Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan, Azərbaycanın strateji tərəfdaşı Qazaxıstanla əlaqələri çox önəmlidir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 27-də qurulub. İkitərəfli müqavilə-hüquq bazasına əməkdaşlığın bütün sahələri üzrə bir çox sənədlər daxildir.
Azərbaycanla Qazaxıstanın yaxın münasibətlərinin əsasında bir çox amillər dayanır. Əvvəla, azərbaycanlıların və qazaxların vahid etno-linqvistik birliyə - türklərə mənsubiyyətinə görə, Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dil, dini və mədəni dəyərlərə görə çox yaxındırlar. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında (TDT), Türkdilli Ölkələrin Parlament Assambleyasında (TürkPA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) iştirak edir. Qardaş xalqlarımızı birləşdirən ümumi mənəvi dəyərlər, mədəni-dini köklər və möhkəm dostluq Azərbaycan-Qazaxıstan dövlətlərarası münasibətlərini şərtləndirən əsas amillərdəndir. Bundan əlavə, Xəzər dənizində qonşuluq nəinki ikitərəfli qarşılıqlı əlaqə, həm də Xəzər regionunun inkişafı istiqamətində əməkdaşlığa ciddi təsir göstərir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, bu da parlamentlərarası əlaqələrin genişləndirilməsində mühüm rol oynayır.
Çoxtərəfli formatda tərəflər beynəlxalq və regional təşkilatlar (BMT, MDB, İƏT, TDƏŞ, AQEM, ATƏT, İƏT və s.) çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərirlər. Azərbaycan və Qazaxıstan beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Bu dəstək Azərbaycanın 2012-2013-cü illərdə, Qazaxıstanın isə 2017-2018-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin irəli sürülməsində faydalı olub. Azərbaycan EXPO-2017 beynəlxalq sərgisinin Qazaxıstanda keçirilməsi ideyasını ilk dəstəkləyənlərdən biri olub. 27 oktyabr 2006-cı il tarixində Vyanada ATƏT Daimi Şurasının Qazaxıstanın 2009-cu ildə ATƏT-ə sədrliyinə həsr olunmuş xüsusi plenar iclasında Azərbaycan bu təklifi dəstəkləmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri 2006-cı il dekabrın 5-də Brüsseldə ATƏT Nazirlər Şurasında çıxışında Azərbaycanın Qazaxıstanın 2009-cu ildə ATƏT-ə sədrliyinə dəstəyini təsdiqləyib. 2013-cü il dekabrın 24-də Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyünün müzakirə olunduğu Avrasiya Ali İqtisadi Şurasının iclasında prezidentlərin iştirakı ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyanatla çıxış edərək Azərbaycanın narazılığını vurğulamışdır. Bu addım Ermənistanda kəskin etiraza səbəb oldu. Qazaxıstan Prezidenti N.Nazarbayev Ermənistanın işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik rayonlarla sərhədinin dəqiqləşdirilməsini və bu sərhəddə effektiv gömrük nəzarətinin olmamasını tələb edib və rəsmi İrəvanın təşkilata üzvlüyünün yalnız onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mümkün olduğunu bildirmişdir. Bundan başqa, Qazaxıstanın 2016-cı il aprelin əvvəlində Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyin artmasından sonra aprelin 8-də keçiriləcək Avropa İqtisadi Birliyinin sammitində iştirakdan imtina etməsi Ermənistanın sərt müqaviməti ilə üzləşdi və Azərbaycanın mövqeyinə dəstək aktı kimi qiymətləndirildi. Həmçinin Qazaxıstan nümayəndə heyəti 2016-cı il aprelin 23-də İrəvanda keçirilən “Invest Armenia-2016” investisiya sərgisində iştirakdan imtina edib. Qazaxıstanın Kollektiv Təhlükəsizlik Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycanla münaqişəsində, Ermənistana hərbi yardımdan imtina etməsi həm də Qazaxıstanın Azərbaycana dost münasibəti ilə bağlı olub. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov hələ 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edərək, Ermənistanı “işğalçı” adlandırıb və əlavə etmişdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir.
İqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına Azərbaycan-Qazaxıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işi kömək edir. Komissiyanın tövsiyələri enerji, tranzit və nəqliyyat sistemləri, kənd təsərrüfatı, təhsil və turizm sahələrində ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi ilə bağlı ikitərəfli əməkdaşlığın geniş spektrini əhatə edir. Xüsusilə, neft və qaz avadanlıqlarının istehsalı, beynəlxalq dəniz naviqasiyası (Xəzər dənizində), birgə nəqliyyat və logistika şirkətlərinin yaradılması, hərbi-sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, elmi-texniki və kənd təsərrüfatı üzrə təhsil müəssisələri arasında əməkdaşlıq sahəsində ikitərəfli işgüzar tərəfdaşlıq əlaqələrinin inkişafı üçün potensial mövcuddur. Hazırda Qazaxıstanda Azərbaycan kapitalının iştirakı ilə 700-dən çox, Azərbaycanda isə Qazaxıstan kapitalının iştirakı ilə 60-a yaxın şirkət qeydiyyatdan keçib. Qazaxıstan və Azərbaycan arasında mövcud əməkdaşlığın əsas halqası iki ölkəni birləşdirən tranzit və nəqliyyat dəhlizlərinin genişləndirilməsi və təkmilləşdirilməsidir.
Azərbaycan və Qazaxıstan humanitar sahədə də geniş əməkdaşlıq qurub. 2006-cı il sentyabrın 25-də Qazaxıstanın Cambul vilayətində İmadəddin Nəsimi adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. 2007-ci ildən Azərbaycan diasporu Qazaxıstanda “Vətən” qəzetini nəşr etdirir. Bundan əlavə, Sumqayıt və Aktau qardaşlaşmış şəhərlərdir. Qazaxıstanda Azərbaycanlıların Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə var. 2011-ci ildə Bakı Dövlət Universitetində qazax şairi Abay Qunanbayulinin adını daşıyan mərkəz açılıb. Hazırda Qazaxıstanda Azərbaycanın tarixi və mədəniyyətinin öyrənilməsi üzrə 5 mərkəz fəaliyyət göstərir. 2 may 2017-ci il tarixində Ümummilli Lider Fondunun icraçı direktoru, Qazaxıstan Respublikasının Birinci Prezidenti K. Jumabayevin səfəri çərçivəsində bu Fond ilə Heydər Əliyev Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. 16 may 2018-ci il tarixində Astanada Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitabının qazax dilində nəşrinin təqdimat mərasimi keçirilmişdir. İyunun 13-də Bakıda Heydər Əliyev Mərkəzində yuxarıda adı çəkilən kitabın təqdimat mərasimi keçirilmişdir. Qazaxıstan Prezidentinin cənab Kasım-Jomart Tokayevin tapşırığı ilə, işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması, ölkələrimiz arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyi təcəssüm etdirir.
Azərbaycan və Qazaxıstan Liderləri dəfələrlə qarşılıqlı səfərlər edir, müxtəlif beynəlxalq tədbirlərdə görüşürlər. Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin inkişafına müstəsna töhfə verib. Ümumilikdə, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 100-dən çox ikitərəfli sənəd imzalanıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və birlik haqqında Saziş” xüsusi əhəmiyyət kəsb etmişdir. Tokayevin 2022-ci ilin avqustun 24-də Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edən hadisələrdən olub və nəticədə iki ölkə arasında Strateji Münasibətlərin möhkəmləndirilməsi və Müttəfiq Əməkdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və əməkdaşlığın müxtəlif sahələrinə dair digər sənədlər imzalanmışdır. Sənədlərin praktiki tərəfinin icraatı istiqamətində ciddi işlər gedir.
Xüsusi əhəmiyyət kəsb edən görüşlərdən, cari ilin aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qazaxstan Respublikasına rəsmi səfəri olub. Dövlət Başçısını Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub. Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi qarşıladı. Səfər çərçivəsində dövlət liderləri həm məhdud, həm geniş tərkibdə görüş keçiriblər, mətbuata bəyanatlarla çıxış ediblər. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar. Bundan əlavə, mərasimdə “Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC ilə “Qazaxıstan Respublikası Prezidentinin Teleradiokompleksi” Qeyri-Kommersiya Səhmdar Cəmiyyəti arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutu arasında elmi və mədəni əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qazaxıstan Respublikasının “Otandastar Fondu” arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qazaxıstan Respublikasının İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında anlaşma və əməkdaşlıq haqqında Memorandum” ları imzalanmışdır.
Ölkə Başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı, Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev bəyanatında, aparılmış tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirərək, ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduqlarını, çoxşaxəli əməkdaşlığı möhkəmləndirmək üçün əsas sərvətimizi – iki xalq arasında qardaşcasına münasibətləri qoruyub saxlamaq və möhkəmləndirmək vacibliyini, Azərbaycan ilə əməkdaşlıq Qazaxıstan üçün prioritet məsələ olub və olacağını, Azərbaycan Prezidentinin səfərinin ölkələrimiz arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsinin uğurlu davamı üçün çox böyük əhəmiyyət kəsb ediyini vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyanatında qonaqpərvərliyə və dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürünü bildirərək, Qazaxıstan Prezidentini həyatın bütün sahələrini əhatə edən islahatların uğurla reallaşdırılması münasibətilə təbrik etdi və qardaş ölkənin inkişafı işində yeni uğurlar arzuladı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adından və bütün Azərbaycan xalqı adından təşəkkürünü bildirərək, cənab Prezident Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndirdiyini qeyd etdi. Ölkələrimiz arasında müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətin gələcək inkişafının möhkəm təməli olduğunu deyən dövlət Başçısı, bu gün bu təməli konkret məzmunla zənginləşdiririklərini, orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması, sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi ilə bağlı məsələləri, o cümlədən gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələləri, əldə edilən razılaşmalar çərçivəsində, tamamilə real olduğunu vurğuladı, görüş çərçivəsində əldə olunan razılıqların faydasına və əlaqələrin potensiyala toxundu. Danışıqların səməriliyindən məmnun qalan cənab Prezident, yekun olaraq dedi: "Hörmətli Kasım-Jomart Kemeleviç, qonaqpərvərliyə, dəvətə görə bir daha təşəkkür edirəm və fürsətdən istifadə edib Sizi yenidən, Sizin üçün münasib vaxta Azərbaycana səfərə dəvət etmək istəyirəm. Prezident Kasım-Jomart Tokayev: Təşəkkür edirəm. Xalqlarımız arasında qardaşcasına qarşılıqlı münasibətlərlə bağlı sözlərinizə görə Sizə xüsusi təşəkkür etmək istərdim. Qazax xalqı üçün də azərbaycanlılar qardaşdır. Bu barədə bu gün danışıqlar zamanı da demişəm, indi də deyirəm. Bu, sadəcə, bəlağətli sözlər deyil, hərçənd xüsusən belə tədbirlər zamanı hərdənbir bəlağətli sözlər də demək lazımdır. Bu sözlər, əslində, ölkələrimiz arasında əməkdaşlığın xarakterini əks etdirir. Ümidvaram ki, bütün bunlar daimi olacaq".Qürurverici hadisə isə, Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının verilməsi olub. Bununla əlaqədar aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycanda tərəqqi və genişmiqyaslı quruculuq işləri bu böyük insanın rəhbərliyi ilə başlandığı, yeni məkan və oradakı memarlıq elementləri qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzi olduğu qeyd olundu. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da uğurla davam etdirəcəyimizə inam və ümid verir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü