Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət xalqın və dövlətin maraqlarına əsaslanır
Hazırkı məqamda Azərbaycanın mövcudluğu, beynəlxalq aləmdə nüfuzlu dövlət olaraq tanınması və qəbul edilməsi Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətinin bəhrəsidir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bugünkü güclü və qüdrətli Azərbaycan çətin, ağır dövrlər keçib. Yəni, Dahi Öndərimiz Heydər Əliyev böyük zəhmət, əmək sərf etməklə Azərbaycanımızı o dövrün xaos və anarxiya girdabından, iqtisadi tənəzzülündən xilas edərək xalqın istək və arzularına uyğun olaraq ölkəmizi sivil, demokratik, inkişaf edən dövlətə çevirdi. Əgər o dövrdə Dahi Öndərimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlməsəydi, bugünkü firavan, güclü dövlət də olmazdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı bildirdi ki, bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi: “Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı Ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin Sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü”.
Tarixi faktlara istinad etsək, bəlli olar ki, 1991-1993-cü illərdə Azərbaycanın üzləşdiyi ağır problemlər, siyasi, iqtisadi və sosial böhranlar, məhz liderin olmaması səbəbindən baş vermişdir. O dövrdə müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanda xaos və anarxiya hökm sürürdü. Müxtəlif xarici qüvvələrin dəstəyi ilə hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət ölkəni ağır bəlalara sürükləyirdi. Bu boşluqdan, idarəetmə pərakəndliyindən istifadə edən məkrli erməni daşnaqları Azərbaycanımızın torpaqlarını işğal edirdilər. Mövcud ağrılı problemləri həll etmək əvəzinə AXC-Müsavat cütlüyü aralarında kreslo davası aparır, yeraltı yerüstü sərvətlərimizdən geninə-boluna talamaq üçün müxtəlif oyunlar qururdular. Bu da ölkədaxili xaos və anarxiyanı daha da dərinləşdirir, xalqın sabaha olan inamını daha da sarsıdırdı. Gəncədən başlayan iyun hadisələri vəziyyəti bir qədər də gərginləşdirdi. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, YAP-ın qızıl fondu hesab edilən 91 ziyalı 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. 24 oktyabr 1992-ci ildə ziyalılara cavab məktubunda Ümummilli Lider Heydər Əliyev: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” deyərək yaradılması nəzərdə tutulan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılığını verir. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin YAP-ın Sədr seçilməsi Azərbaycanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. Ulu Öndərin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunması və dönməzliyini təmin etdi. Ulu Öndərin müstəqilliklə bağlı qətiyyətli addımları bir çox təhdidlərin qarşısını almışdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.
Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti Ona xalqın sevgi və ehtiramını qazandırmışdır
Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayda YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında demişdir: “Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Heydər Əliyevin ətrafında yaradılmış partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi”. Prezident İlham Əliyev çıxışında onu da bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti Ona xalqın sevgi və ehtiramını qazandırmışdır: “Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Müsbət dəyişikliklərin əldə olunmasında Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Ulu Öndərin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunması və dönməzliyini təmin etmişdir. Ulu Öndərin müstəqilliklə bağlı qətiyyətli addımları bir çox təhdidlərin qarşısını almışdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan dövləti faciələrdən xilas ola bildi. Dahi Öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində ölkəmizdə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, iqtisadi, hərbi, diplomatik nailiyyətlərin əldə olunması üçün geniş və əhatəli zəmin yaradıldı. Nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan həm də dünyanın aparıcı dövlətləri ilə iqtisadi, siyasi, diplomatik əlaqələr qurdu. Bu baxımdan haqlı olaraq 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsi olaraq qeyd olunur. 15 iyundan Azərbaycanın inkşaf mərhələsinin başğanıcı oldu. Bu dövrdən xalqın soial-iqtisadi durumu yaxşılaşmağa, ictimai siyasi sabitlik təmin olunmağa başladı. Məhz bu baxımdan xalqımız öz liderinə öz təşəkkürünü bildirmək üçün Ona Ümummilli Lider adını verdi. Ümummilli Lider Heydər Əliyev iqtisadi inkişafın dönməzliyini təmin etmək üçün 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu.
Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafı təmin etməklə yanaşı, digər sahələrdə də mühüm addımlar atdı, qərarlar imzaladı. 1995-ci ilin noyabrında Dahi Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin gələcəyinin müəyyənləşdirilməsində mühüm istiqamətlərdən oldu. 1998-ci il avqusun 6-da Ulu Öndər Heydər Əliyevin qərarı ilə Şərqdə ilk dəfə olaraq ölüm hökmünə qoyulan moritorim tamamilə ləğv edildi. Yüksək humanizmə söykənən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltmiş və 2001-ci ilin 25 yanvarında Azərbaycan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edildi. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan dövlətinin ətrafında sıx birləşməsinə nail olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən, həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bu günlərdə Dünya Azərbaycanlılarının 5-ci qurultayının erməni işğalından azad edilən, türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi Ulu Öndərimiz Heydər Əliyevin diaspor quruculuğunun, dünya azərbaycanlılarının birliyinin və bərabərliyinin təmin olunması istiqamətində əsasını qoyduğu siyasətinin nəticəsidir. Şuşa qurultayı bir daha Dahi Öndər Heydər Əliyevin ideyalarının sarsılmaz olduğunu göstərdi və nə qədər Azəbaycan xalqı və dövləti var, ideyalarının da yaşayacağını ortaya qoydu.
Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir
Yuxarıda qeyd etdiyim kimi, bu gün Azrbaycan bütün sahələrdə inkişaf edir. Çünki Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət xalqın və dövlətin maraqlarına əsaslanır. Ona görə ki, xalq öz Liderinin tövsiyə və məsləhətlərinə, ideyalarına əməl edir. Həm də ona görə ki, Dahi Öndərimizin müdrik siyasətini ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. Hələ 2003-cü il prezident seçkiləri ərəfəsində Ulu Öndərimiz Heydər Əliyev demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Son 19 ildə Azərbaycanın daxili və xarici siyasətdə qazandığı uğurlar bir daha sübut etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu və Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. 2018-ci ilin 11 aprel seçkilərindən sonra Azərbaycan daha da güclənib, zənginləşib, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atıb. 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsi Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti nəticəsində əldə olunub. 44 gün davam edən müharibədə Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Parlaq Qələbəsi ilə başa çatdı. Təbii ki, uğurlarımız və qələbələrimiz hələ qabaqdadır. Yaxın vaxtlarda işğaldan azad edilən ərazilərimizə insanlarımız köçürüləcək və o yerlərə yeni nəfəs, yeni həyat qayıdacaq.
İ.ƏLİYEV