PDF Oxu

Siyasət

  • 4 168

Ermənilərin anlamaq problemi – RAKURS

Ermənilərin anlamaq problemi – RAKURS

Müharibənin bitməsini bildirən üçtərəfli Bəyanat imzalanan gündən Azərbaycan Ermənistanla münasibətlərin qonşuluq prinsipləri əsasında normallaşması üzərində işlərə başladı. Masaya elə bir sənəd qoydu ki, hər bir normal ölkə bu qədər məğlubiyyət acısı dadmasına rəğmən edilən təklifi geri çevirməz, prosesin tezləşdirilməsi üçün bütün imkanlarını səfərbər edərdi. Antalya Diplomatiya Forumunda Azərbaycanın münaqişədən sonrakı mərhələdə sülh quruculuğu səylərindən bəhs edildi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılığın verilmədiyi qeyd edildi. Növbəti addım kimi Azərbaycan iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair təklifi vasitəçilər tərəfindən Ermənistana təqdim etdi.

Münasibətlərin normallaşması üçün aşağıdakı beş baza prinsiplərinə diqqət edək:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Amma rəsmi İrəvan hələ də ona sarı uzanan sülh əlini tutmaq istəmir. Əslində heç bir qalib ölkə Azərbaycan kimi davrana bilməz, məğlub etdiyi ölkəyə bu jesti etməz, əksinə onun bir daha ayağa durmaması üçün əlindən gələni edər. 5 baza prinsiplərində qeyd olunanlar Ermənistan və ermənilər üçün mükafat sayılmalıdır. Əvəzində isə İrəvan yenə də suyu bulandırmaqla, revanşa hazırlaşmaqla məşğuldur. İrandan və Hindistandan aldığı silahların növünə baxmaq kifayətdir ki, Ermənistanın niyyətlərini üzə çıxarasan. Laçın rayonu ərazisində Azərbaycan-Ermənistan sərhədində baş verənlər bir daha təsdiq edir ki, bu ölkə ilə sülh dilindən danışmaq hələ tezdir. Azərbaycan nə qədər çalışır ki, ümumiyyətlə regionda sülhü bərqərar etsin, buna baxmayaraq Ermənistan bütün imkanları ilə buna qarşı çıxır.

Gorusun Dığ (Tex) kəndi ərazisində baş verən son insident onu göstərdi ki, Ermənistan rəbərliyi ilə hərbçilər arasında fikir ayrılıqları var. Dolayısı ilə desək, bu ölkənin baş naziri orduya nəzarət edə bilmir, Paşinyanın qərarları ilə razılaşmayan ordu komandanlığı hələ də demarkasiya olunmamış sərhəddə başqa ölkələrin diqtəsi və birbaşa göstərişi ilə təxribatlar törədirlər. Paşinyan sülh istədiyini deyir, amma üstündən az bir vaxt keçəndən sonra vəziyyət gərginləşir, atışma, ölüm-itim baş verir. Baş nazir isə bu dəfə hadisəyə başqa don geydirməyə məcbur olur. Bir sözlə Azərbaycanın sülhə dəvət etdiyi Ermənistanda çoxhakimiyyətlilikdir. İrəvan həm də kənar dövlətlərin təzyiqi altında olduğuna görə müstəqil siyasət yürüdə bilmir. İlk baxışdan elə görünür ki, guya İrəvan balanslı siyasət yürüdür, maraqlı dövlətlərin hər biri ilə ayrıca oyun qurur, nəticəsini isə öz maraqlarına uyğun əldə edir. Təbii ki, bu yanlış düşüncədir. Ermənistan həm onun bütün mənalarda himayə edən Rusiya, həm ona nəfəslik verən İran, həm də ona uğurlu gələcək vəd edən Avropa qarşısında çox ağır şərtlərə söykənən öhdəlikləri var. Bir sözlə, Ermənistanın müstəqil siyasət yürütmək, addım atmaq səlahiyyəti yoxdur, şans limiti tükənib.

Bir el misalı var, “itə deyirlər niyə hürürsən, deyir qorxuduram. Deyirlər bəs quyruğun niyə əsir, deyir özüm qorxuram”. Ermənistanın mütəmadi olaraq təxribatlar törətməsi qorxutmaq istəyindən irəli gəlir. İndi isə baş nazir başda olmaqla quyruqlarını əsdirə-əsdirə beynəlxalq təşkilatlardan, dövlətlərdən yardım istəyirlər. Üstəlik, məsələyə münasibətləri də şantaj, yalan üstündə qurulur. Paşinyan bütün hallarda və dönəmlərdə Azərbaycana uduzduğunu artıq qismən də olsa dərk etdiyindən məsələnin həllinə heç kimin gözləmədiyi tərəfdən yanaşmaq istəyir. Qeyd edir ki, “səylərimizə baxmayaraq, Ermənistan və Azərbaycan sərhədində yerləşən Dığ (Tex) kəndi ərazisində prosesi gərginləşdirmədən həyata keçirmək mümkün olmayıb. Aprelin 11-də bu ərazidə növbəti təxribat törədilib, nəticədə Ermənistan Silahlı Qüvvələrinin 4 hərbi qulluqçusu şəhid olub”.
Paşinyan adəti üzrə baş vermiş toqquşmada günahı yenə Azərbaycanın üzərinə qoymağa çalışıb və bunun 2022-ci il oktyabrın 6-da Praqada və 31 oktyabr 2022-ci ildə Soçidə verilən bəyanatlara zidd olduğunu deyib. Bildirib ki, “Aİ-nin bəyanatına ehtiyac var. 1991-ci il sərhədinə hörmətlə yanaşmaq lazımdır və bu cür insidentlərin təkrarlanmasının qarşısını almaq üçün hər iki tərəfin qüvvələri bu xəttdən təhlükəsiz məsafəyə çəkilməlidir. Biz Alma-Ata Bəyannaməsinə uyğun olaraq 1991-ci ildən etibarən Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttinin bütün uzunluğunda belə hərəkətlərə hazırıq”. Paşinyan deyəsən, başına yumruq dəyməsə ağıllanmır. Baş nazir bəyan edib ki, Ermənistan əvvəllər qeyd olunan prinsiplər əsasında regionda iqtisadi və nəqliyyat kommunikasiyalarını açmağa, həmçinin Praqa və Soçidə əldə olunmuş razılaşmalar əsasında sərhədlərin delimitasiyasına hazırdır.

Belə çıxır ki, erməni tərəfi Azərbaycanın təkliflərini anlamaqda çətinlik çəkir. Halbuki, təklif Ermənistan rəhbərliyinin anlayacağı bütün dillərdə yazılıb və aidiyyəti ünvanlara çatdırılıb. Azərbaycan hazırladığı rəsmi sənədlərdə bütün konvensiyaların, bəyannamələrin müvafiq bəndlərinə istinadlar və bu mövqedən çışıx etmək təklifləri öz əksini tapıb. Ermənistan isə “quyruğu qapı arasında qalmayana” qədər bunu görməzdən gəlir.

Ermənistanın “Mənim şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan isə deyib ki, hakimiyyətin yeganə məqsədi tənqidi mümkün qədər özlərindən yayındırmaq və günahı başqalarının üzərinə yıxmaqdır. O sual edib ki, siyasi qərar hansı məqsədlə verilib və MTN sərhəd qoşunlarının komandanı tutduğu vəzifədən niyə azad edilib. 44 günlük müharibə və ondan sonrakı dövrdə olduğu kimi, siyasi hakimiyyət “məsuliyyətli” adamlar çevrəsi formalaşdıraraq, onları tez bir zamanda işdən çıxarır, bəziləri barəsində hüquqi prosesə başlayır. Yeganə məqsəd tənqidin hədəfini yayındırmaqdır. Fraksiya katibi əmin olduğunu bildirib ki, Dığ (Tex) kəndi ərazisində törədilən təxribat və erməni hərbçilər arasında yeni itkilər Paşinyan hakimiyyətin günahı ucbatından baş verib: “Bu gün Ermənistan Parlamentində müdafiə nazirinin müavini və “Mülki müqavilə” fraksiyasının iki deputatı ilə mübahisə baş verdi və onlar məni dünən Dığ (Tex) kəndində baş verən insidentin heç bir hadisə olmadığına inandırmağa çalışdılar. Hakimiyyətdəkiləri birləşdirən bir yanaşma var, o da mövzudan kilometrlərlə uzaqda olmaq, bəhanələr axtarmaq.

Müxalifətçi deputat qeyd edib ki, bütün bunlar siyasi hakimiyyətə bəraət qazandırmaq, məsuliyyəti məhkəmə hökmü olmadan başqalarının üzərinə yıxmaq üçün köşkdən-pavilyona, mikrofondan mikrofona qaçan hakimiyyət sıralarından xüsusi seçilmiş iyrənc şəxslərin fəal təbliğatı ilə müşayiət olunur. Hakimiyyət isə öz xalqına qarşı düşmənçilik edir, onu məhvə aparır.
Amma bu təxrbatların arxasında kim durur, sualına cavab hələ də yoxdur. Yəni dəqiq olaraq hansısa dövlətin, yaxun beynəlxalq təşkilatın ünvanını göstərmək çətinlik törədir. Yalnız əldə olunmuş müəyyən nəticələrdən sonra bu suala da cavab tapmaq asanlaşır. Rusiyanı, İranı, ABŞ və Aİ-ni bu gərginlikdə suçlamaq olar. Ermənistana hər cür dəstək göstərən Fransanı isə şübhəlilərin ən önünə qoya bilərik. Bəli, buna əsaslarımız da var.

Fransa növbəti dəfə ənənəvi ermənipərəst mövqedən çıxış edib. Belə ki, bu ölkənin Xarici İşlər Nazirliyi 11 apreldə Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı yalan və əsassız məqamların əks olunduğu bəyanat yayıb. Bəzi məqamlara diqqət edək. Əvvəla, Fransa tərəfləri delimitasiya prosesini dəstəkləməyə çağırıb. O cümlədən Ermənistanın “ərazi bütövlüyünə hörmət” və Azərbaycana qoşunlarını “işğal olunmuş mövqelər”dən çıxarılmasını “vacib” hesab edib. Fransanı hardasa başa düşmək olardı, əgər 25 ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədri olmasaydı və münaqişənin tarixcəsindən bixəbər olsaydı. Gər ki, Paris kimin kim olduğunu yaxşı bilir, kimin işğalçı, kiminin də işğala məruz qaldığını anlamaq, qanmaq iqtidarındadır. Məgər Fransa Azərbaycan torpaqlarını işğal edən dövlətin Ermənistan olduğunu, 20 faiz ərazilərimizin erməni silahlı qüvvələri tərəfindən ələ keçirildiyini, bir milyondan artıq vətəndaşımızın erməni hücumları nəticəsində öz yurdundan məcburən köçmək zorunda qaldığını bilmirdi? Makronlu Fransa Dığ kəndi yaxınlığında baş verən təxribatların tərəflərdən hansının törətdiyini də yaxşı bilir. Amma “suyu bulandıranın” dostu, qardaşı, “kiçik bacısı” olduğu üçün səsini kəsməyə məcburdur. Amma nə vaxta qədər?

Ermənilərin anlamaq, qanmaq, dərk etmək kimi probleminin olduğunu bir el məsəlində gözəl təsvir ediblər. Bunu ermənilərin oxuması məsləhətdir. Deyir, bir kişinin bostanına qonşu erməni dadanır, qarpız-yemişləri gecə qaranlığında oğurlayıb evinə aparır. Ev yiyəsi nə qədər deyirsə, xəbərdarlıq edirsə, şapalaqlayırsa erməniyə bir təsiri olmur. Bu arada kişinin bostanına bir ayı da girir. Kişi də eləmə tənbəllik ayının qulağının dibinə bir şapalaq ilişdirir. Ayını həmin gündən sonra bostanında görmür. Erməni yenə oğurluğa gələndə kişi ona: “Ayı bir şapalaqdan sonra qandı, sən hələ də qanmırsan”. Vəssalam.

V.VƏLİYEV

Digər xəbərlər