Azərbaycan və Qazaxıstan istər ikitərəfli münasibətlərdə və istərsə də beynəlxalq problemlərə dair bütün məsələlərdə eyni mövqelərdən çıxış edirlər. Bu, bir daha deməyə əsas verir ki, Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Təbii ki, bu yaxınlıq ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi və inkişafı üçün əlverişli zəmin yaradır. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında xüsusi olaraq qeyd etdi ki, Qazaxıstan və Azərbaycan əməkdaşlığı beynəlxalq səviyyədə də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz üzv olduqları ən mötəbər və aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir və bu, gələcəkdə də davam edəcək. Əlbəttə ki, bu münasibətlər ölkələrimiz arasında sıx iqtisadi əməkdaşlığın formalaşmasında və genişlənməsində mühüm rol oynayır. Xüsusi olaraq nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük perspektiv planlar mövcuddur ki, bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. Hazırda ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi məqsədilə Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var. Son zamanlar Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı (BMT), ATƏT, Müstəqil Dövlətlər Birliyi (MDB), Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlər 1992-ci il avqustun 27-də qurulub. 1993-cü il yanvarın 9-da Qazaxıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Qazaxıstanın paytaxtında 2004-cü il martın 1-dən səfirliyimiz, 2008-ci ildən isə Aktau şəhərində baş konsulluğumuz fəaliyyət göstərir. Ölkələrimiz arasında dərin köklərə malik strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri mövcuddur. İndiyədək əməkdaşlığa dair 134 sənəd imzalanıb. Bunlardan ən mühüm olanı 2004-cü il martın 1-də Astanada imzalanan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və Bakıda 2005-ci il mayın 24-də imzalanan “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”dir. Bu mühüm sənədlərin imzalanmasında məqsəd ikitərəfli əməkdaşlığın bütün spektri üzrə bərabərlik, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri prinsipləri əsasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün hüquqi zəmin yaratmaq idi. Məhz bu iki tarixi sənədin imzalanması ilə Azərbaycan və Qazaxıstan arasında münasibətlər yeni, strateji müttəfiqlik mərhələsinə keçdi. Bunun əsasında ötən illər ərzində ölkələrimiz arasında münasibətlər daha da inkişaf edib və hazırkı səviyyəyə çatıb.Qazaxıstan dövləti Azərbaycanın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir, ölkəmizlə çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə mühüm diqqət yetirir. Azərbaycan-Qazaxıstan münasibətlərinin ölkəmizin milli maraqlarına uyğun istiqamətdə təşəkkül tapması ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursunun mahiyyətindən irəli gəlmişdir. Ulu öndərin xarici siyasət doktrinasını uğurla davam etdirən Prezident İlham Əliyev Qazaxıstanla ikitərəfli əlaqələrin genişləndirilməsini ilk gündən vacib amil kimi nəzərdən keçirmişdir. Dövlət başçısı İlham Əliyevin səfəri əlaqələrin daha da gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinı düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökumət tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin çəkilib və nümayiş olunub. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir. Ulu Öndər Heydər Əliyev 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərindən bəhs edilir. Ekran əsərində hər iki ölkənin siyasi, dövlət və ictimai xadimlərinin Ulu Öndərlə bağlı xatirələri əksini tapıb. Müəllifi jurnalist Asimə Nurbayevna olan filmin çəkilişləri Astana, Aktau və Bakıda aparılıb.İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri bu gündən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyacaq.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri