İrəvanda dalğalanan əzəmətli Azərbaycan bayrağı ermənilərin kürkünə birə saldı
Bayraq yandırmaq adi, sıradan bir iş deyil. Mənası çox dərindir. Kin, nifrət, intiqam, qisas kimi bir çox hissləri ehtiva edir özündə. Bu günədək çox ölkənin bayrağı yandırılıb, içərisində ən çox ABŞ, İsrail üstünlük təşkil edib. Bayraq yandıranlar özlərinə məxsus şəkildə düşmənlərini aşağılayır, nifrətlərini bildirirlər. Amma ləyaqətli dövlətlər və şüurlu insanlar ən qatı düşmənlərinin belə bayraqlarına hörmətsizlik etmirlər.
Qarabağda yenə bilmədikləri bayrağımızı yandırmaqla endirmək istədilər
Bayraq yandırmaq acizliyin, çarəsizliyin etirafıdır. Ermənistanda keçirilən Ağır atletika üzrə Avropa Çempionatının açılışı vaxtı Azərbaycan bayrağını yandıran erməni də bunun fərqindədir. O Azərbaycan bayrağının nə demək olduğunu, simvolik dəyərinin nə olduğunu biləcək yaşdadır. O bayrağımızın mənasını, yenilməzliyini, simvolik dəyərini bildiyi və həzm edə bilmədiyi üçün yandırdı. 3 rəngli Azərbaycan bayrağının o erməni ilə dolu zaldan əvvəl 30 illik işğaldan sonra Qarabağda dalğalanması onu dəli etdiyi üçün yandırdı. Yandırdığı üçün elə öz həmvətənləri də qınadılar onu. Sosial şəbəkələrdə bunun çox böyük ağılsızlıq olduğunu, dövlətin acizliyini sübut etdiyini deyən yüzlərlə erməni var.
Qarabağdakı məğlubiyyəti qəbul edə bilməyən erməni hikkəsi, kini siyasətin girmədiyi, girə bilmədiyi idmana da girdi. Bir tərəfdə siyasətlə idmanı ayrı tutmağı bacaran Azərbaycan, digər tərəfdə məğlubiyyətini qəbul edə bilməyib qalib ölkənin atributundan qisas alan Ermənistan. Bakıdakı yarışlarda ən yüksək səviyyədə qəbul edilən, qonaq edilən erməni idmançılardan sonra Ermənistana yarışa gedən azərbaycanlı idmançılara qarşı bu cür aciz etiraz üsulu və Azərbaycanın yarışdan imtina etməsi Ermənistanın beynəlxalq arenada nüfuzunun yerlə-yeksan edilməsi üçün kifayət etdi.
Gərək düşmən də mərd olsun
Bayraq bütün xalqların ortaq dəyəridir, himn kimi, gerb kimi. Düşmən də olsa Erməni bayrağına qarşı hörmətsizlik etmək bizə yaraşmaz. Doğrudur, bəzən bizdə də Ermənistan bayrağını avtomobilinin arxasına bağlayıb yerdə sürüyənlər olub, amma gərəksiz davranışdır. Prezident İlham Əliyev bu kimi davranan insanlara ən yaxşı nümunəni ölkəmizdə keçirilən Avropa Oyunlarında erməni əsilli iştirakçını mükafatlandırarkən göstərdi.
Xatırlayırsınızsa "Bakı-2015" I Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan Qevorq Manukyan mükafatlandırma mərasimində fitə basılarkən, Azərbaycan prezidenti İlham Əliyevin jesti - əli ilə azarkeşləri bu hərəkəti dayanmağa çağırması erməni mətbuatında da gündəm olmuşdu. Medalını boynuna İlham Əliyev asan idmançı da sonra verdiyi müsahibəsində Bayraq Meydanında dalğalanan bayrağımızın əzəmətindən heyrətə gəldiyini, mükafatını şəxsən Azərbaycan Prezidentindən almağının onun üçün şərəf olduğunu, azərbaycanlıların çox qonaqpərvər və mehriban olduğunu demişdi.
