Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir". Bəli, bu gün tarixi sınaqlardan çıxmış Güclü Azərbaycan - Güclü Türkiyə liderlərinin örnək qardaşlıq birliyi bütün dünyanın diqqətindədir.
"Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, "Bir millət iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur". Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin Zəfər Bayramı münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunda yer almışdı.
Bəli, dövlət başçımızın dediyi kimi, Türkiyə-Azərbaycan sınaqlardan çıxmış qardaşlıq birliyi, ulu öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi. Və bu gün bu iki güclü Liderlərin şad gündə, dar gündə bir-birinin yanında olması bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Türkiyə bundan sonra da bir olacaq. Çünki Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır. Biz 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin ən yüksək zirvədə olduğunu bir daha gördük. Eyni zamanda, iki dost, qardaş ölkə arasında müttəfiqlik sənədinin 15 İyun - Milli Qurtuluş Günündə Qarabağımızın tacı, musiqi beşiyimiz Şuşada imzalanması dünyaya bu birliyin, həmrəyliyin gələcəyi ilə bağlı bir çox məqamları çatdırdı. Vətən müharibəsində dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşadan “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” bəyan etdi. Və bu 44 günlük İkinci Qarabağ müharibəsinin Qələbə Zəfərində iki qardaş birliyi – İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan - "Bir millət, iki dövlət" birliyini nümayiş etdirdi. Dövlət başçımız bu birlikdən qürur duyduğunu söylədi: "Biz də bu qədər möhtəşəm dostumuz olduğu üçün qürurlu və şadıq".
Həmçinin, qardaş Türkiyədə istər yanğınlar, istərsə də fevralın 6-da baş verən zəlzələnin ilk günündən bu günə kimi, türk xalqı kimi, Azərbaycan xalqı da böyük hüzün, kədər içində oldu. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti onu da vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Bu bir daha iki qardaş ölkənin liderlərinin həmrəyliyinin, «bir millət, iki dövlət» olduğunun nümayişi idi.
Həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da sosial mediada paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirdi. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva “Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə qardaş Türkiyəyə dəstəyini ifadə etdi.
Ən əsas məqam isə, Türkiyənin zəlzələ ilə əlaqədar dördüncü dərəcəli həyəcan elanından sonra beynəlxalq müstəvidə yardım təklifləri gələrkən təbii ki, yenə ilk köməyə gedən qardaş, dost olan Azərbaycan oldu, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva oldu. Və bu günə kimi də bu birlik, qardaşlıq davam edir. Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazintep Hava Limanında Birinci vitse-rezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb. Baş vermiş faciə ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın başsağlığını çatdıran Fondun nümayəndəsi bu günlərdə bütün Azərbaycan xalqının, ölkənin bütün təşkilatlarının qardaş ölkə üçün zəruri yardımların göstərilməsi naminə səfərbər olduğunu bildirib.
Azərbaycan dövləti və xalqının Türkiyədəki faciə ətrafında səfərbər olmasına görə təşəkkürünü bildirən Rəcəb Tayyib Ərdoğan deyib: "İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adımdan çox təşəkkür edirəm!".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu da vurğulayıb ki, Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycan Türkiyənin yanındadır: «Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”
BU SƏRHƏD TANIMAYAN QARDAŞLIQ, ƏBƏDİ, SARSILMAZ BİRLİYİMİZDİR
Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin qardaşlığı, iki dövlət bir yumruq həmrəyliyi birliyi, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Bu sərhəd tanımayan qardaşlıq birliyidir. Və hər iki qardaş dövlətlərin liderləri və xalqə bir daha dünyaya nümayiş etdirdi ki, bu sarsılmaz qardaşlıq birliyi təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin təsdiqidir və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar, onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə, mənəviyyatına, dəyərlərə bağlılığına yaraşan da elə məhz budur! Çünki Azərbaycan xalqı bu sarsılmaz birliyin qüdrətinə 44 günlük şanlı Vətən müharibəsində gördü və bütün dünya bir daha şahid oldu. Və qələbədən də sonra Türkiyə həmişə olduğu kimi, yenə də haqq işimizi müdafiə edərək Qarabağın azadlığa qovuşdurulmasında Azərbaycana həm mənəvi, həm də siyasi dəstək oldu. Həmin dövrdə nə qədər beynəlxalq təzyiqlərlə qarşılaşsa da, qardaş ölkə bu mövqeyindən bir addım da geri çəkilmədi, daim Azərbaycanın yanında oldu.
Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Budur - bir millət, iki dövlət münasibəti. Doğrudur, bu gün Türkiyə kimi bir güclü dövlətin Azərbacanla bir olması çox dövlətlərin qısqanclığına səbəb olub. Ancaq bir məqamı anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə illərin sınağından çıxmış, bu birlik möhkəmlənmişdir. Bu birliyi isə heç bir qüvvə sındıra bilməz! Və Azərbaycan-Türkiyə bütün çətin anlarda xalqının birliyi ilə, iqtidarının səyi ilə həmişə qalib olacaq!!!
Çünki bu gün Güclənən bir Azərbaycan, Güclənən bir Türkiyə vardır! Və xalq şairi Bəxtiyar Vahabzadənin bu qardaşlıq birliyini ifadə etdiyi şeirində olduğu kimi:
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu, –
Azərbaycan – Türkiyə.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü