10 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxıstan Respublikasına səfər edib. Ölkəmizin başçısını Astanadakı “Akorda” Prezident Sarayında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Daha sonra kiçik və geniş tərkibdə danışıqlar aparılıb. Səfərlərin nəticəsi olaraq Qazaxıstanla Azərbaycan arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq.
Səfər çərçivəsində danışıqlar zamanı ticarət-iqtisadi, nəqliyyat-logistika, o cümlədən investisiya infrastrukturu layihələri üzrə bu istiqamətlərdə ikitərəfli əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub. Mənəvi-mədəni dəyərləri birləşdirən iki xalqın əsrlər boyu davam edən qardaşlıq və dostluq əlaqələrinin nümunəsi olaraq humanitar təşəbbüslər irəli sürülüb. Qazaxıstanın Azərbaycanda və Azərbaycanın Qazaxıstanda mədəniyyət günlərinin keçirilməsi haqqında qərar iki xalqın daha yaxınlaşması və dövlətlərarası münasibətlərin möhkəmlənməsinə kömək edəcək.
Ümummilli lider Heydər Əliyevin də hər iki ölkə münasibətlərinin inkişafında xüsusi rolu olub. Məhz buna görə Qazaxıstanın mərkəzi küçələrinin birinə Ulu öndər Heydər Əliyevin adının verilməsi, daha sonra sənədli filmin hazırlanması Dahi şəxsiyyətə və Azərbaycan xalqına Qazaxıstan hökumətinin münasibətini bildirir. Ölkələr bir-birinə səmimi və qardaşlıq münasibəti bəsləyirlər. Görüş çərçivəsində media və kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar. “Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandumu”, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memoramdumu” və “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum” sənədlər imzalanıb.
Mətbuata birgə bəyanatlarla çıxış edən Prezidentlər Azərbaycan-Ermənistan münasibətlərinə də toxunulub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirdi: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativ yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”.Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini