YAP Yasamal rayon təşkilatı və YAP Yasamal rayon “H.B.Zərdabi pr.88a” (SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Təftiş Komissiyasının üzvü, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, YAP Xətai rayon təşkilatının sədri, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “H.B.Zərdabi pr.88a” (SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilanın sədri İbrahim Allahverdiyev, İnstitutun şöbə müdiri Xıdır İbrahimov və partiya üzvləri iştirak edib.Tədbirin rəsmi hissəsindən öncə SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutunun inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.İştirakçıları salamlayaraq tədbiri giriş nitqi ilə açan SOCAR-ın Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov tədbirin baş tutmasının səbəbinin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gəlməsini bildirib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir və həmin ideyalar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.YAP Təftiş Komissiyasının üzvü, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında qeyd edib ki, Müasir Azərbaycanın otuz ildən artıq müddətdə dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir epoxası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Elə dünya iqtisadi sektorunda ən stabil və yüksək inkişaf indikatorlarına malik ölkə hesab olunan müstəqil Azərbaycanın ötən iki onillikdə əldə etdiyi nailiyyətlər, sıçrayışlı inkişafı, yüksək sosial tərəqqi erası da məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayaraq həyata keçirdiyi iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olub. Onun müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks institusional islahatların reallaşmasına, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Bu mənada, demək olar ki, Ümummilli liderimizin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət proqramı, strategiya, dövlət konsepsiyasıdır.Çıxış edən YAP Yasamal rayon təşkialtının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Ölkə əhalisi arasında aparılan müxtəlif sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir. Çıxışına davam edən B.Nəbiyev qeyd edib ki, Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və bundan doğan regionda yaranan reallıqlardır.YAP Xətai rayon təşkilatının sədri, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidməti olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb. V.Rəhimzadə dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini söyləyən V.Rəhimzadə, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini söyləyib.Sonda çıxış edən İnstitutun şöbə müdiri Xıdır İbrahimov bildirib ki,ulu öndər Heydər Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Ulu öndər Heydər Əliyev yolu mustəqil Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Məhz son 19 ildə bu siyasətin ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.