PDF Oxu

Siyasət

  • 2 145

Azərbaycan- Qazaxıstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Azərbaycan- Qazaxıstan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Qazaxıstan Azərbaycan Respublikasının xarici siyasətində kifayət qədər önəmli rol oynayan dövlətlərdən biridir. 44 günlük Vətən Müharibəsindən sonra türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi və çoxtərəfli əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsində maraqlı olan Azərbaycan Qazaxıstanla strateji tərəfdaşlıq əlaqələrini müttəfiqlik səviyyəsinə qədər inkişaf etdirmişdir. Azərbaycan və Qazaxıstan xalqları eyni mədəni kökə, eyni etnik kökə sahibdirlər, tarixi inkişaf yolu keçmişlər, hər iki xalq və dövlət bir çox istiqamətlər üzrə ortaq siyasi maraqlara malikdirlər.

Qazaxıstan 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın maraqlarının qorunması, Ermənistanın bütün təxribat xarakterli çağırışlarının zərərsizləşdirilməsi istiqamətində kifayət qədər qətiyyətli mövqe nümayiş etdirib. Müharibədən sonrakı dövrlərdə də Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqədar öz mövqeyini ortaya qoymuş dövlətlərdən biri də Qazaxıstan olmuşdur.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 10 aprel tarixində Qazaxıstan Respublikasına rəsmi səfər etmişdir. Bu səfər Prezident İlham Əliyevin son beş ildə Qazaxıstana artıq üçüncü səfəridir. Səfər zamanı paytaxt Astana şəhərində hər iki dövlət başçısının geniş tərkibdə görüşü baş tutmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış etmişlər. Azərbaycan-Qazaxıstan arasında bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzalayıblar. Səfər çərçivəsində iki ölkənin liderləri arasında aparılan müzakirələr, imzalanan sənədlər müttəfiqliyin yeni mərhələyə qədəm qoyduğunun göstəricisidir və növbəti mərhələdə Azərbaycan Qazaxıstan əlaqələrinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, Astana şəhərinin Yeşil rayonunda yerləşən Ulu Dala prospekti ilə kəsişən, uzunluğu 1400 metr olan dördzolaqlı küçəyə dinamik inkişaf edən müasir Azərbaycanın memarı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Həmin küçədə ucaldılmış dərin mənalı monumentin elementləri türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar. Küçənin açılışında nitq söyləyən Prezident İlham Əliyev demişdir: “Bu gün biz müttəfiqlik səviyyəsinə çatmış əməkdaşlığımızın möhkəmləndirilməsinə dair sonrakı addımları müəyyənləşdirdik. Biz müttəfiqlərik, biz qardaşlarıq, biz dostlarıq. Bugünkü mərasim bizim münasibətlərimizin sarsılmazlığına, qardaşlığımıza və qarşılıqlı hörmətimizə daha bir sübutdur. Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Prezidentə və bütün qazaxıstanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm”

Son illər Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da dərinləşməsi iki ölkə arasındakı ticarət dövriyyəsində də özünü göstərməkdədir. Ölkələrimiz nəqliyyat və logistik infrastrukturunu inkişaf etdirməklə region üzərindən daha çox yüklərin daşınmasına nail ola biliblər. Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan və Qazaxıstan bu gün Türk dünyasının inkişafına və daha da yaxınlaşmasına xüsusi töhfə verirlər. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etməklə yanaşı, Türk dövlətlərinin daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradır.

Qazaxıstanla qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.Azərbaycan Qazaxıstan arasında neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq bu gün davam etdirilir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Qazaxıstan nefti dünya bazarına çatdırılır, Qazaxıstan mənşəli xam neft Azərbaycanda emal olunur və s. Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.Qazaxıstan Respublikasının Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzidir.

Günay Məmmədli

YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər