Məlum olduğu kimi, Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi əvəzsiz liderin dövlətimizə və millətimizə xidmətləri Prezidentimiz cənab İlham Əliyev tərəfindən olduqca yüksək qiymətləndirilərək, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Dahi şəxsiyyətin 100 illiyini qeyd etdiyimiz bu günlərdə çoxsaylı silsilə tədbirlərdə Ulu Öndər dühasının xalqımıza bəxş etdiyi mühüm töhfələrdən bəhs olunur, Onun misilsiz xidmətləri barədə media orqanlarında müxtəlif fikirlər səsləndirilir və məqalələr yazılır. Ümummilli Liderin banisi olduğu müstəqil dövlətimizin inkişaf dövrünün yetirməsi olan bir gənc kimi mən də Ulu Öndərin 100 illiyi ərəfəsində rəhbərimizin uğurlu gənclər siyasətindən bəhs etmək istərdim. Çünki Ulu Öndər yaşadığı 80 illik ömrünün çox hissəsini xalqımıza xidmətə həsr edib. Xalqımızın rifahı və gələcəyi isə sağlam, savadlı, vətənpərvər gənc nəslin hazırlanmasından birbaşa asılı olub. Bunu əsas götürən Ulu Öndər hələ birinci dəfə Azərbaycanda rəhbər vəzifəyə seçiləndən dərhal sonra gənclərimizin mükəmməl təhsil alması, müxtəlif peşələrə, o cümlədən hərbçi peşəsinə yiyələnməsi qayğısına qalıb. İttifaqın nüfuzlu ali məktəblərində təhsil almaq üçün gənclərimizin respublikadan kənara göndərilməsi, eyni zamanda Bakıda milli hərbi kadrların hazırlanmasında baza rolu oynayan Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlamasını bunlara misal göstərmək olar.
Təsadüfi deyil ki, təxminən 55 il əvvəl Azərbaycanda əsası qoyulan gənclər siyasəti ötən əsrin 80-ci illərində və müstəqillik əldə etdikdən sonra da xalqımızın inkişafına öz təsirini göstərib. Belə ki, 1969-cu ildən sonrakı dövrə gəncliyi təsadüf edən bütöv bir nəsil Ulu Öndərin sayəsində respublika daxilində olduğu kimi, xaricində də təhsilə yiyələnərək, ölkəmizdə gedən quruculuq prosesində iştirak edərək, Azərbaycanı gələcəyə uğurla çıxarıb. Zamanı gələndə həmin öncül kəsim estafeti daha gənc nəsillərə ötürüb. Onlar da öz növbəsində respublikanın müstəqilliyi uğrunda milli azadlıq mübarizəsi də daxil olmaqla, Vətənə və dövlətə ləyaqətlə xidmət etmişlər. Baxın, məhz Ulu Öndər Heydər Əliyevin memarlıq və quruculuq təcrübəsi ilə yetişdirilən həmin nəsil bizi müstəqilliyə qovuşdurdu, xalqımızın ən çətin dövrlərdə belə ayaqda qalmasını təmin etdi.Çox təəssüf ki, 1990-cı illərin əvvəllərində, yəni Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkəmiz işğalçılıq niyyəti güdən Ermənistan tərəfindən təcavüzlə qarşı-qarşıya qaldığı üçün gənclərimiz ciddi sınaqlarla və çətinliklərlə üzləşdi. Belə ki, Vətənin müdafiəsinə qalxan, torpaqlarımızın qorunması üçün əllərindən gələni əsirgəməyən gənclərimizin bir çoxu 1991–1994-cü illərdəki Birinci Qarabağ müharibəsində şəhid oldular, yaralandılar və uzun illər hərbi xidmət keçmək məcburiyyətində qaldılar. Onu da qeyd edim ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin sayəsində cəbhədə əldə edilən uğurlar düşmən tərəfini atəşkəs sazişi imzalamağa məcbur etdi. Eyni zamanda, 1994-cü ilin mayında cəbhədə atəşkəs elan edilməsi həmin vaxt nə qədər davam edəcəyi bəlli olmayan silahlı münaqişədə minlərlə qəhrəman övladlarımızın şəhid olmasının qarşısını aldı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə müharibənin dayandırılmasında əsas məqsədlər ölkənin iqtisadi inkişafına nail olmaq, ordu quruculuğunda mühüm addımlar atmaq idi.
Bu məqamda qeyd etmək yerinə düşər ki, atəşkəs elan edilməsindən dərhal sonra Ulu Öndər gələcəyimiz olan gənclərin qayğısına qalmaq üçün mühüm addımlar atdı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, gənclərin öz aralarında, habelə dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyətini asanlaşdırmaq məqsədilə Ümummilli Lider tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürüldü. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Azərbaycan Gənclərinin I Forumunun ildönümü münasibətilə 1 fevral 1997-ci ildə gənclərin bir qrupunu qəbul edəndən sonra Ümummilli Lider Heydər Əliyev 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Ulu Öndərin gənclər siyasətinin daha bir mühüm istiqaməti o vaxt gənclərimizə nümunə olan cənab İlham Əliyevin ali rəhbər vəzifə üçün püxtələşməsinin qeydinə qalmaq idi. Məqsədəmüvafiq olaraq yetişdirilən Gənc Liderin 2003-cü ildə xalqımız tərəfindən prezident seçilməsi həmin siyasətin uğurundan xəbər verirdi. Sonrakı illərdə sübut olundu ki, İlham Əliyev şəxsiyyəti Heydər Əliyev fenomeninin ən layiqli davamçısı, gənclərə olan münasibəti Ulu Öndərin mirasıdır. Sözsüz ki, Ümummili Liderin layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə münasibəti də birmənalı şəkildə müsbət olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ötən illər ərzində dövlə başçısı tərəfindən uğurla davam etdirilib. Belə ki, Ulu Öndərin 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir. Onu da xatırladaq ki, 18 sentyabr 2001-ci il tarixli Fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. Həmçinin 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanunla respublikamızda gənclər siyasətinin məqsədləri, prinsipləri və mühüm istiqamətləri müəyyənləşdirilib. Dövlət başçısının 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yenidən Gənclər və İdman Nazirliyi təsis edilib. Xüsusi vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanda gənclərin layiqli təhsil alması əsas prioritet istiqamət olmaqla yanaşı, ölkəmizdə idmanın inkişafına da böyük diqqət və qayğı göstərilir. Ümumiyyətlə, ölkədə uzun illərdir yürüdülən gənclər siyasəti müstəqil Azərbaycanın gələcəyinə töhfə verən, biliyinə güvənən, lazım gələndə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olan vətənpərvər gənclər yetişdirməyə yönəldilib.
Təsadüfi deyil ki, Vətən müharibəsində əldə edilən Zəfərdə Azərbaycan gənclərinin misilsiz xidmətləri olub. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını dəfələrlə bəyan edib. Ona görə ki, hələ Vətən müharibəsi başlamamış, 2020-ci ilin iyulunda Ermənistanla dövlət sərhədində baş verən toqquşmalar zamanı gənclərimiz ayağa qalxaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmişdilər. Eyni zamanda İkinci Qarabağ müharibəsində Şuşanı böyük şücaətlə azad edən ordumuzun əsgər və zabitlərinin mütləq əksəriyyəti gənclər idi. Bir zamanlar körpə kimi qucaqda öz doğma yurdlarını tərk etməyə məcbur qalanlar 30 il sonra tank üstündə qəhrəman kimi ata-baba torpaqlarına daxil oldular. Azərbaycan xalqının gənc və igid övladları Ali Baş Komandanın rəhbərliyi altında müharibənin özlərindən sonrakı nəsillərə xoşagəlməz miras kimi qalmasına imkan vermədilər. Yeri gəlmişkən, qeyd edim ki, Ümummilli Liderimiz qurucusu olduğu Yeni Azərbaycan Partiyasının da son illərdə gənc nəslin yetişməsində rolu danılmazdır. Vaxtilə partiyanın yetişdirdiyi gənclər bu gün deputat, nazir, komitə, təşkilat və birlik sədri, icra hakimiyyəti başçısı, bələdiyyə sədri və müxtəlif vəzifələrdə, elm sahəsində çalışır və digər yüksək peşə ixtisasına yiyələnirlər. Üstəlik, onların dövlətimizə və xalqımıza göstərdikləri xidmətlər əvvəlki nəsillərdən heç də geri qalmır. Ümumiyyətlə, müstəqilliyin bərpasından sonra olduğu kimi, son illərdə gənclərin məqsədyönlü şəkildə yetişdirilməsi bizim bir çox sahədə uğurlarımızı şərtləndirib. Zaman göstərdi ki, Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasəti öz layiqli bəhrəsini verir. Heç bir şübhə yoxdur ki, Ulu Öndərin gənclər siyasəti ilə yetişdirilən milli və vətənpərvər Azərbaycan gəncliyi öz uğurlu nəticələrini layiqli şəkildə gələcək nəslə ötürəcək.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü