PDF Oxu

Siyasət

  • 1 859

Bölgələrə müntəzəm səfərlər, təxirə salınmayan layihələr, xalqa hesabat TƏHLİL

Bölgələrə müntəzəm səfərlər, təxirə salınmayan layihələr, xalqa hesabat TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”

Bu gün bölgələrin yüksəlişi sahəsində uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, sosial infrastrukturun keyfiyyətinin artırılmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına təkan verib.Prezidenti İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə Tədbirlər Planını təsdiqləməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətində prioritet təşkil edir.Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında əksini tapmış vacib istiqamət insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisini, yeni yolların çəkilməsini və əsaslı bərpasını nəzərdə tutur. Onu da vurğulamaq lazımdır ki, bölgələrdə aparılan işlərə nəzarəti Prezident İlham Əliyev bilavasitə özü aparır. Məhz bunun üçün də dövlətimizin başçısının bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Belə ki, Prezident İlham Əliyevin aprelin 18-də Neftçala-Salyan rayonlarına səfəri də bu qəbildəndir.

VERİLƏN VƏDLƏR, REAL NƏTİCƏLƏR...

Qeyd edək ki, Prezident İlham Əliyevin bölgələrə hər bir səfəri insanların qayğı və problemlərinə həssas münasibətin nümayişinə çevrilir. Bütün bunlarla yanaşı, dövlət başçısının cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul etməsi, problemlərə böyük həssaslıqla yanaşması, daim ictimaiyyət arasında olması cəmiyyətin, nəinki tərəqqisini, həm də xoş ovqatını təmin edən mühüm cəhətlərdir. Ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyi əsas amillərdəndir.Belə ki, aprelin 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala rayonuna səfər ediblər. İlk öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər və xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

Həmçinin, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun və Neftçalada Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər.Həmçinin, elə həmin gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.Dövlətimizin başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Eyni zamanda, Prezident İlham Əliyev aprelin 18-də “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda “ASAN xidmət” Mərkəzinin açılışını edib.Sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibə verib.

MƏNİM DƏ BÖLGƏLƏRƏ SƏFƏRLƏRİM HƏM NƏZARƏT ÜÇÜN BİR VASİTƏDİR

Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, bölgələrinin ümumi inkişafının sosial xarakter daşımaqla yanaşı, həm də ölkəmizi gücləndirir. Bu işlərin davam etdirildiyini və hazırda 4-cü Dövlət Proqramının icra olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.

“ASAN XİDMƏT” BİZİM İNTELLEKTUAL MƏHSULUMUZUN BİR NÜMUNƏSİDİR

Bu gün “ASAN xidmət” dünyada tanınan ən mütərəqqi Azərbaycan brendi kimi tətbiq edildiyi bütün sahələrdə tam şəkildə özünü doğrultmuş kreativ layihədir. Təsadüfi deyil ki, vətəndaş məmnunluğunun təmin edilməsində ən yüksək göstəricilərə malik olan «ASAN xidmət»in təcrübəsi qonşu ölkələrdə tətbiq olunur, onun fəaliyyət metodları Avropa ölkələrində böyük maraqla qarşılanır. Ona görə də insan amilinin böyük önəm daşıdığı Azərbaycanda bu sahənin inkişafı və tətbiq sahəsinin genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü tamamilə məntiqli və qanunauyğun olmaqla ölkəmizdə insan hüquqlarının qorunması və dövlət quruculuğu sahəsində daha yüksək nəticələrin əldə olunmasını və müasir, sivil vətəndaş cəmiyyətinin formalaşmasını hədəfləyir.Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, «ASAN xidmət» sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. Və «ASAN xidmət» mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir.Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: «Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, «ASAN xidmət» bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik».

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA GÖRÜLMÜŞ İŞLƏR BİR DAHA GÖSTƏRİR Kİ, BİZ - BU TORPAQLARIN SAHİBLƏRİ DƏDƏ-BABA TORPAQLARIMIZA QAYITMIŞIQ

Bu gün qalib ölkənin qalib Prezidenti qələbədən sonra həm işğaldan azad olunmuş torpqlarımızdı, həm də regionlarımızda böyük bərpa və quruculuq işlərini həyata keçirir.Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də bir daha vurğulayıb ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir.Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-yenidənqurma işlərinin plana üzrə getdiyini vurğulayan dövlətimizin başçısı bildirib: «Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal artıq işə start verilmişdir”.

Artıq iki yaşayış məntəqəsində - Ağalı və Talış kəndlərində keçmiş köçkünlərin hazırda yaşadıqlarını vurğulayan Prezident İlham Əliyev bildirib: «Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq».

BÜDCƏYƏ ƏLAVƏLƏR ƏN AZI 3 MİLYARD MANAT SƏVİYYƏSİNDƏ OLACAQ

“Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək”.Bunu Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.«İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür», - deyə dövlətimizin başçısı vurğulayıb.

KEÇMİŞ KÖÇKÜNLƏRİ LAÇIN ŞƏHƏRİNƏ VAXTINDAN ƏVVƏL QAYTARACAĞIQ

Qaçqın və köçkünlərin hamisi Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb: “Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir”. Prezident İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. Artıq bu gün bir çadır düşərgəsi yoxdur. İndiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında yaşanan sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin böyük miqyasda aradan qalxmasına rəvac verib. Bəli, artıq qaçqın və məcburi köçkünlər əmindirlər ki, onlar sözü imzası qədər dəyərli keçərli olan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində doğma yurdlarına qayıdacaqlar. O gün uzaqda deyil.Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində də köçkünlərin vaxtından əvvəl öz dədə- baba yurdlarına qayıdacağını deyib: “Keçmiş köçkünlər Laçın şəhərinə vaxtında əvvəl qaytarılacaq». Dövlətimizin başçısı qeyd edib: «Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük”.Dövlətimizin başçısı Laçın şəhərində inşa olunacaq fərdi evlərin sayını açıqlayıb: “Əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq”.Prezident İlham Əliyev onu qeyd edib ki, eyni zamanda 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik.Qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlərin getdiyini vurğulayan Azərbaycan Prezidenti deyib ki, o kəndlərə keçmiş köçkünlər ilin sonuna qədər qaytarılacaq.

YAXIN ZAMANLARDA ŞUŞADA İKİNCİ BÖYÜK YAŞAYIŞ KOMPLEKSİNİN TƏMƏLİ QOYULACAQ

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Biz ikinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq.Dövlətimizin başçısı, həmçinin deyib ki, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür.

ERMƏNİSTAN QƏBUL EDİB Kİ, İKİ ÖLKƏ ARASINDA SƏRHƏDLƏR ALMA-ATA BƏYANNAMƏSİ ƏSASINDA HƏLL OLUNMALIDIR

Prezident İlham Əliyev müsahibəsində səsləndirib ki, sülh müqaviləsinin imzalanması ilə əlaqədar Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar olub, yəni, müxtəlif dəyişikliklər olub.Dövlətimizin başçısı deyib ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Yəni qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır.

ERMƏNİSTAN ARTIQ RƏSMƏN BƏYAN ETMƏLİDİR Kİ, QARABAĞ AZƏRBAYCANDIR!

Artıq iki ildir ki, “Qarabağ Azərbaycandır və nöqtə”. Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində də bir daha Ermənistana və ona havadar olanlara növbəti mesajını verdi: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir!”.«Çünki əgər “A” deyibsə, “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır!», – deyə dövlətimizin başçısı qeyd edib.Dövlətimizin başçısı onu da bildirib ki, Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar: «Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir”.Dövlətimizin başçısı bildirib ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar: «Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır.

HEÇ KİMƏ İMKAN VERMƏRİK Kİ, BİZİM ƏRAZİMİZDƏ KİMSƏ AT OYNATSIN

“İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər».Bu fikirləri Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində səsləndirib.Bu iki il yarım ərzində həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə bir çox önəmli hadisələrin baş verdiyini deyən dövlətimizin başçısı vurğulayıb: «Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”.

BİZ BİRİK VƏ ONLARA ÜNVANLANAN TƏBRİK MƏKTUBUNDA DA YAZMIŞIQ Kİ, TÜRKİYƏ BAYRAĞI OLAN YERDƏ BİZ DƏ VARIQ VƏ BÜTÜN ERMƏNİSTAN ONU GÖRDÜ

Prezident İlham Əliyev müsahibəsində bu günlərdə İrəvanda keçirilən çempionatda Türkiyədən olan qadın idmançıların - Cansu və Qəmzəni qızıl və gümüş medallar qazanmasına və bu qələbəni Azərbaycana həsr etdikləri ilə də bağlı bildirdi ki, Mehriban xanım və mən əziz qızlarımız Cansu və Qəmzəni təbrik etdik: «Birinci, ona görə ki, onlar Ermənistanda - düşmən dövlətdə, həm Azərbaycana, həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni əldə etdilər, Türk Bayrağını yüksəklərə qaldırdılar. Ermənilər bizim bayrağımızı yandırıblar, amma Türk Bayrağı orada dalğalanıb. Türkiyənin Dövlət Himnini səsləndirdilər. Türkiyənin Dövlət Himni elə səsləndi ki, orada oturan bütün düşmənlərin yəqin ki, qulağı batmışdı. Bu qələbəni onlar Azərbaycana, Azərbaycan xalqına həsr etdilər. Nə qədər gözəl bir hərəkətdir”. Dövlətimizin başçısı onu da vurğulayıb ki, bu gün mən Neftçala Olimpiya Kompleksinin açılışında olarkən gənclər və idman nazirinə tapşırdım ki, bizim qızlarımızı mənim adımdan Azərbaycana dəvət etsin və onlar bizim qonağımız olsunlar: «Bu, bir daha bizim birliyimizi göstərir, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır. Biz birik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar".

Bir sözlə, Azərbaycan Televiziyasına müsahibəsində görülən və görüləcək işlərə bir daha diqqət yetirən dövlət başçımız bir daha gələcəyə nikbinliklə baxdığını ifadə etdi: «Hər birimiz - Türk dünyasının hər bir övladı, bax, Cansu və Qəmzə kimi olmalıdır. Mənim arzum budur».Beləliklə, dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addım olmaqla, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər