PDF Oxu

Siyasət

  • 5 492

Nəsillərdən-nəsillərə ötürülən tarixin daş yaddaşı TƏHLİL

Nəsillərdən-nəsillərə ötürülən tarixin daş yaddaşı TƏHLİL

Dünya mədəniyyətinin ayrılmaz parçası olan Azərbaycan xalqının mədəni irsi çoxəsrlik tarixi keçmişimizdən yadigardır və bu tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Məqbərələr, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarları zamanın sərt sınaqlarına sinə gərərək, bu günümüzə gəlib çatmışlar. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Şəki Xan Sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndir. Belə abidələrə sahib olan Azərbaycanda da 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində dövlətlərin yaranması ilə qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Abidələr və tarixi yerlərin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib.

Xalqımızın yaratdığı mədəni irs nümunələri

Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə, qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar Meydanı", "Məktəb-məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" Alban məbədi, "Aşağı Karvansaray", "Şəkixanovların Evi", Quba rayonunun Xınalıq kəndində "Əbu-Müslüm" və "Xıdır Nəbi" məscidləri, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi, Hacıqabul rayonunda "Pir Hüseyn" Xanəgahı və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb. Görülən işlər tarixin daş yaddaşı olan abidələrin nəsillərdən-nəsillərə ötürülməsində əhəmiyyətlidir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə dövlət başçısının Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərin davamı oldu. Dövlət Proqramına əsasən, milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, daşınmaz tarix və mədəniyyət abidələrinin, tarixi ərazilərin, tarix və daşınmaz mədəni irsin bərpası, öyrənilməsi, təbliği və inkişafı üzrə tədbirlərin həyata keçirilməsinə yönəldilib. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də uğurlara imza atılıb. 30 ilə yaxin işğal altında olan ərazilərimizdə və Qərbi Azərbaycanda vəhşi işğalçılar abidələrimizə, bizim tariximizə, mədəniyyətimizə divan tutublar. Bu abidləri yer üzündən silməklə, keçmişimizi, yaddaşımızı silməyə çalışıblar. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Azərbaycan torpaqları 1828-ci ildə "Türkmənçay" müqaviləsi ilə Rusiya və İran arasında bölüşdürüldükdən sonra çar Rusiyası mərhələli şəkildə ermənilərin bu ərazilərdə məskunlaşmasına imkan yaratdı. Özlərinə yer eyləyən ermənilər illər uzunu öz murdar niyyətlərini həyata keçirməyə başladılar. Onlar Azərbaycan torpaqlarını işğal etməklə, tarixi-mədəni irsimizi, adət-ənənələrimizi, musiqimizi və incəsənətimizi özününküləşdirməyə cəhd edir, qədim tarixə malik olduqlarını bu yolla sübut etməyə çalışıblar. Məkrli niyyətlərinə nail ola bilmədikdə isə tarixi-mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları vəhşicəsinə dağıdıb, yer üzündən siliblər. Qərbi Azərbaycan indiki Ermənistan torpaqlarında 1913- 1918-ci illərdə İrəvan şəhərində Sərdar sarayı kompleksi, çoxsaylı karvansaralar, hamamlar, türbələr dağıdılmışdır. Şah İsmayıl Xətainin öz vəziri Rəvanqulu xana tikdirdiyi İrəvan qalası, o cümlədən 1870-dən çox Azərbaycan-türk mənşəli tarix və mədəniyyət abidələri, bir o qədər də qədim və orta əsrlərə aid qəbiristanlıq, heykəllər, incəsənət nümunələri tamamilə məhv edilib. O illərdə İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid talan edilərək yandırılmışdır.

30 il müddətində işğal altında saxladıqları bütün tarixi, dini abidələrimizi məhv ediblər. Cəbrayılda 132 tarixi abidə, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və Füzuli rayonlarında yüzlərlə tarixi, memarlıq və mədəniyyət abidələri, on minlərlə eksponatı olan muzeylər düşmən əlinə keçərək viran edilmişdir. Şuşada XVIII əsrə aid Gövhər Ağa məscidi, Hacı Abbas məscidi və karvansaray, Hacı Yusifli məscidi, Cəbrayılda V və VII əsrlərə aid səkkizguşəli türbə, XVIII əsrə aid Sultanməcid hamamı, Zəngilanda XII əsrə aid Qız qalası, XIV əsrə aid səkkizguşəli türbə, Laçında XIV əsrə aid Məlikəjdər Türbəsi, Ağdamda dünyada ikinci olan Çörək Muzeyi, eramızdan əvvəl V əsrə aid Çalaqtəpə yaşayış məskəni, Qubadlıda IV əsrə aid Gavur dərəsi, V əsrə aid Qalalı və Keyqala abidələri, Kəlbəcərdə XIII-XVIII əsrlərə aid Xotavənd məbədi, Füzulidə 1682-ci ildə tikilmiş Qiyasəddin məscidi, 1684-cü ildə tikilmiş Qarğabazar karvansarayı və digər tarixi memarlıq abidələrimiz erməni vandalizminə məruz qalmışdır.Bütün bu əməllərlə Ermənistan "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasını, "Arxeoloji abidələrin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasını, "Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında" 1970-ci il Paris Konvensiyasını, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Paris Konvensiyasını, "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasını və s. kobudcasına pozub.

Hər bir xalqın kimliyini, keçdiyi tarixi yolu xatırladan abidələr

Əlbəttə ki, tarixi abidələrimiz sırasında dini-mədəniyyət abidələrimiz də müstəsna yer tutur. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir.
Tarixi-dini abidələrin qorunması, təmir və bərpasına Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. İstər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır. Şamaxı rayonunda Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Azərbaycanda dövlət-din münasibətlərinin necə qurulduğuna nəzər salarkən, vurğulayıb ki, Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin: "Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək və dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa edilibdir". Ölkəmizdə həm məscidlərimiz, həm də qeyri-xalqların dini abidələri qorunur və abadlaşır. Azərbaycan Prezidenti çıxışlarının birində vurğulayıb ki, bütün başqa dinlərin məbədləri bizim üçün əzizdir və bizim sərvətimizdir: "Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir". Abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi Azərbaycanda mövcud olan münasibətin nümunəsidir. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə də dini abidələrin təmir və bərpasına başlayıb. Ərazilərdə abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. 67 müsəlman məscidinin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlayan ermənilərin vandallığı bütün dünyaya göstərildi.
Erməni barbarlığının nəticəsi olaraq dağıdılan abidələrimiz bərpa olunur. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə, qəza vəziyyətinə düşmüş tarixi- mədəniyyət abidələrinin əksəriyyətində təxirəsalınmaz konservasiya və bərpa işləri aparılır. Təbii ki, tarixi abidələr daş yaddaşimıza çevrilib və hər bir xalqın kimliyini, keçdiyi tarixi yolu xatırladır. Bu abidələrin qorunması hər birimizin borcudur.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər