PDF Oxu

Siyasət

  • 2 601

Peşəkarlığın bəhrəsi – şəffaflığın nəticəsidir ŞƏRH

Peşəkarlığın bəhrəsi – şəffaflığın nəticəsidir ŞƏRH

20-ci əsrin sonunda Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verdi. 1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət, müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi və iqtisadi böhrandan çıxmağa imkan vermiş, Azərbaycanda demokratik dövlət və bazar iqtisadiyyatı quruculuğuna yol açmışdır.

1990-cı illərin ortalarından, demokratik dövlət quruculuğu sahəsində başlanmış genişmiqyaslı islahatlar nəticəsində, ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu xeyli yüksəlmişdir və dinamik iqtisadi inkişafın əsası qoyulmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas məqsədlərindən biri kimi müəyyən edilir.

2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanda yeni iqtisadi siyasət strategiyasına start verildi. Dövlət başçısının ölkəyə rəhbərlik etdiyi dövrdə verdiyi ilk sərəncamlar, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərdən bəhs edirdi. Təsadüfi deyil ki, cənab İlham Əliyev prezidentliyinin ilk dövründə “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli sərəncam verdi.

Uzunmüddətli iqtisadi inkişaf strategiyası əlverişli mühitin, o cümlədən yerlərdə davamlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılmasına yönəlib, bu da, sosial təminatın ən yüksək standartlarına cavab verən ekoloji təhlükəsizlik sistemini yaratmağa, təbii ehtiyatlardan səmərəli istifadə etməyə və ətraf mühitin mühafizəsinə imkan verir. Bu strategiyanın həyata keçirilməsində, eləcə də ölkə regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə keçidində regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının böyük əhəmiyyəti vardır (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023).

2004-cü ildən uğurla həyata keçirilən bu proqramlar regionların şəhər, qəsəbə və kəndlərinin simasını kökündən dəyişdirmiş, regionların potensialının artırılması məqsədi ilə, infrastrukturun yaxşılaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, investisiya və biznesin inkişafı, o cümlədən iqlim və əhalinin rifahının yaxşılaşdırılması üçün geniş imkanlar açmışdır. Daha dəqəq desək, regionların sosial-iqtisadi inkişafı, dövlət proqramları sayəsində ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu əsaslı surətdə yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.

Azərbaycanda dövlət idarəçiliyi islahatlarının diqqət mərkəzində vətəndaş yönümlü, dövlət xidmətlərinin göstərilməsi modelləri olduğu üçün, islahatların həyata keçirilməsi zamanı atılan ən uğurlu addımlardan biri Azərbaycan Respublikasının Prezidenti yanında “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılıb. 2013-cü ildən regionlarda “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir.

ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 iyul 2012-ci il tarixli 685 nömrəli Fərmanı əsasında vətəndaşların əlavə xərclərini və vaxt itkisini azaltmaq, etik qaydalara riayət etmək və nəzakətli ünsiyyət qurmaq, peşəkarlıq səviyyəsinin, şəffaflığın, dövlət orqanlarına etimadın daha da artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən istifadənin artırılması, o cümlədən bu sahədə institusional islahatların səmərəliliyinin artırılması məqsədilə yaradılıb.

Cari ilin aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Salyanda “ASAN xidmət” mərkəzinin açılışını edib. Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” mərkəzi əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan, ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Müasir standarlara cavab verən mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.

Hazırda Azərbaycanda 25 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır. Lənkəran və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 640 mindən çox vətəndaşın 61 milyondan çox müraciəti daxil olub.

ASAN xidmət yüksək iş keyfiyyətinə və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə çoxsaylı mükafatlara və beynəlxalq sertifikatlara layiq görülüb. Öncə onu qeyd edək ki, ASAN Xidmət dövlət xidmətinin inkişafına verdiyi töhfəyə görə 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Mükafatına layiq görülüb (United Nations Public Administration Network, 2015). Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatı dövlət xidmətində mükəmməlliyə görə ən nüfuzlu beynəlxalq tanınmadır.

Azərbaycanda səfərdə olan yüksək vəzifəli xarici xadimlər dövlət xidmətlərinin göstərilməsi mexanizminin unikal Azərbaycan modeli ilə şəxsən tanış olmaq üçün “ASAN xidmət” mərkəzlərinə baş çəkmək fürsətindən istifadə ediblər. Bu günədək “ASAN xidmət” mərkəzləri 900-dən çox rəsmi nümayəndə heyətini qəbul edib. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının “Dövlət Qulluğunun İnkişafına Töhfə Mükafatı”nın laureatı kimi “ASAN Xidmət” dövlət xidmətlərinin göstərilməsi sistemlərini “ASAN Xidmət” modeli əsasında müasirləşdirmək istəyən ölkələrin diqqətini cəlb edib. Belə ki, İtaliya, Fransa, Koreya, Türkiyə, Monteneqro, Mərakeş, İndoneziya, Əfqanıstan, Uqanda və s. kimi 15-dən çox dövlətlə, eləcə də bir sıra beynəlxalq təşkilatlarla (ICESCO və UCLG-Africa) anlaşma memorandumları imzalanıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəinki dövlət xidmətlərinin göstərilməsi üçün yeni unikal model təqdim etdi, həm də bu böyük təcrübəni digər ölkələrlə bölüşür. 2019-cu ilin iyun ayında Bakıda keçirilən BMT-nin Dövlət Qulluğu Forumu zamanı dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan, Türkiyə, Mərakeş, Monteneqro, İndoneziya, Əfqanıstan, Uqanda və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri imzalayıblar. ASAN Beynəlxalq Assosiasiyasının məqsədi tərəfdaşlar arasında dövlət xidmətləri sahəsində unikal əməkdaşlığın qurulması, müvafiq sahədə effektiv idarəetmə üçün aktual problemlərin və mühüm məsələlərin müzakirəsi üçün ekspert və mütəxəssislərdən ibarət institusional şəbəkənin yaradılmasıdır.

2004-cü ildən başıayaraq, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər uğurlu nəticələri ilə yadda qalıb. Bölgələrdə tikinti-abadlıq işləri geniş vüsət alıb, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluğunun səviyyəsi yüksəlib. Regionlarda aqrar sahəyə dövlət dəstəyi tədbirləri gücləndirilib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına xüsusi diqqət yetirilir. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına böyük önəm verilmiş, sahibkarlara göstərilən elektron xidmətlərin həcmi genişləndirilmişdir. İnvestisiya layihələrinin maliyyələşdirilməsi güzəştli kreditlər hesabına həyata keçirilir, kiçik sahibkarlığın daha da inkişafı üçün müvafiq tədbirlər həyata keçirilir. Son illər rayonlarda pambıqçılığın, baramaçılığın, fındıqçılığın, tütünçülüyün, çayçılığın, çəltikçiliyin, sitrusçuluğun inkişafı ilə bağlı müşavirələr keçirilib, bir sıra dövlət proqramları qəbul edilib.

Bu dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə 2 milyondan çox yeni iş yeri və 100 mindən çox müəssisə yaradılmış, onlardan 1,5 milyonu daimi olmaqla, işsizlik 5 faiz, yoxsulluq 5,1 faiz azalmışdır. Dövlət proqramları çərçivəsində həyata keçirilən genişmiqyaslı işlər növbəti illərdə regionların inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunur. Sosial infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı işlər regionların mənzərəsini tamamilə dəyişib. Ötən illər ərzində rayonlarda 58 min kilometr yeni qaz xətti, su təchizatının yaxşılaşdırılması üçün rayonlarda 13 min kilometr içməli su xətti çəkilmiş, 470-ə yaxın modul tipli sutəmizləyici qurğu quraşdırılmış, 706 min kilometr uzunluğunda içməli su xətti çəkilmişdir. əhali içməli su ilə təmin olunub. 16 min kilometrdən çox yol təmir edilib, 470 körpü və tunel istifadəyə verilib.Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası, tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Ötən il qeyri-neft sektorunda ÜDM-in 3,5 faiz, qeyri-neft sənayesində isə 14,3 faiz artımında regionlar da mühüm rol oynayıb. 2019-cu ildə regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı çərçivəsində 2020-ci ildə 7,2 milyard manat vəsait ayrılmışdır.Qeyd olunanların deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətinin strateji istiqamətləri-qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı istiqamətində tədbirlərin uğurla həyata keçirilməsi sayəsində, əlverişli biznes və investisiya mühitinin yaradılması, əhalinin maddi rifahının daha da yaxşılaşdırılması - ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər