Prezident İlham Əliyev: “Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar”
Azərbaycan bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzinə çevrilib. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi - rus, ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s. yaşayır. Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti və s. göstərmək olar. Bütün xalqların nümayəndələri öz ayinlərini, milli bayramlarını sərbəst şəkildə yerinə yetirirlər. «Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti lham Əliyev Pasxa bayramı münasibəti ilə təbrikində bildirib: “Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər”.
Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır
Azərbaycan müstəqillik illərində dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atıb. Müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Sosial bir hadisə olan multikulturalizm və tolerantlıq cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Təbii ki, multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib.
Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri, mədəniyyəti ilə fəxarət hissi keçirən Ulu Öndər Heydər Əliyev dini abidələrə, mədəniyyət ocaqlarına ehtiyatla yanaşır, böyük həssaslıqla qayğı göstərdi. 1994-cü ildə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Ulu Öndər Heydər Əliyev islam dininə olan yüksək etiqadı, rəğbətinin təcəssümü kimi Məkkə şəhərini və Kəbəni ziyarət etdi. Bir neçə il sonra 1998-ci ildə isə Həcc ziyarətində oldu. Bu islami dəyərlərə olan münasibət idi. Ulu Öndər Heydər Əliyevin siyasi irsini və əsasını qoyduğu ənənələri inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev yürütdüyü siyasət dini konfessiyaların dinc yanaşı yaşamasını, qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə səy göstərmələrini təşviq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir.
Bu gün multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı, bilavasitə, dövlət dəstəyindən qaynaqlanır. Dövlət başçısı İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, biz nəinki ölkə daxilində millətlərarası və dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həll edirik, biz dünyaya nümunə də göstəririk: "Bax, belə inkişaf etmək lazımdır. Multikulturalizm alternativsiz bir hərəkat olmalıdır. Hesab edirəm ki, biz bu nümunəni göstərərək, başqa yerlərə də öz təsir imkanlarımızı genişləndiririk".
Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir. Ölkəmizdə 2250-dən artıq məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə vardır ki, onların 115-də Ramazan ayında və dəfn mərasimlərində ayin icra olunur. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur. Bununla yanaşı, hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 942 dini qurum fəaliyyət göstərir. Onlardan 907-si İslam, 35-i qeyri-islam təmayüllü (24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır. Ölkə başçısının göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır.
Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum Sərəncamı ilə paytaxtımızda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Multikulturalizm Mərkəzi yarandığı vaxtdan etibarən Prezidentin müəyyənləşdirdiyi Azərbaycanı, ölkəmizin multikultural dəyərlərini, tolerantlıq ənənələrini dünyada tanıtmaq hədəfini qurumun aparıcı istiqaməti elan edib. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı ölkəmizdə multikultural mühitə olan münasibətin daha bir real ifadəsinə çevrildi. Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı əsasında Azərbaycan İlahliyyat İnstitutunun yaradılması xalqın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı milli kadrların hazırlanması baxımından səmərəli addımlardan biri olub.Dövlət tərəfindən multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılması istiqamətində həyata keçirilən multikulturalizm siyasəti və bu istiqamətdə reallaşan tədbirlər dünya dövlətləri üçün nümunəyə çevrilib. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşaması üçün bütün şərait yaradılıb. Ölkəmizdə heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir.
Multikulturalizm alternativi olmayan həyat tərzidir
Azərbaycanda dövlətin dəstəyi hesabına sinaqoqlar, məscidlər, kilsələr tikilib və tikilməkdədir. Ölkəmizdə qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşaması hər kəsə bəllidir. Son illər qloballaşan dünyamızda müxtəlif bölgələrdə dini radikalizm, terrorizm, dözümsüzlük və ksenofobiya kimi halların artdığı dövrdə Azərbaycan özünəməxsus tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir model təqdim edir. Hər bir dinin nümayəndələri rahat yaşayır, milli bayramlarını qeyd edir, öz dilində təhsil almaq imkanına malikdirlər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən dinlər əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmiş, fərqli mədəniyyətlərin təmsilçiləri olan ayrı-ayrı xalqlar və etnik icmalar ümumi Vətən sevgisi, azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirmişlər: "Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub-saxlanılması, multikulturalizmin dəstəklənməsi və təşviq edilməsi müasir mərhələdə həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindən biridir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub-saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir".
Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir.
Reallıq onu deməyə əsas verir ki, ölkəmizdə multikulturalizm alternativi olmayan həyat tərzinə çevrilib.
Nəzakət ƏLƏDDİNQIZI