18 aprel 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva Salyan və Neftçala şəhərlərinə səfər ediblər. Ölkə başçısı və birinci xanım Salyan və Neftçalada Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdilər. Daha sonra Neftçala İdman Olimpiya Kompleksinin binasının açılışında iştirak etdilər. Tikintisi 2013-cü ildən başlayan İdman Olimpiya Kompleksində gimnastika, güləş, ağır atletika, cüdo, fitnes-trenajor, aerobika, taekvondo, karate, sambo, boks və kikboksinq, şahmat, rəqs və digər idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Burada mehmanxana kompleksində restoran və kafe fəaliyyət göstərəcək. Kompleksdə idmançılar və qonaqlar üçün bütün şəraitlər yaradılıb.
Daha sonra ölkəmizin başçısı Nefçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun açılışında iştirak edib. “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tanış oldular. 1954-cü il tarixində istismara verilən nərə balıqartırma zavodunun yeni idarə binası, yeməkxana və “Qonaq evi” binası müasir səviyyədə inşa olunub və ərazidə abadlıq işləri aparılıb. 2022-ci il tarixində isə təsərrüfatda 2 milyon 101 min 468 manat dəyərində 50 min 731 ton balıq və balıq məhsulları istehsal olunub və satılıb. Neftçala rayonu Bankə qəsəbəsi 2 saylı tam orta məktəbin açılışında iştirak edən cənab prezident və xanımına məktəbdə yaradılan şərait barədə məlumat verildi. 1960-cı ildə inşa olunan məktəb binası istifadəyə yararsız vəziyyətə düşdüyünə görə təhsil ocağı üçün yeni bina tikilib.
Salyan rayon Mərkəzi Xəstəxanasının Doğum Evi və Uşaq Poliklinikasının əsalı təmirdən sonra yaradılan şəraiti ilə tanış olan cənab Prezident və birinci vitse-prezidentə xəstəxanada yaradılan vəziyyətlə bağlı məlumat verildi. Xəstəxana Doğum Evi, Uşaq Poliklinikası, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu xəstəliklər korpusu, Patoloji Anatomiya binası və digərlərindən ibarətdir. “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edən dövlətimizin başçısına mərkəz barədə məlumat verildi. Sonra isə Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı. Sayca 25-ci olan ASAN xidmət” mərkəzinin Salyanda açılışı oldu. Salyan, Neftçala, Biləsuvar və Şirvan rayonlarında qeydiyyatda olan vətəndaşlar üçün ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.
Salyan şəhərində Azərbaycan Televiziyasına cənab Prezident İlham Əliyev müsahibə verdi. Bölgələrimizə səfər edən cənab Prezident İlham Əliyev rayonların ümumi inkişafı həm sosial xarakter daşıyır, həm də ölkəmizi gücləndirir. Müsahibə zamanı ölkə başçısı söylədi: “2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir”. 29 yanvar 2019-cu il tarixində cənab prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Fərmanını imzalamışdır. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. 2004-cü il tarixindən etibarən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına ölkə əhalisinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırılmış, əhalinin rifah halı yüksəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasəti dərin elmi-nəzəri əsaslara, praktik reallığa əsaslanmaqla, ölkənin bütün sahələrdə davamlı inkişafına xidmət edir.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini