PDF Oxu

Siyasət

  • 3 252

Azərbaycan türk dünyasında aparıcı mövqeyə malikdir ŞƏRH

image

Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir. Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması türk dövlətlərinin bir təşkilat altında birləşməsini labüd edirdi. Məhz bu səbəbdən türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Türkdilli dövlətlərin xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Qeyd etmək lazımdır ki, Azərbaycan türk dünyası birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Hər hansı bir ölkədə daxili və ya siyasi sabitlik bir neçə əsas strukturun üzərində qurulur. Liderlərin atdığı qətiyyətli addımlar cəmiyyətin, dövlətin və dövlətçiliyin bu gününü və sabahını formalaşdırır. Bu yolda vahid təməlin ərsəyə gətirilməsi xalqla cəmiyyətin bütünlüyünü özlüyündə birləşdirməlidir. Məhz iki əsas gücün vəhdəti uğurlu gələcəyə açılan qapının açarıdır. Gücünü tarixindən alan qardaş Türkiyə dövləti regional və beynəlxalq güc mərkəzinə çevrilmişdir. Siyasi, iqtisadi, hərbi, tibbi və təhsil sahəsində əldə olunan uğurlar siyasi hərc-mərclik dövrünü geridə buraxmış Türkiyənin dirçəlişində önəmli rol oynayır. Cənab Prezident İlham Əliyevin martın 16-da keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə qeyd etdiyi: "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmişdir, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşır və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir" fikirlər bunu bir daha sübut edir. Beynəlxalq nəzərdə "Türkiyə olmadan Avropa Birliyi nə regional problemləri həll edə bilər, nə də qlobal güc ola bilər" düşüncəsi bu gün Rusiya-Ukrayna müharibəsi dövründə Türkiyənin rolunu bir daha təsdiqləmiş oldu. İki nəhəng taxıl ixracatçısı olan Rusiya və Ukrayna arasında körpü rolunu oynayaraq dünyanı böyük bir qida krizindən xilas edən qardaş ölkənin gələcəkdə də müharibənin həlli istiqamətində aparıcı rol oynaması gözləniləndir. Bu gün Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə və bütün türk dünyasının hədəfləri müzakirə olunur. Hakimiyyətinin ilk illərindən başlayaraq daxili rifahı təmin edən, xarici siyasətdə öz dəst-xətti ilə seçilən uğurlu Türkiyə modelinin banisi dünyada xüsusi siyasi çəkiyə sahibdir. Müasir türk cümhuriyyətinin təcrübəsindən çıxış edərək siyasət aparmaqla XXI əsrdə çox da irəli getmək mümkünsüzdür. Bunu Türkiyənin 100 illik tarixi aydın göstərmişdir. Rəcəb Tayyib Ərdoğanın təhlükəsizlik məsələlərinə, beynəlxalq əlaqələr, soyuq müharibə və qloballaşma dövrünün siyasi hadisələrinə, strateji aspektlərinə, müstəqil dövlətlərin regional və beynəlxalq mənfəətlərinin tənzimlənməsinə indekslənmiş siyasi nəzəri fikirləri dünyanın aparıcı beyin mərkəzlərində öyrənilməkdədir.

Tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı bu gün daha da möhkəmlənən dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində keyfiyyətcə yeni mərhələyə keçməkdədir. Hər zaman bir-birinə doğma, əziz olan iki dövlət arasında münasibətlər getdikcə möhkəmlənir. Ölkələrimiz arasında əldə olunan yeni razılaşmalar, imzalanan müqavilələr xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə və sarsılmazlığına xidmət edir. Eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığı, bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsində və bölgədə iqtisadiyyatın daha da güclənməsində böyük təsir gücünə malikdir.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edərək Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan haqq-ədalət savaşında ilk günlərdən Azərbaycanın yanında olan Türkiyə Ümummilli Lider Heydər Əliyevin "Bir millət-iki dövlət” şüarını rəhbər tutdu, Qazi Mustafa Kamal Paşa Atatürkün ifadəsi ilə "Azərbaycanın kədərini kədərləri, sevincini sevincləri” bildilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə öz dəstəyini bildirərək "Azərbaycan bu müharibədə haqlıdır, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır” - deməsi hər bir azərbaycanlını qürurlandırdı və sevindirdi. 44 gün ərzində və ondan sonrakı dövrdə ölkəmizin hər yerində Azərbaycan bayraqları ilə yanaşı Türkiyə bayraqları da dalğalandırıldı və bu gün də dalğalanmaqdadır. Bu isə bütün dünyaya iki qardaş ölkənin birliyini sübut edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Türkiyə-Azərbaycan arasında tarixi birlik və qardaşlıq daima yüksələn xətlə inkişaf edir. Çünki bu qardaşlıq möhkəm təməllərə əsaslanır. Ümummilli Lider Heydər Əliyevin "Bir millət-iki dövlət” kəlamı həm siyasi, iqtisadi, mənəvi, həm də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Bu istiqamətdə siyasi liderlərin nümunəvi münasibəti əsas rol oynayır. Atılan qəti addımlar, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə "qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir.

44 günlük Vətən müharibəsində Qələbəyə həsr olunmuş zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” - deməsi Türkiyənin, qardaş dövlətin hər zaman Azərbaycanla həm cəbhədə, həm də diplomatik səviyyədə mübarizədə yanında olmasının və bu qardaşlığın daha da möhkəmlənməsinin göstəricisidir. Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrimizin iqtisadi sferada, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir. Bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Yəni ölkələrin iqtisadi potensialı qardaşlığımızın qüdrətini daha da artırır. Birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti var. Çoxəsrlik tarixi olan Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bu gün İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan mərhələsi xalqlarımızın və ölkələrimizin şanlı birlik salnaməsinə qızıl hərflərlə yazılmış yeni səhifələr əlavə edir. Bu dostluq və qardaşlıq dostlarımız üçün sevinc, düşmənlərimiz üçün isə göz dağıdır.

Azərbaycan üçün dost və qardaş ölkə olan Türkiyədə 6 fevral 2023-cü il tarixində ən faciəli hadisələrdən biri – dəhşətli zəlzələ hadisəsi baş verdi. Gecə saattlarında mərkəzi Kahramanmaraş olmaqla, 10 vilayətdə baş verən zəlzələlər nəticəsində minlərlə insan həyatını itirdi, on minlərlə insan yaralandı və dağıntılar altında qaldı. Bu təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bir çox ölkələr Türkiyəyə həm humanitar həm də dağıntılar altında qalan insanların çıxarılması üçün hər cür dəstək göstərmişdir. Bu dəhşətli hadisəyə ilk səs verən qardaş Azərbaycan oldu. Prezident İlham Əliyev zəlzələnin baş verdiyi gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırıb, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib. Bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən zəlzələ baş verdiyi ilk saatlarda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin və həkimlərin böyük qrupları mərhələli şəkildə Türkiyəyə göndərilmişdi. Bundan əlavə fəlakət zonasına təyyarələrlə humanitar yardımlar yola salınmışdı. Qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə tonlarla humanitar yardım, eləcə də zəruri dərman preparatları göndərilmişdi. Fondun eləcə də digər QHT-lərin könüllüləri də zələzələ ərazilərində fəaliyyət göstərmişdilər. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən xəsarət görmüş şəxslərə dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasını isə xüsusilə qeyd etmək lazımdır.

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Digər xəbərlər