PREZİDENT İLHAM ƏLİYEV: “Bu gün Azərbaycan–Bosniya və Herseqovina münasibətlərinin yeni səhifəsi başlayır”
JELKA TSVİYANOVİÇ: “Ölkəmizdə hər hansı çətinlik baş verəndə Azərbaycan yanımızda olub”
Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Bəli, bu gün Azərbaycan öz regionunda bir gücdür və gələcəkdə beynəlxalq arenada daha vacib amil olacaq. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Belə ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlığı çox vacibdir. Həmçinin diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin səfəri layihələrin və investisiyaların artırılması üçün geniş imkanlar açır. Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri, səfər zamanı aparılacaq müzakirələrdə iqtisadi və enerji sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilməsi, ökələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Qeyd edək ki, Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında yüksək səviyyədə rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkələrin Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi və Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səsləndi.Dövlətimizin başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviçə təqdim edildi. Sonra Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə görüşü oldu. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç «Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzaladılar. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər.
PREZİDENTİ İLHAM ƏLİYEV: “Bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir”
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında bildirib ki, bu gün bizim münasibətlərimizin yeni səhifəsi başlayır: "Rəsmi səfər çərçivəsində aparılan danışıqlar yeni imkanlar açır. O cümlədən bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir"."Müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələrin aparılacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib ki, eyni zamanda, iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq. “Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilmişdir. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq», - deyə dövlətimizin başçısı bildirib. “Bu gün biz geniş fikir mübadiləsi əsnasında Bosniya və Herseqovina-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı vahid mövqeyə gəlmişik. Yəni, bu əlaqələr bundan sonra yüksələn xətlə inkişaf edəcək”.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib. Əlaqələrimizin tarixinin də çox gözəl olduğunu vurğulayan dövlətimizin başçısı vurğulayıb: «Xüsusilə, siyasi müstəvidə aparılan məsləhətləşmələr və əlaqələr bizim münasibətlərimizi yüksək səviyyəyə qaldırmışdır. Biz beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi bütün məsələlərdə dəstəkləmişik və bu dəstək bu gün də hiss olunur. Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi". Prezident İlham Əliyev mətbuata bəyanatında onu da vurğulayıb ki, İkinci Qarabağ müharibəsi zamanı Bosniya və Herseqovina Azərbaycanı qətiyyətli şəkildə dəstəkləmişdir: «İki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq".“Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir”, - deyə dövlətimizin başçısı bildirib.
AZƏRBAYCAN PREZİDENTİ: “Strateji tərəfdaşlıq əlaqələri hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur”
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında bildirib ki, strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq: «Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək". Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır: “Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir”.“Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq», - deyə dövlətimizin başçısı bildirib. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib: "Bosniya və Herseqovina ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq bizim üçün çox maraqlıdır". «Energetika sahəsində çox geniş imkanlar var. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Bu kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Yaxşı olar ki, biz təbii qaz sahəsində də əməkdaşlığa başlayaq. Müvafiq göstərişlər artıq verilmişdir»,- deyən dövlət başçımız bununla bərabər, hidroenergetika, eyni zamanda, bərpaolunan digər enerji növləri üzrə birgə araşdırmaların aparılacağını da vurğulayıb: «Əminəm ki, bu istiqamətdə də ciddi addımların atılması mümkün olacaq. Azərbaycan xarici ölkələrə milyardlarla dollar həcmində sərmayə qoyubdur və əlbəttə ki, Bosniya və Herseqovina ilə bu sahədə əməkdaşlıq bizim üçün çox maraqlıdır”. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələsindən də söz açıb. Dövlətimizin başçısı mətbuata bəyanatında bu barədə bildirib: “Nəqliyyat sahəsində əməkdaşlığın bütün istiqamətləri geniş araşdırılmalıdır. Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini icra edib, onları başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı da hesab edirəm ki, bütün bölgələrimizdə yaşayan xalqlar üçün faydalı ola bilər”.
AZƏRBAYCAN PREZİDENTİ: “Mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı birgə fəaliyyətin böyük önəmi ola bilər”
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib: «Biz bu gün söhbət zamanı, həmçinin mədəniyyətlərarası dialoqun dərinləşməsi ilə bağlı fikir mübadiləsi apardıq, bizim təcrübəmizi bölüşdük. Hesab edirəm ki, bu istiqamətdə də birgə fəaliyyətin böyük önəmi ola bilər”. Həm Bosniya və Herseqovinanın, həm də Azərbaycanın çoxkonfessiyalı ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib: “Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Burada da fikir mübadiləsi, təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır”.
JELKA TSVİYANOVİÇ: “Ölkəmizdə hər hansı çətinlik baş verəndə Azərbaycan yanımızda olub”
“Biz qərara gəldik ki, bu gün artıq əməkdaşlığımızın yeni səhifəsini açaq və daha səmərəli əməkdaşlıq etməyə başlayaq”. Bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib. Azərbaycanın çətin vaxtlarda daim Bosniya və Herseqovinanın yanında olduğunu vurğulayan Jelka Tsviyanoviç bildirib: “Bu fürsətdən istifadə edərək, cənab Prezident Əliyevə və ölkənizə 2014-cü ildə bizim ölkədə baş vermiş daşqın zamanı göstərilmiş yardıma görə minnətdarlığımı bildirirəm. Bizim xalqımız böyük çətinliklərlə üzləşmişdi və Azərbaycan o zaman bizim yanımızda oldu, daha sonra koronavirus və pandemiya dövründə də Azərbaycan bizə yardım göstərdi. Bütün bu müddət ərzində Azərbaycan bizim bir neçə şəhərimizdə mühüm lazımi infrastruktur layihələri həyata keçirdi. Banya Luka şəhərində tibbi mərkəz yaradıldı, Sarayevo şəhərində dostluq parkı salındı. Eyni zamanda, Sarayevoda tibb müəssisəsi təsis edildi. Ölkəmizdə hər hansı bir çətinlik baş verən vaxtda da Azərbaycan hər zaman bizim yanımızda olmuşdur”.
BOSNİYA VƏ HERSEQOVİNANIN RƏYASƏT HEYƏTİNİN SƏDRİ: “Bu gün imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik”
"Bu gün imzaladığımız Bəyannamə ilə biz strateji tərəfdaşa çevrilmişik". Bunu Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib."Bu Bəyannamə bizə imkan verəcək ki, daha sıx siyasi dialoq həyata keçirək, eyni zamanda, daha səmərəli iqtisadi əməkdaşlıq edək. Bunun sayəsində biz - işgüzar dairələr, dövlət qurumları həm iqtisadi mənfəət görəcəyik, eyni zamanda, təhlükəsizlik sahəsində də əməkdaşlıq başlanılacaq”, - deyə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bildirib.
JELKA TSVİYANOVİÇ: Azərbaycan bizim üçün çox mühüm ölkədir
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib: «Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır. Çox şadam ki, biz bu məsələdə də inkişaf görürük". Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Bosniya-Herseqovina arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək. Çünki Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin dediyi kimi: «Azərbaycan bizim üçün çox mühüm ölkədir. Bu gün biz bunu bəyan edirik ki, bir-birimizə dost ölkəyik, həm beynəlxalq arenada bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli münasibətlərimiz də daha yüksək səviyyəyə qalxacaqdır". Bəli, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi: «Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək". Bir sözlə, bu gün Azərbaycan və Prezident İlham Əliyev nəinki Bosniya və Herseqovina üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır.
RƏFİQƏ KAMALQIZI