Aprelin 21-i səhər saat 9:00-da Azərbaycanımızın bütün məscidlərində, ibadət ocaqlarında Bayram namazları qılınacaq, dualar ediləcək
İslam dünyasının ən müqəddəs bayramlarından olan və on bir ayın sultanı kimi dəyərləndirilən Ramazan başa çatır. Aprelin 21-i səhər saat 9:00-da Azərbaycanımızın bütün məscidlərində, ibadət ocaqlarında Bayram namazları qılınacaq, dualar ediləcək. Ramazan ayı haqqında müqəddəs Qurani Kərimdə yer alan ayələrdə geniş və əhatəli təsvirlər verilib: “Ramazan ayı mübarək bir aydır. Allahu təala sizə Ramazan orucunu fərz etdi. O ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin [Qədr gecəsinin] xeyirindən məhrum qalan hər xeyirdən məhrum qalmış sayılar”. [Nəsai]“Ramazan ayında oruc tutmağı fərz bilib, savabını da Allahu təaladan gözləyərək oruc tutanın günahları bağışlanar”. [Buxari]“Ramazan orucunu tutub ölən adam Cənnətə girər”. [Deyləmi]“Ramazan ayı gəlincə "Ey xeyir əhli xeyirə qaç! Şər əhli sən də pisliklərdən əl çək" deyilir”. [Nəsai]“Ramazan bərəkət ayıdır. Allahu təala bu ayda günahları bağışlayar, duaları qəbul edər. Bu ayın haqqını güdün! Ancaq Cəhənnəmə gedəcək olan bu ayda rəhmətdən məhrum qalar”. [Təbərani]“Şərif Ramazan ayı gəldiyi zaman Allahu təala mələklərə möminlərə istigfar etmələrini əmr edər”. [Deyləmi]“Fərz namaz sonrakı namaza qədər; Cümə sonrakı Cüməyə qədər; Ramazan ayı sonrakı Ramazana qədər olan günahlara kəffarə olar”. [Təbərani]“Arxa-arxaya üç gün oruc tuta bilən Ramazan orucunu tutmalıdır”. [Əbu Nuaym]“Ramazan orucu fərz, təravih sünnədir. Bu ayda oruc tutub gecələrini də ibadətlə keçirənin günahları bağışlanar”. [Nəsai]“Bu aya Ramazan deyilməsinin səbəbi günahları yandırıb əritdiyi üçündür”. [i. Mənsur]“Ramazan ayında ailənizin nəfəqəsini bol edin! Bu ayda çəkilən xərclər Allah yolunda çəkilən xərclər kimi savabdır”. [İbni Əbiddünya]“Ramazanın əvvəli rəhmət, ortası bağışlama, sonu isə Cəhənnəmdən qurtuluşdur”. [i. Əbiddünya]“İslam kəlmeyi-şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir”. [Müslim]“Cənnətdəki gözəl köşklər sözü xoş, salamı çox, yemək yedirən, oruca davam edən və gecə namazı qılan kəslərə verilər”. [İbni Nəsr]“Oruc tutan möminin susması təsbih, yuxusu ibadət, duası müstəcəb və əməlinin savabı da çoxdur”. [Deyləmi]“Xüsusilə oruclu ikən çirkin, pis söz söyləməyin! Biri sizə sataşsa, ona "Mən orucluyam" deyin!” [Buxari]“Gerçək oruc yalnız yeyib-içməyi deyil, boş və həyasızca sözləri də tərk edərək tutulan orucdur”. [Hakim]“Allahu təalanın gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalina belə gəlməyən nemət dolu süfrəsinə ancaq oruclular oturar”. [Təbərani]“Allah yolunda bir gün oruc tutanı Allahu təala yetmiş illik məsafə qədər Cəhənnəmdən uzaqlaşdırar”. [Buxari]“Təmizlik imanın yarısı, oruc da səbrin yarısıdır”. [Müslim]“Oruclu ikən ölənə qiyamətə qədər oruc tutmuş kimi savab yazılar”. [Deyləmi]“Oruclu ikən ölən Cənnətə girər”. [Bəzzar]“Oruc tutan, namaz qılan kimsə mükafatını qiyamətdə ağlı qədər alar”. [Xatib]
Allaha yaxın olmaq üçün oruc tutmaq vacib buyurulub
Ramazan orucu Allaha yaxın olmaq məqsədilə tutulduğundan onun niyyəti vacibdir. Çünki Allaha yaxın olmaq üçün istənilən əməlin qiyməti niyyətdir. Bəs niyyət nədir? Niyyət - hər birimizin daxilində, qəlbində görmək istədiyi məqsəddir. Ramazan ayı müsəlmanlar üçün ən müqəddəs aydır və o, on bir ayın sultanı adlandırılmışdır. Uca Allah (c.c) bu ayla bağlı buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolun və (haqqı batildən) ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir." (Bəqərə 185) Quran insanlara nəsihət və rəhbərlik etmək üçün Allah tərəfindən göndərilmiş bir kitabdır. Buna görə də o insanlar üçün həyati önəm daşıyır. Quran oxumaq ibadətdir. Peyğəmbərimiz, (s.ə.s) də Allahın elan etdiyi vəzifə və məsuliyyətimizi dərk edib xatırlamağımız üçün müsəlmanları tez-tez Quran oxumağa təşviq etmişdir. Müsəlmanlar Ramazan ayında əvvəlkindən daha çox Quran oxumağa diqqət yetirirlər. Bunun üçün evlərdə və ya məscidlərdə toplaşaraq hər gün Qurandan iyirmi səhifə oxuyurlar.Ramazan orucu "Qurani-Kərim"in bilavasitə bu ayda nazil olması ilə əlaqəlidir. Müqəddəs kitabımızda adı çəkilən yeganə ay Ramazandır: "İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlillərilə aydınlaşdıran və haqqı batildən ayıran Quran Ramazan ayında nazil edilmişdir" (Əl-Bəqərə, ayə 185). Tez-tez rastlaşdığımız bir suala bir qədər əhatəli yanaşmaq hamı üçün maraqlı olar. Hər il orucluq ayrı-ayrı vaxtlara təsadüf edir. İslam dünyasının vacib, mühüm əməllərindən olan orucluq, həcc, eyni zamanda Fitr və Qurban bayramları, matəm tarixləri müsəlman təqviminə əsasən yerinə yetirilir. Hicri-Qəməri (yəni Ay) adlanan bu təqvim Ayın Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq dəyişir. Bu nisbətdə ayın müxtəlif səthləri olur ki, bunlardan əsası hilal, yəni təzə aydır. Bu xüsusda "Qurani-Kərim" belə buyurur: "(Ya Mühəmməd!) Səndən hilallar (təzə aylar) barəsində soruşurlar. De ki, bunlar insanlar və həcc üçün vaxt ölçüləridir" (Əl-Bəqərə, ayə 189). Ayədən belə nəticə çıxır ki, Allah hilalları təzə ayın başlanğıcı və sonu kimi, vacib ibadətlər olan həcc və orucun vaxtının bilinməsi üçün zaman vahidi buyurub. Buna görə də təzə ayı görəndə oruc tutan insanlar, hilalı yenidən görəndə ibadəti bitirmişlər. İki təzə ay arasındakı zaman 25,5 Günəş təqviminin 1 ayına bərabərdir. Bu hesabla qədim ərəblər bu ölçünü zaman vahidi kimi qəbul etdiklərindən ayların bəzisi 29, bəziləri 30 gün olub. Başlanğıcını buradan alan və 12 aydan ibarət olan Qəməri təqviminə əsasən, il 354 gündən ibarətdir. Tarixin başlanğıcı İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etdiyi zamandan heablandığı üçün Hicri-Qəməri tarixi Məhərrəm ayı ilə başlanıb. İslamda bayram, matəm və ibadətlərin vaxtı bu təqvimlə müəyyən olunur. Günəş təqvimindən 10-11 gün qısa olan Ay təqvimində hər il ibadət və mərasimlərin tarixi 10-11 gün irəli keçir.
Allah təala oruc tutanları əfv edər
Uca Peyğəmbərimiz (s.a.s) "Ramazanın sonuncu günündə Allah təala oruc tutanları əfv edər" söylədikdə səhabələr: "Ey Allahın rəsulu, o gün qədir gecəsidirmi?" deyə soruşdular. Peyğəmbər də "Bilmirsinizmi, iş görənə işi bitdikdə qarşılığı verilir" deyə cavab verdi (Beyhəqi). Bu mükafatları bilən müsəlman necə sevinməyə, bayram etməyə bilər? Bayram günləri sevinmək, nəşələnmək lazımdır. Hz. Əbu Bəkr qızı Aişənin (r) evinə getdikdə iki cariyənin dəf çalıb oynadığını görür. Onlar səhabələrin qəhrəmanlıqlarını mədh edir, şeir söyləyirmişlər. Hz. Əbu Bəkr Rəsulallahın (s) evində belə bir davranışın uyğun olmadığını və onların susmalarını tələb edir. Peyğəmbər də (s) Hz. Əbu Bəkrə "Onlara mane olma! Hər qövmün bir bayramı var, bu da bizim bayramımızdır. Bayram sevinc günləridir" dedi (Buxari). Hz. Əli isə belə deyib:"Bu gün orucu qəbul edilmiş, zəhmətinin mükafatını görmüş və günahları əfv edilmiş olanların bayramıdır".
Ölkəmizdə Ramzan bayramı Milli Məclisin qəbul etdiyi "Azərbaycan Respublikasının bayramları haqqında" qanununa əsasən qeyd edilir. Hər il dövlət səviyyəsində qeyd olunan Ramzan Bayramında ölkəmizin Prezidenti, Yenilməz Sərkərdə İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Bu ildə Prezidentimiz xalqımıza bayram təbriklərini çatdırıb.Təbrikdə deyilir:"Hörmətli həmvətənlər! Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar. İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur. Əziz bacı və qardaşlarım!Cəmiyyətimizdə vəhdəti və həmrəyliyi daha da gücləndirən, xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən on bir ayın sultanı Ramazan ayı başa çatır. Bu mübarək bayram münasibətilə bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.Allah orucunuzu, dua və niyyətlərinizi qəbul etsin.Ramazan bayramınız mübarək olsun!"
Nəhayət, fitrə zəkat kimlərə və nə zaman verilməlidir, sualına gəlincə qeyd etmək lazımdır ki, Ramazan ayının son günündə, axşam azanından sonra fitrə zəkat ayrılır və səhərisi günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırılmalıdır. Müqədəs kitabımız "Qurani- Kərim"də zəkatdan söz açılır. Ümumilikdə 30 ayə fitrə zəkata həsr olunub. Ayələrdən bir neçəsində Allah zəkat verilməsini əmr buyurur. Məsələn, Nur surəsinin 56-cı, Müzzəmmil surəsinin 20-ci, Mücadələ surəsinin 13-cü ayələrini göstərmək olar. Bununla bərabər bir çox digər ayədə də sədəqə və infaq, yəni Allah yolunda malından-pulundan xərcləmə, ehtiyaclılara əl tutma, yardım etmə haqda buyurulur. Sərxoşluq edən, narkotika daşıyıcısı olan, dilənçilik edən insanlara fitrə zəkat verilməz. Fitrə zəkat kimsəsiz, fağır, yoxsul, xəstəlikdən əziyyət çəkən insanlara və ailələrə verilməlidir.Fitrə zəkatı kimi adambaşına 3 kq arpa, buğda, düyü, xurma və ya bu kimi ərzaq məhsulları hesabı ilə çıxarılır.Fitrə zəkatının vacibliyini Məhəmməd peyğəmbər hicri 2-ci ildə, Ramazan ayı bitdikdə oxuduğu xütbə zamanı buyurub. Ramazan Bayramında bütün küsülülərin barışması tövsiyyə olunur, ailələr bir-birinin evlərinə getməli və bayram münasibəti ilə bir-birini təbrik etməlidirlər.
Biz də Müqəddəs Ramazan Bayramı münasibəti ilə xalqımızı təbrik edir, oruc tutub namaz qılanların tutduqları orucun, qıldıqları namazlarının, etdikləri dualarının Allah tərəfindən qəbul edilməsini arzu edirik.
Ramazan Bayramınız Mübarək!
İ.ƏLİYEV