Aprel ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gedib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüş keçirilmişdir. Görüş zamanı Türkmənistan Prezidenti Emoməli Rəhmon Azərbaycan və Tacik xalqları arasında qədimdən qarşılıqlı xoş münasibətlər olduğunu, dövlətlərarası münasibətlərin də bütün istiqamətlərdə gündən-günə inkişaf etdiyini qeyd etmiş, gələcəkdə də qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dost Tacikistana dəvət edildiyinə görə təşəkkürünü bildirmiş, hər iki ölkə arasında münasibətlərin keçmiş tarixi həm də yaxşı gələcəyi olduğunu qeyd etmiş, beynəlxalq müstəvidə və ikitərəfli formatda sıx əməkdaşlığın mövcud olduğunu vurğulamışdır.
Görüşdən sonra Prezidentlər mətbuata bəyanat vermişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatda qeyd etmişdir ki, “bu gün ölkələrmiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həmin Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev,- hərəsi öz ölkəsində,- qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.”
Cənab Prezident Tacikistanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyindən məmnunluğunu ifadə etmişdir. Daha sonra Azərbaycan Prezidenti vurğulamışdır ki, görüşlər zamanı biz bütün istiqamətlərdə qarşılıqlı irəliləyiş əldə etməliyik.“Nəqliyyat–logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq”.
Azərbaycan Prezidenti cənab İlham Əliyev səfərin əhəmiyyətinə mühüm önəm verərək qeyd etmişdir ki, “Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqları yerinə yetiriləcək. Əminəm ki, nəticələr bizi sevindirəcək”.
Daha sonra cənab Prezident Azərbaycanda Tacik mədəniyyətinin, Tacikistanda Azərbaycan mədəniyyətinin çox yüksək səviyyədə dəyərləndiyini qeyd etmişdir.Çıxışının sonunda cənab Prezident Tacikistanda göstərilən qonaqpərvərliyə və əməkdaşlığa görə Tacikistan Prezidenti Emoməli Rəhmona təşəkkür etmiş, eyni zamanda onu Azərbaycana səfərə dəvət etmişdir. Tacikistan Prezidenti Azərbaycana dəvət edildiyinə görə minnətdarlığını bildirmiş, ilk münasib vaxtda böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini bildirmişdir.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini