Cari ilin 18 aprel tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala və Salyan rayonlarına səfər etdilər. Bu səfər bir neçə məqam üzərində xüsusi dayanmağa və onları dəyərləndirməyə imkan verir. İkinci Qarabağ müharibəsindən sonra Prezidentin və Birinci xanımın Azərbaycanın bölgələrinə səfərləri arasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üstünlük təşkil edir. Təbii olaraq hər bir azərbaycanlı üç onillik ərzində Qarabağ həsrəti və Qarabağa qayıtmaq arzusu ilə yaşayıb. Lakin ermənilər işğal dövründə torpaqlarımızda elə vəhşilik edib, elə dağıntılar törədiblər ki, şəhər və kəndlərimizin mütləq əksəriyyətini indi sıfırdan qurulur. Doğma dədə-baba yurdlarının həsrəti ilə ötən 30 il ərzində mənəvi iztirablar içində yaşayan keçmiş məcburi köçkünlərin öz doğma obalarına tez bir zamanda qayıtmaq istəyi isə həm təbii, həm də qürurvericidir.
Erməni revanşist qüvvələr yenə baş qaldırır. Biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını və hərbi potensialımızı göstərdik. Dövlətimiz başçısı İlham Əliyevin Neftçala və Salyan rayonlarına səfər etdiyi gün Ermənistan baş naziri N.Paşinyanın bir neçə bəyanat verdiyini, o cümlədən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bildirib. Bu bəyanat, ilk baxışdan Ermənistan rəhbərliyinin haqq yoluna qayıtdığı təəssüratını yaratsa da, çox təəssüf, növbəti dəfə alayarımçıqlığı və ikibaşlı söz oyunu ilə diqqət çəkdi. Ona görə ki, N. Paşinyan bir tərəfdən bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Qarabağdakı etnik erməni azlığının hüquq və təhlükəsizliyinin qorunması məsələsində Bakı və Xankəndi arasında hansısa beynəlxalq missiyanın iştirak etməli olduğunu dilə gətirir. Bir sözlə, onun birinci bəyanatı ilə ikinci absurd təklifi arasındakı kəskin ziddiyyət var. O, faktiki olaraq, Azərbaycanın öz əraziləri üzərindəki suveren haqlarını yenidən şübhə altına alır, erməni separatçılarının qondarma rejiminə beynəlxalq münasibətlərin subyekti statusunu qazandırmağa uğursuz da olsa, yenə cəhd edir. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi bu fikir Paşinyanın saxta sülhsevər mövqeyin ən tutarlı və ədalətli cavabdır: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə, “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır".
Azərbaycan xalqı, gələcək nəsillər 44 günlük Vətən müharibəsindən sonra şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Şuşa həqiqətən alınmaz qala sayılırdı. Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki, biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi. Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.
Təəssüflər olsun ki, bu gün Vətən müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, dərs olmayıb. Biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Dövlətimizin başçısı: “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar... Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər”. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini qoruyub saxlamaq, milli maraqlarını müdafiə etmək iqtidarında olan müstəqil dövlətdir. İşğalçı ölkə Azərbaycanın gücünə də, qüdrətinə də təbii ki, bələddir. Lakin öz havadarlarına arxayın olub xalqını daha çətin və çıxılmaz vəziyyətə salan, böyük faciələrə düçar edən Ermənistan rəhbərliyi gec və ya tez Azərbaycan reallığını qəbul edəcək. Çünki onun bundan başqa çıxış yolu yoxdur. Əks təqdirdə, erməni xalqı yenə də öz havadarlarının qurbanına çevriləcək.
Cənubi Qafqazda sülhün və dinc birgəyaşayışın alternativi yoxdur və olmamalıdır. Bu gün təhlükəsiz və müharibəsiz Cənubi Qafqaz həm də Orta Dəhliz kimi qlobal layihələri hədəfləyən geosiyasi güclərin marağındadır. Zəngəzur dəhlizi isə bu bağlantının ayrılmaz tərkib hissəsi və mühüm həlqələrindən biridir. Deməli, reinteqrasiya və dərin iqtisadi inteqrasiya prosesləri regionumuzda da qaçılmazdır. Prezident İlham Əliyev müsahibəsində xalqımıza, ilk növbədə, keçmiş məcburi köçkünlərə bu müjdəni də verdi: “Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq”.
Azərbaycan Prezidenti edə bildiyini söyləyən və söylədiyini mütləq edən liderlərdəndir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini