“Azərbaycan tematik illər təcrübəsi 2007-ci ildən tətbiq olunmaqdadır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla həmin il Gənclər İli elan edildi. Tematik illər çərçivəsində müvafiq kompleks tədbirlər həyata keçirilir və bu və ya digər istiqamətdə səmərəli fəaliyyəti şərtləndirəcək addımlar atılır”. Bunu millət vəkili Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan edilib: “Ölkə Prezidentinin imzaladığı sərəncamda “Heydər Əliyev ili” çərçivəsində, dahi öndərin irsinin yaşadılması, tanıdılması, fəaliyyəti və vermiş olduğu töhfə ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Ulu Öndər Heydər Əliyev Azərbaycanın müasir tarixində olduqca mühüm rol oynamış tarixi şəxsiyyətdir. Nəzərə almaq lazımdır ki, ötən əsrin 90-cı illərində Azərbaycan nəinki ciddi problemlər qarşısında qalmışdı, hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkədə mövcud olan xaos, hakimiyyət uğrunda qeyri- sivil mübarizə, digər tərəfdən işğalçı Ermənistanın ardıcıl şəkildə ərazilərimizi işğal etməyə başlaması soydaşlarımızın öz ata baba torpaqlarından zorla qovulması, bütün bunlar sözsüz ki, yeni müstəqillik əldə etmiş ölkəni çox ciddi təhlükələr qarşında qoyurdu. Bu baxımdan, Azərbaycan xalqı növbəti dəfə müdriklik nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevi ali siyasi hakimiyyətə dəvət etdi. Həmişə xalqının çağırışlarına həssas yanaşan və bütün şəraitlərdə, şərtlər daxilində xalqının yanında olan Ümummilli Lider Heydər Əliyev çağırışlara səs verərək ali siyasi hakimiyyətə qayıtdı. Atdığı ilk addım ölkədə daxili siyasi sabitliyin təmin olunmasından ibarət oldu. Daxili siyasi sabitlik qısa zaman kəsiyində təmin edildi. Onun ardınca milli iqtisadi sistemin qurulması istiqamətində addımların atılmasına başlanıldı. Təbii ki, milli iqtisadi sistemin qurulması üçün iqtisadi resurslar tələb olunurdu. Həmin dövrdə isə SSRİ-nin süqutundan sonra Azərbaycan öz müstəqilliyinə qovuşdu. Ölkədə isə demək olar bütün sahələrdə xaos, dağılmış iqtisadi sistem hökm sürürdü. Belə olan halda yenə də Ulu Öndər Heydər Əliyevin zəkası, uzaqgörənliyi, iradəsi sayəsində 1994-cü il sentyabr ayının 20-də Əsrin müqaviləsi neft kontraktı imzalandı. Bundan sonra Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıq sistemində çox ciddi fəallıq nümayiş etdirməyə başladı. Ölkəyə sərmayə axını müşahidə edildi və beləliklə milli iqtisadi sistemin qurulması istiqamətində təsirli addımlar atılmış oldu. Ümummilli Lider Heydər Əliyev, həmçinin milli ordu quruculuğu məsələsinə xüsusi diqqət yetirirdi. Təbii ki, iqtisadi resurslar yarandıqdan sonra milli ordu quruculuğu istiqamətində addımlar atıldı. Nəzərə almaq lazımdır ki, yenə də 1994-cü il may ayının 14-də Ulu Öndər Heydər Əliyevin vermiş olduğu düzgün qərar və nümayiş etdirmiş iradə sayəsində Azərbaycanla Ermənistan arasında Bişkek protokolu imzalandı və atəşkəs rejimi tətbiq olundu”.
E.Mirbəşiroğlu onu da bildirdi ki, atəşkəs rejiminin tətbiq olunması milli ordu quruculuğunu daha effektiv həyata keçirməyə imkan verirdi: “Azərbaycan üçün bu çox vacib idi. Çünki kənardan dəstək alan Ermənistan Azərbaycan torpaqlarını 30 faizini işğal etmişdi. Bu işğalçılıq siyasətini davam etdirmək niyyətini aşkar şəkildə nümayiş etdirirdi. Ona görə də, Ulu Öndər Heydər Əliyevin uzaqgörən addımı sayəsində Bişkek protokolunun imzalanması bu işğal prosesini dayandırdı və Azərbaycanda ordu quruculuğunu həyata keçirmək üçün zaman qazandırdı. Eyni zamanda, xarici siyasət sahəsində də Azərbaycan öz mövqelərini sürətlə gücləndirməyə başladı. İstər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibət və əlaqələr çərçivəsində Azərbaycan beynəlxalq mövqelərini sürətlə gücləndirirdi. Bir sözlə, qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışı həm Azərbaycan xalqını, həm dövlətini xilas etmiş oldu. Ulu Öndərin müəyyənləşdirdiyi çoxistiqamətli inkişaf strategiyası bugünkü uğurlarımızın əsasında dayanır.
GÜLYANƏ