Bayraq əsrlərdir insanın yaşatdığı ən mühüm dəyərdir, mayaqdır, yoldur, ünvandır. Öz yoluna, bayrağına necə dəyər verirsənsə başqa dövlətlərin bayrağı da o qədər toxunulmaz olmaldıır sənin üçün. Düşmənlə düşmənçiliyi də kişi kimi eləmək lazımdır. Bayrağı yandırmaqla endirmək aciz adamın işidir. Müqəddəsi, toxunulmazı, dəyəri olmayan bir erməni etirazı da ancaq bayraq yandırmaqla bildirə bilərdi. Üstəlik bayrağı yandıran həmin tədbirdə bayraqdarın əynindəki Azərbaycan bayrağı motivli geyimi yüksək qonarar müqabilində hazırlayan dizayner Aram Nikolyanın şəxsən özü idi. Pul müqabilində düşmən dedikləri ölkənin bayrağını tikən, tikiş prosesində bundan qətiyyən narahat olmayan, geyimi yarışa hazırlayan erməninin millətçilik damarı tədbirdə bayrağımızı dalğalanarkən gördükdə tutub. Aram Nikolyan həmçinin çempionatın açılış mərqasimin dizayneri olub.
Erməni mediası bayrağımızı yandıran vandal haqq qazandırmaqla məşğuldur. Aram Nikolyan isə özü verdiyi açıqlamada belə deyir: “İstədim İrəvanda Azərbaycan bayrağı dalğalanmasın, ən əsası isə heç vaxt ermənilərin situasiya ilə barışmağa çalışdıqlarını düşünməsinlər. Məni bu hərəkətimə görə qınayanlara, bunun sərhəddəki oğlanlarımıza mənfi təsir göstərəcəyini deyənlərə acıyıram. Mən Ermənistan vətəndaşı olaraq bu sərhədi qoruyan uşaqlara və o insanlara dua edirəm. “Bunu etməməliydin” deyə düşünənlər varsa, evlərində Azərbaycan bayrağını assınlar”.
Bayraq yandırmağa həbs cəzası
Məlumat üçün haşiyə çıxım, Almaniyada 2020-ci ildə qəbul edilən qərara görə, ölkə daxilində hər hansı bir ölkənin bayrağını yandırmaq Almaniya bayrağını yandırmağa bərabər tutulacaq və cəzası 3 ilədək həbs olacaq.
Dünyada ən çox bayraq yandırılan ölkələrdən olan Amerikada isə, demək olar ki, bütün etirazlarda dövlətin bayrağı yandırılırdı, həm də öz yerli vətəndaşları tərəfindən. Bayrağın hər aksiyada yandırılması narazılığa səbəb oldu və bir çox ştatlar bayrağın təhqir edilməsinə qarşı qanunlar qəbul etdilər. 1989-cu ildə Ali Məhkəmə bayraq yandırmağın qanuni etiraz forması olduğuna qərar verdi. Amerikalı siyasətçilər də fərqli düşünür, kimisi bunun normal etiraz forması olduğunu deyir, kimisi də bayrağın adi parça olmadığını, Amerika xalqının 200 il ərzində üzləşdiyi nailiyyətlərin və çətinliklərin simvolu olduğunu hesab edir. Lakin yenə də etirazçılar bayrağı yandırırdılar.
Amma 2001-ci il terror hücumlarından sonra amerikalıların bayrağa hörməti artdı. Söz azadlığı müdafiəçiləri bayrağın yandırılması qərarının zamanın sınağından çıxdığını düşünür. İş hüquqi çərçivədə həll olunsa da, bayrağın qorunması ilə bağlı siyasi müzakirələr hələ də davam edir. Statistikası aparılsa bəlkə də həm öz vətəndaşları, həm də dünyanın fərqli yerlərində Amerikaya qarşı keçirilən etiraz aksiyalarında iştirakçılar tərəfindən ən çox yandırılan bayraq Amerika bayrağı olar.
Azərbaycan bayrağı bizim müstəqillik mübarizəmiz zamanı tökülən qanların simvoludur. Şərəfdir, ləyaqətdir, bölünməz Vətən deməkdir. Vətəndən, bayrağa ehtiramdan yoxsul olanlar tarixən özgə torpağında qonaq olub. Bayrağa həqarətə imkan yaradan bir ölkə beynəlxalq ictimaiyyətdə də layiqli dərsini almalıdır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.