PDF Oxu

Siyasət

  • 5 929

Xalqın milli sərvəti - Ana dilimiz TƏHLİL

Xalqın milli sərvəti - Ana dilimiz TƏHLİL

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edildi

Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında ana dilimizin rolu böyükdür. Dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələlərdə onunla eyni taleyi yaşayıb müasir dövrə gəlib çatan ən böyük mənəvi sərvətlərimizdəndir. Dilimizin keçdiyi çətin dövrlərdən biri də SSRİ dövrü idi. Hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi faktlar gerçəkləşdirmişdi. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin səyi və təşəbbüsü ilə 1978-ci il aprelin 21-də Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi yazılıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra Azərbaycan dilinin istifadəsində və inkişafında yeni mərhələ başladı. Əlbəttə ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən, onu tanıdan ana dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amilldir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir.

Hələ ötən əsrin 70-ci illərində dövlət dilinin qorunması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider Heydər Əliyev bütün ziyalıları, vətəndşlarımızı səfərbər edərək, ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmişdir. 1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşdığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.

2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub.
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olan dili kimliyimizi təsdiq edir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər