Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ilin 5 aprel tarixində Tacikistan Respublikasında səfərdə olmuşdur. Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafının məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətinin nəticəsi olduğunu bildirən dövlət başçısı həmçinin, qeyd etmişdir ki, həmin illərdə həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmiş, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu. Həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Prezident Rəhmon və Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə, etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.
Öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımızın arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur.
Bu gün hər iki ölkənin bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürləri mövcuddur. Belə ki, nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib və Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Səbəbi Tacikistanın bizə yaxın və sabitlik hökm sürən ölkə olmasıdır.
Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Komissiyanın iclasına qədər nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcəkdir. Həmçinin, mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Bu gün Tacikistandan olan 50-yə yaxın kursant Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır.Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Dövlət səfəri çərçivəsində: “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında yerquruluşu, torpaq münasibətləri, kadastr, geodeziya, kartoqrafiya, Yerin məsafədən zondlanması və coğrafi informasiya sistemləri sahələrində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Tacikistan Respublikası Hökuməti yanında Gömrük Xidməti arasında Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Protokol”, “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti ilə Tacikistan Milli Bankı yanında Maliyyə Monitorinqi Departamenti arasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, əlaqəli əsas (predikativ) cinayətlər və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı maliyyə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, “2025-ci ilədək Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında 2023-2024-cü illər üzrə kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Yol Xəritəsi”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Tacikistan Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində 2023-2024-cü illər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında investisiyalar, startapların təşviqi və sahibkarlıq sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Tacikistan Respublikasının Hökuməti yanında Turizmin İnkişafı üzrə Komitə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı və Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi yanında “Tacinvest” Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Tacikistan Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu” – sənədlər imzalanmışdır.
Hər iki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələri xalqlarımızın inkişafına və rifahına təkan verəcək mühüm amillər kimi diqqətəlayiqdir və xalqlarımız tərəfindən rəğbətlə qarşılanır.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri