PDF Oxu

Siyasət

  • 2 216

Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir ŞƏRH

Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir ŞƏRH

İşğalçı Ermənistana qarşı Vətən müharibəsindəki parlaq Zəfərimizdən sonra azad edilən torpaqlarımıza Böyük Qayıdış hazırda xalqımızın və dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifəyə çevrilib. Bir tərəfdən işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə prosesi gedir, digər tərəfdən isə yollar çəkilir, su və elektrik xətləri bərpa edilir, dağıdılan şəhərlərimizin, qəsəbə və kəndlərimizin təməli yenidən qoyulur. Bir sözlə, bu gün Azərbaycan hökuməti Böyük Qayıdışa ciddi şəkildə hazırlıq görür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə də toxunub.

Bu il Azərbaycanın dövlət büdcəsinə daxil olacaq əlavə vəsaitin də əsas hissəsinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcəyini deyən dövlətimizin başçısı bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir: “İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq”.Ölkə Prezidenti qeyd edib ki, Şuşa şəhərində birinci yaşayış kompleksi inşa olunur: “İkinci böyük yaşayış kompleksinin, yəni bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyacağıq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər – 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Daha doğrusu, cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə yeksan edilmişdir. Bax, quruculuq işlərimiz bu istiqamətdə aparılır və bir daha onu göstərir ki, bizim bütün planlarımız, bəyan etdiyimiz bütün məqsədlər həyatda öz əksini tapır və tapacaq”.Azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan həmin əraziləri regionun ən inkişaf etmiş ərazilərindən birinə çevirməyi qarşıya məqsəd kimi qoymuşdur. Qarabağda və Şərqi Zəngəzurda davamlı inkişafın təmin edilməsi isə regionda davamlı sülhün yaranmasına və münaqişələrin yenidən yaranmasının qarşısının alınmasına imkan yaradacaqdır.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər