PDF Oxu

Siyasət

  • 2 060

Prezident Salyandan mühüm mesajlar verdi ŞƏRH

Prezident Salyandan mühüm mesajlar verdi ŞƏRH

Məlum olduğu kimi, aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər etmişlər. Səfər çərçivəsində Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olmuş, dövlət başçımız “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və “ASAN xidmət” mərkəzinin açılışını etmiş, daha sonra Azərbaycan Televiziyasına müsahibə vermişdir.

Müsahibəsi zamanı Prezident İlham Əliyev hər zaman olduğu kimi ona ünvanlanan suallara açıq və birmənalı cavablar verərək, ölkəmizin konkret mövqeyini ortaya qoydu. Dövlət başçımız Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri ilə bağlı açıqlamalar verdi. Prezident İlham Əliyev bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. “Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub” deyən dövlətimizin başçısı qeyd etdi ki, Biz - bu torpaqların sahibləri isə qurmaq üçün, yaratmaq üçün gəlmişik.

Keçmiş köçkünlərlə bağlı dövlətimizin planlarını şərh edərək Prezident İlham Əliyev bildirdi ki, ilin sonuna qədər nəzərdə tutulduğundan da artıq – 700-dən çox ailənin Laçın şəhərində yerləşəcək.Bununla da dövlət başçısı Azərbaycanın gücünü,qüdrətini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev müsahibə əsnasında sülh danışıqları ilə bağlı məsələyə də aydınlıq gətirdi. Dövlətimizin başçısı ölkəmizin haqlı mövqe sərgilədiyini, Azərbaycan tərəfindən irəli sürülmüş sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq 5 prinsipi ortaya qoyduğunu vurğuladı.

Prezident müsahibə zamanı Qarabağda yaşayan erməni əhalisinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduğunu, lakin separatçıların buna maneə törətdiyini diqqətə çatdırmaqla, bir neçə gün bundan əvvəl Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində nifrət və düşmənçiliyin davamı olaraq dövlət bayrağımızın yandırılmasına da sərt münasibət bildirdi. Cənab prezident bildirdi ki, Ermənistan rəhbərliyinin gözü qarşısında belə rəzil hadisənin baş verməsi və buna reaksiya göstərilməməsi onun sübutudur ki, bu çirkin əməlin müəllifi məhz rəsmi İrəvandır. Prezident qətiyyətlə bildirdi ki, bu gün Azərbaycan bayrağı Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda, yüzlərlə işğaldan azad olunmuş kəndlərimizdə, Zəngəzurda dalğalanır. Azərbaycan lideri həmin yerlərdə onlar bayrağımıza nəinki yaxınlaşa bilmir, hətta uzaqdan baxmağa da cəsarətləri yoxdur bəyanatı ilə düşmən ölkəyə yerini göstərməklə yanaşı, bizə azərbaycanlı olmağın xoşbəxtliyini, qürurunu yaşatdı.

Beləliklə, Prezident cənab İlham Əliyevin cari ilin 18 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi vacib məqamlar xüsusi diqqəti çəkdi və eyni zamanda dövlət başçımız bir çox mühüm mesajlar verdi. Dövlətimizin başçısının verdiyi mesajlar tam mənada ölkəmizin gücünün ifadəsi idi.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər