PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndiririk"
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 19-da İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu və Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib və bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb.
Dövlət başçısı əməkdaşlığımızın gündəliyinin genişləndiyini deyərək, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib, bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirib.
SƏFİRLİYİMİZİN AÇILMASI BU MÜNASİBƏTLƏRİN İNKİŞAFINA TÖHFƏ VERƏCƏK
Bəli, Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar.
Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Belə ki, İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Bu gün qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd etmək lazımdır ki, Azərbaycan–İsrail əlaqələri xalqlarımız arasında tarixən mövcud olmuş sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Məmnunluqla qeyd olunmalıdır ki, ötən 30 ildə siyasi, iqtisadi, hərbi-texniki, səhiyyə, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib. Azərbaycanda əsrlərdən bəri mehribanlıq, əmin-amanlıq və harmoniya şəraitində yaşayan yəhudi icması, həm İsraildə, həm də dünyanın digər ölkələrində məskunlaşmış yəhudi əsilli həmvətənlərimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə öz töhfələrini verməkdədirlər.
AZƏRBAYCANIN DİNAMİK İNKİŞAFI AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN PARLAQ SİYASƏTİNİN NƏTİCƏSİDİR
Azərbaycan Prezidenti hər zaman öz hümanistliyi, nəcibliyi, yüksək dünya görüşü və dərin intellekti, parlaq zəkası və güclü Diplomatik bacarığı ilə bütün dünyada özünəməxsus yer tutmuş bir Prezidentdir və bütün dünyada yüksək nüfuza və dərin hörmətə malik, sayılıb seçilən dövlət başçılarındandır. Azərbaycanın Avropa və Qərb ölkəkələri ilə ortaq enerji layihələrinin reallaşması və Azərbaycan iqtisadiyyatının yüksələn xəttlə, sürətlə inkişaf etməsi Prezident İlham Əliyevin zəngin Diplomatiyasının, parlaq daxili və xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyev güclü Diplomat, praqmatik siyasətçi olmaqla bərabər güclü iqtisadçıdır. Bölgənin bütün nəhəng iqtisadi və enerji layihələrinin müəllifi və təşəbbüskarı məhz cənab İlham Əliyevdir. Qafqazda və Türk dünyasında heçbir layihə Azərbaycansız və İlham Əliyevsiz reallaşa və heçbir addım İlham Əliyevsiz atıla bilməz. Cənab İlham Əliyev nəinki öz ölkəsinin və xalqının, hətta bütün bölgənin təhlükəsizliyi və əmin-amanlığı üçün əzmlə çalışmaqda, bölgədə və bütün dünyada sülhə əmin-amanlığa öz töhvəsini verməkdədir. Hazırda Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycan iqtisadiyyatını daha da dayanıqlı edir və sürətli inkişafı təmin etməklə, Azərbaycanın gələcəyi üçün daha da yüksək uğurlar və böyük nailiyyətlər yaradır.
Azərbaycan Prezidentinin parlaq siyasəti hərbi sahədə də öz töhvəsini verib. Azərbaycan ordusunun 44 günlük müharibədə işğalçı Ermənistan üzərində qələbə qazanmasında Prezident İlham Əliyevin ordu quruculuğu siyasəti əhəmiyyət kəsb etdi. Və məhz bunun nəticəsidir ki, 2020-ci ilin 44 günlük ikinci Qarabağ müharibəsində Azərbaycan ordusu Ermənistan ordusu üzərində analoqu olmayan qələbə qazanmışdır.
Hazırda məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda güclü xalq-iqtidar və xalq-dövlət birliyi mövcuddur. Prezident İlham Əliyevə olan ümumxalq sevgisi və rəğbəti bütün Azərbaycan xalqını Azərbaycan dövlətinin və iqtidarının ətrafında sıx birləşdirmişdir. Təkcə Azərbaycan daxilində yox, Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda yaşayan Azərbaycanlıların və həmçinin Arazın Cənubundakı bütün Güney Azərbaycanlıların cəm halda İlham Əliyevə böyük sevgisi vardır. 2020-ci ilin 44 günlük Qarabağ müharibəsində bu, açıq-aşkar göründü. Hazırda dünyanın hər yerində prezident İlham Əliyevə böyük sayqı və ehtiram vardır. Bu, Prezident İlham Əliyevin müdrikliyi, hümanistliyi, yüksək insanpərvərliyi və öz siyasi xəttində ali və insani dəyərləri rəhbər tutmasıdır. Əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq və multikultural siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə və bu ali dəyərlər daha da inkişaf etdirilməkdədir. Azərbaycan daxilində yaşayan bütün etnik xalqlar və müxtəlif dini inanclar bir-biri ilə qardaşlıq və doğmalıq şəraitində yaşayır və günü gündə də qardaşlaşmaqda və doğmalaşmaqdadır. Məhz İlham Əliyevin tolerantlıq və multikultural siyasəti Azərbaycanı dünyada ən nümunəvi ölkələr sırasına yüksəltmişdir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti və parlaq strategiyaları nəticəsində Azərbaycanın daha da güclənməsi və inkişaf etməsi nəticəsindədir.
Azərbaycanın İsraildə Səfirlik açması da Prezident İlham Əliyevin diplomatik addımıdır. Cənab İlham Əliyevin tolerant siyasəti, uğurlu strateji addımları nəticəsində Yəhudi xalqı ilə Azərbaycan xalqının hələ minillərə dayanan dostluğu və qardaşlığı, Azərbaycan və İsrail dövlətinin dostluğu daha da da inkişaf edəcək və daha da möhkəmlənəcəkdir. Və bu gün fars şovinistləri nə istəyirlər, istəsinlər Azərbaycan istənilən dövlətlə əməkdaşlıqda müstəqildir və tərəfdaşlarını özü seçir. İran və Ermənistan da sivil qonşuluq münasibətləri çərçivəsində münasibət qurmağı öyrənsələr, onlarla da dostluq edə bilərik. Təəssüf ki, bu qonşularımız hələ özlərinin sivil dövlətini qura bilmirlər.
Necə ki, bir müddət öncə Kaliforniyada yayımlanan "Jewish Journal"da Qarabağ məsələsi və multikulturalizm mövzusunda məqalələr yazan Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev belə qeyd etmişdi: "Bizi Azərbaycandan ayırmaq mümkün deyil. Dünyanın harasında olsaq da, azərbaycanlıyıq... Biz yəhudilər əsrlər boyu Azərbaycanda yaşamışıq, yaşayırıq, övladlarımız, nəvələrimiz də yaşayacaqlar”...
Bir sözlə, Azərbaycan hər zaman bütün ölkələri, o cümlədən regional dövlətləri dinc əməkdaşlığa çağırır. Və Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri iki ölkənin daha da yaxınlaşmasını hədəfləyən qərarlar verərkən hər iki ölkənin cəmiyyətlərinin istəyinə əsaslanırlar. Çünki xalqlarımızın münasibəti maddi maraqlar üzərində yox, səmimi dostluq və qardaşlıq üzərində qurulub. Yəhudi xalqı tarixən olduğu kimi bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanında olacaq. Hər hansı bir kənar düşmən qüvvə xalqlarımızın bu dostluğunu və qardaşlığını poza bilməz və bu münasibətlər daha da yüksək olacaq. Dövlət başçımızın söylədiyi kimi: "Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndiririk".
RƏFİQƏ KAMALQIZI