PDF Oxu

Siyasət

  • 2 966

Tacikistan - Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir ŞƏRH

Tacikistan - Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir ŞƏRH

Prezident İlham Əliyevin bir neçə gün əvvəl Tacikistan Respublikasına rəsmi səfəri bir daha təsdiqlədi ki, ölkəmiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərində artıq yeni mərhələyə qədəm qoyub. Vətən müharibəsindəki tarixi Qələbəmiz ölkəmizin həm Mərkəzi Asiyada, həm Türk-İslam dünyasında, eləcə də dünya birliyində mövqeyini daha da möhkəmləndirib.İndiki geosiyasi vəziyyətdə qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq, ümumi maraqlar ətrafında daha sıx birləşmək vacibdir. Bu baxımdan, Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri və müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması yüksək dəyərə malikdir. Azərbaycanla Tacikistan arasında keçmiş ittifaq dövründən bu günə qədər davam edən əməkdaşlıq ənənələri var. Tacikistan Orta Asiyada strateji mövqeyinə görə mühüm ölkələrdən biridir. Dağ-mədən, böyük su ehtiyatlarına malik olan bir ölkədir. Hazırkı tarixi mərhələdə Orta Asiya ölkələri ilə münasibətlərin yüksək səviyyədə olması kontekstində Tacikistanın Azərbaycanla əlaqələrinin daha da dərinləşməsi aktual məsələdir. Məhz ona görə də ölkə başçımızın bu səfəri həm iqtisadi, həm də siyasi məna etibarilə strateji əhəmiyyət daşıyır.

Hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə görüşlərinin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Diplomatik münasibətlərin qurulmasından ötən otuz il ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qurub və böyük nəticələr əldə edə biliblər. Bu münasibətlərin əsası Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev tərəfindən qoyulub.

Ölkəmiz son illərdə Mərkəzi Asiya dövlətləri ilə ciddi əlaqələr qurur, münasibətlərdə böyük canlanma müşahidə olunur. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir.

Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti ilə birgə mətbuata bəyanatında Tacikistan Prezidentini Azərbaycana səfərə dəvət edib. Bildirib ki Emoməli Rəhmon Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq. “

Xatırladaq ki, 1997-ci il dekabrın 10-da Azərbaycan Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə iştirak etmək üçün Tehranda səfərdə olarkən Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb. Görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən məmnun qaldığını xüsusi qeyd edən Tacikistan Prezidenti hüquqi demokratik dövlət qurulması və islahatların uğurla yerinə yetirilməsi sahəsində son illər Azərbaycanda həyata keçirilən tədbirlərə böyük maraq göstərdiyini bildirib.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Tacikistanla münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Ölkə başçımız 2007-ci il mart ayının 15-də Tacikistanda rəsmi səfərdə olub. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla təkbətək görüş keçirib. Görüşdə Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Səfər çərçivəsində Azərbaycanla Tacikistan arasında bir sıra sənədlər, dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Prezident İlham Əliyevin 2014-cü il oktyabrın 16-da Tacikistana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib.

13 avqust 2007-ci ildə Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərində ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün potensial imkanlardan tam istifadə edilməsinin zəruriliyi bildirilib, bir sıra sənədlər imzalanıb. Birgə Bəyannamə imzalanıb.

2012-ci ilin iyul ayında ölkəmizə rəsmi səfər edən Tacikistan Prezidenti Emoməli Rəhmon ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında növbəti mühüm görüşdə iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Dövlət başçısı Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmini vurğulayıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb. 10 avqust 2018-ci ildə Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri qarşılıqlı əməkdaşlığın genişlənməsinə zəmin yaratmışdır.

Hazırda Tacikistan və Azərbaycan arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Tacikistandan olan 50-yə yaxın kursant Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının daha da artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər.

Azərbaycan-Tacikistan münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq sahəsində də inkişaf etməkdədir. Azərbaycanla Tacikistan İKT, İƏT, MDB kimi regional təşkilatlarda, həmçinin TRACECA proqramında faydalı əməkdaşlıq edirlər. Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir. Prezident İlham Əliyevin dövlət səfəri çərçivəsində Azərbaycanla Tacikistan arasında imzalanan sənədlər iki ölkə , eləcə də respublikamızın Mərkəzi Asiya və Türk dövlətləri ilə əlaqələri yeni mərhələyə yüksəldib.

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Digər xəbərlər