Artıq 10 ildən artıqdır ki, ölkədə “ASAN xidmət” fəaliyyətə başlamışdır. Bu müddət ərzində vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Fəaliyyətini vətəndaşların vaxtlarına qənaət etməklə rahat və nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsi prinsipi əsasında quran “ASAN xidmət” mərkəzləri dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
“ASAN xidmət” vətəndaşlara dövlət və özəl xidmətləri vahid məkandan göstərilməsini təmin edən nadir bir modeldir və e-hökumətin əhəmiyyətli tərkib hissələrindən biridir. Xidmətlərin göstərilməsinə görə rüsumlar banklar vasitəsilə ödənilir ki, bu da “ASAN xidmət”in əsas prinsiplərindən olan şəffaflığın təminində önəmli pay sahibidir. Mərkəzlərdə həyata keçirilən bütün əməliyyatlar və tranzaksiyalar videomüşahidə kameralarının vasitəsilə qeydiyyata alınır. Beləliklə, bürokratik maneələr və korrupsiya halları tam aradan qaldırılır. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir”.Bu günə qədər ölkə ərazisində 24 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərirdi, Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” Mərkəzi də artıq bu sıraya qatıldı. Gələcəkdə bu mərkəzlərin sayının daha da artırılacağı gözlənilir. Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Qeyd edək ki, son illərdə Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi vurğulanmalıdır. "ASAN xidmət" mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir.“ASAN xidmət”in qazandığı uğurlar qısa müddət ərzində dünyanın müxtəlif ölkələrində maraqla qarşılandı. Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində artıq bir çox ölkə və beynəlxalq təşkilatlarla müqavilə imzalayıb. Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub.Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi vətəndaşların məişət sahəsində qarşılaşdıqları məsələlərin həlli, ölkəmizdə turizm sektorunun, kiçik sahibkarlığın, gənclərin inkişafı və digər istiqamətlərdə də uğurlu fəaliyyəti ilə diqqəti cəlb edir.Könüllülər də “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə artıq onminlərlə könüllü gənc qoşulub. Əsas missiya könüllülərin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Həmçinin gənclərin müxtəlif təlimlərdə iştirakı, təcrübə qazanmaları, layihələr həyata keçirmələri üçün də geniş imkanlar yaradılır. “ASAN Könüllüləri” Təşkilatı gənclərin hərtərəfli inkişafı üçün “ASAN akademiya”, “Könüllülər yurdu Azərbaycan”, “Mədəniyyət carçısı”, “Könüllülər parlamenti”, “ASAN məktub”, “Əsgərə məktub” kimi böyük layihə və proqramlar həyata keçirməkdə davam edir. “ASAN xidmət” könüllülük fəaliyyəti gənclərin məsuliyyətli vətəndaş kimi formalaşdırılmasını prioritet hesab edir.
Artıq dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” modeli müxtəlif mükafatlar qazanıb. “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Keyfiyyətli İdarəetmə Sisteminin Dövlət Agentliyinin işində tətbiqi “ASAN xidmət” mərkəzlərində baş verən hər bir prosesin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsinin göstəricisidir. Hər bir prosesin başlanğıcı və sonu arasındakı fəaliyyət tam aydındır və tətbiq olunan şəffaf mexanizmə uyğundur. Bu gün “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaradıb, həmçinin yeni ideyalar, innovasiyalar tətbiq etməklə vətəndaşlarımıza ən keyfiyyətli xidmətlər təklif edir. Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz olan “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir.
Zahid Cəfərov
YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə
ərazi partiya təşkilatının sədri