Azərbaycan və Qazaxıstan Respublikaları arasında olan qədim tarixi, mədəni və dini ortaqlıqlar bu ölkələr arasında əlaqələrin təməlini təşkil edir. Bu iki ölkənin əsrlərə söykənən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcuddur. Bu gün regionda lider olan Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu, ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxaran amillərdəndir. Qazaxıstan Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biridir.
Bu ilin aprel ayının 10-da Astanada iki ölkənin prezidentlərinin iştirakı ilə Heydər Əliyev küçəsinin təntənəli açılış mərasiminin keçirilməsi də həm ənənəvi olan dostluğumuzun, qardaşlığımızın, həm də qazax xalqının Ulu Öndərimizin əziz xatirəsinə dərin ehtiramının və hörmətinin yüksək ifadəsidir. Bu mərasimdə Qazaxıstan Prezidenti bildirib ki, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təməlinə, genişlənməsinə və möhkəmlənməsinə Ümummilli lider Heydər Əliyevin çox qiymətli töhfələri olmuşdur: “Heydər Əliyev kimi dünyamiqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir”. Azərbaycan Prezidenti İlham Əliyev isə Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Qazaxıstanın dövlət başçısına və xalqına təşəkkür edərək vurğulayıb: “Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, türk dünyası birləşir”.
Mühüm amillədən biri, türk dünyasının ümumi maraqları Azərbaycan və Qazaxıstanı ortaq məxrəcə gətirən əsas meyyarlardan sayılır. Bu gün dost Qazaxıstan qısa müddətdə nüfuzlu beynəlxalq təşkilata çevrilən Türk Dövlətləri Təşkilatının (TDT) əsasını qoyan aparıcı ölkələrdən biridir. Qazaxıstan Mərkəzi Asiyada böyük coğrafiyaya malikdir ölkələrdəndir. Zəngin təbii resurslara və əmək ehtiyatlarına malik olan bu ölkə TDT-nin institusional qurum kimi möhkəmlənməsinə, funksionallığının artmasına, regional və qlobal proseslərə təsir imkanlarının genişlənməsinə davamlı töhfələr verir. Qazaxıstan TDT-da birləşən bütün ölkələrlə xoş mərama əsaslanan dinamik siyasi-iqtisadi münasibətlər qurub. Bu ölkənin rəsmiləri TDT-nin qərarlarının icrasının yüksək səviyyədə təmin olunmasına davamlı səylər göstərirlər. TDT-nin mart ayında baş tutan Ankara Sammitindən az sonra Prezident Kasım-Jomart Tokayevin Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş layihəsini təsdiqləməsi buna son nümunədir. Son vaxtlarda türk dövlətləri arasında keyfiyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulmasının şahidi oluruq. Xəzər-Qara dəniz hövzələri regionunda geniş coğrafiyada yerləşən türk dövlərləri arasında birliyin möhkəmlənməsində Azərbaycan da xüsusi rol oynayır. Astanada ölkələrimiz arasında baş tutan görüşdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çıxış edərkən Qazaxıstana olan münasibətlərimizdə xüsusi ilə bunları qeyd etmişdir: Öz tərəfimdən bir daha demək istərdim ki, Azərbaycanda sizin qardaşlarınız yaşayır, onlar sizə çox hörmət edir, sizi qiymətləndirirlər. Qazaxıstanın bizə münasibətdə əvvəllər də, bu gün də nümayiş etdirdiyi həmrəyliyə görə sizə çox təşəkkür edirik. Biz də öz tərəfimizdən qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hisslərini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini