PDF Oxu

Siyasət

  • 3 396

Dövlət-din münasibətlərində uğurlu model TƏHLİL

Dövlət-din münasibətlərində uğurlu model TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə əsaslı təmir və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verildi. Beləliklə, davamlı olaraq bu istiqamətdə tədbirlər reallaşdı.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər sayılması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd dinlərin yayılmasının və təbliğinin qadağan olması barədə müddəalar həmin sənəddə əksini tapdı.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirildi. Əlbəttə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə verdiyi töhfələr də əhəmiyyət kəsb edir. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Gəncə İmamzadə kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Xüsusi olaraq vurğulayaq ki, paytaxtımızda Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Heydər Əliyev Fondu tərəfindən "Tolerantlığın ünvanı - Azərbaycan layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq ölkə Konstitusiyasında bütün dini etiqad və təlimlərin qanun qarşısında bərabər olduğu təsbit olunmuşdur. Qanunvericiliyə əsasən ölkədə hər hansı bir dinin digər dindən üstün olması barədə təbliğatın aparılması qadağandır.Dözümlülük, tolerantlıq məkanı olan Azərbaycanda bu istiqamətdə reallaşan layihələr dünya dövlətlərinin diqqətindən kənarda qalmır. Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır.

Görülən işlərin davamı olaraq aprelin 20-də Bakının Nərimanov rayonunda dövlətimizin başçısının təşəbbüsü ilə aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra “Cümə” məscidinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müqəddəs Ramazan bayramı ərəfəsində “Cümə” məscidinin açılışında iştirak etmələri həm də rəmzi məna kəsb edir. Vurgulamaq yerinə düşər ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb. Qəzalı vəziyyətdə olan iki minarə aparılan işlər çərçivəsində sökülərək yenidən tikilib, məscid binasında bərpa-gücləndirmə işləri yerinə yetirilib, dəstəmazxana binası inşa olunub, zəruri infrastruktur yaradılıb.Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Burada yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib, bərpa olunub və ya yenidən qurulub. Bu istiqamətdə görülən işlərə Heydər Əliyev Fondu da sanballı töhfələr verib. Nərimanov rayonundakı “Cümə” məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri də ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir. Göründüyü kimi, multikultural ənənələri, tolerant mühiti, İslam dünyası daxilində həmrəyliyin möhkəmlənməsi istiqamətində atdığı tarixi addımları qlobal miqyasda maraqla qarşılanan Azərbaycanda müxtəlif dinlərin, o cümlədən İslam dinin abidələrinin qorunmasına xüsusi diqqətlə yanaşılır. Son dövrlərdə yeni məscidlərin tikilməsi və ya əsaslı təmiri də bu yanaşmanın təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər