Ynet: “ABŞ-ın hərbi kəşfiyyatı: “İran Qafqazdakı təsirini artırmağa səy göstərir”
İsrailin aparıcı informasiya portalı olan Ynet İranın Qafqaza təsirləri barədə geniş xarakterli məqalə ilə çıxış edib. ABŞ-ın hərbi kəşfiyyatına əsaslanan və özündə bir sıra regional məsələləri əks etdirən məqalədə bildirilir ki, Tehranın bu cəhdlərinə baxmayaraq, Rusiya bunda maraqlı tərəf deyil. Məhz Qafqaz iddiaları Moskva ilə Tehran arasındakı münasibətlər baxımından toqquşur.

Sözügedən informasiyanın hələ fevralın 23-də amerikalıların hərbi kəşfiyyatında fəaliyyət göstərən analitiklər tərəfindən hazırlanmış gizli sənəddə yer aldığı bildirilir. Lakin bu yaxınlarda Pentaqonda saxlanılan gizli sənədlərin “çölə” sızması nəticəsində həmin məsələlər ictimailəşib. Bu baxımdan, İsrailin Ynet xəbər portalı bu sənədin bəzi məqamlarını dərc edib.
ABŞ MKİ: "İndiyə qədər İsrail HHQ-nin fevralın 20-də keçirdiyi təlimləri barədə informasiya yayılmamışdı”
SİTAT: “Fevralın 20-də İsrailə məxsus hərbi hava qüvvələri (HHQ) İranın nüvə obyektlərinə zərbələrin endirilməsi ilə bağlı irimiqyaslı təlimlər keçiriblər. Bu barədə informasiya ABŞ-ın Milli kəşfiyyat idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş gizli sənəddə bildirilir. İndiyə qədər İsrail HHQ-nin fevralın 20-də keçirdiyi təlimləri barədə informasiya yayılmamışdı”.

“Sənəddə qeyd olunur ki, bununla bağlı Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İsrailin yaxın zamanlarda İranın nüvə obyektlərinə zərbələr endirməsi barədə xəbərdar olmayıb, eləcə də İsrail rəhbərliyinin müvafiq məsələdəki ümumi məqsədləri haqqında da məlumatsız olub”, deyə nəşr bildirir.
Lakin buna baxmayaraq, Ynet portalı İsrailin baş naziri Netanyahuya istinadən qeyd edir ki, İsrail və ABŞ İrana qarşı müqavimətdə birgə səylərini davam etdirəcəklər. Baş nazir bu fikirlərini Yerusəlimdə ABŞ-ın dövlət katibi Blinkenlə görüşü zamanı deyib.

Ynet İran-Rusiya münasibətlərindəki digər məqamlara da toxunub və ABŞ-ın hərbi kəşfiyyatının artıq açığa çıxmış sənədlərindəki məlumatlardan bəzilərini diqqətə çatdırıb. Misal üçün, məlum olub ki, Rusiya Federasiyası İrana ABŞ-ın FGM-148 tank əleyhinə raketlərini ötürüb. Belə ki, həmin raketlər rusların əlinə Ukraynadakı müharibədə keçib. İranlılar raket komplekslərinin təkmilləşdirilməsi üzərində işə başlayıblar.
Bütün bu faktların isə nəinki regiona, həm də dünyaya bir təhdid olduğunu yazan İsrail mediası həmin təhlükələrin aradan qaldırılması istiqamətində işlərin daha səmərəli təşkil olunması vacibliyinə toxunur. O cümlədən, İranın Yaxın Şərq və Cənubi Qafqazdakı rolunun azaldılması üçün əməli tədbirlərə keçilməsini qeyd edir.
Rövşən RƏSULOV