmasına xidmət edir və dünyanın daha yaxşı gələcək imkanlarının genişləndirir. Bir sözlə, Türkiyə seçiciləri reallıqları obyektiv qiymətləndirərək yenidən cənab Ərdoğanı dəstəkləyəcək və o, Türkiyənin prezidenti seçiləcək”.
GÜLYANƏ